Türkiyənin müdafiə sənayesindəki nailiyyətləri açıqlandı

Türkiyənin müdafiə sənayesindəki nailiyyətləri açıqlandı
  25 İyul 2023    Oxunub:1235
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı bildirib ki, embarqolara baxmayaraq, Türkiyə hökuməti müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verir.
Türkiyə Prezidenti İstanbulda keçirilən 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə videomüraciətində deyib:

“Türkiyə qarşıya çıxan bir çox maneələrə, gizli və açıq embarqolara baxmayaraq, müdafiə sənayesini inkişaf etdirməyə böyük əhəmiyyət verir. Türkiyənin müdafiə sənayesi sektoru son illərdə bütün dünya tərəfindən heyranlıqla izlənilən bir uğur hekayəsi yazır. Sənayemiz zirehli texnikası, artilleriyası, raketləri, hava hücumundan müdafiə sistemləri, münaqişə zonalarında sınaqdan keçirilən hər cür silah və radar sistemləri ilə öz potensialını bir daha nümayiş etdirdi”.

Türkiyə Prezidenti öz ölkəsinin pilotsuz təyyarə texnologiyası sahəsindəki imkanlarını yüksək qiymətləndirib, onun bu sahədə dünyanın ilk üç ölkəsi arasında olduğunu deyib. O əlavə edib ki, öz döyüş gəmisini istehsal edən 10 ölkədən biri olan Türkiyə bu sahədə də mühüm ixracatçıdır.

Türkiyənin müdafiə sənayesində iz qoyacaq 850 fərqli layihəni "həssaslıqla” həyata keçirdiyini söyləyən R.T.Ərdoğan bildirib: "Keçən il 4,4 milyard dollarlıq ixracat rəqəminə çatdıq. Bu ilin ilk altı ayında 2,3 milyard dollarlıq rekord ixrac səviyyəsinə nail olduq. 2023-cü ildə hədəfimiz 6 milyard dollardır". O əlavə edib ki, Ankara təkcə məhsul satmaq üçün deyil, həm də uzunmüddətli tərəfdaşlıqlar qurmaq və birgə layihələr hazırlamaq istəyir.

“Müdafiə sənayesindəki bilik və təcrübəmizi dostlarımızın faydalanması üçün təqdim etməkdən məmnunuq”, - deyə R.T. Ərdoğan sonda bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti