1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi Frank ailəsini ölkəni tərk edib Hollandiyaya köçməyə vadar edir. Köçün ilk aylarında holland dilini öyrənməkdə çətinlik çəksə də, sonradan Anna bunun da öhdəsindən gəlir və çalışqanlığı, ünsiyyət bacarığı ilə orada özünə hörmət qazanır.
Atasının da işləri yoluna düşür və iki şirkət açaraq, ailəsinin bütün ehtiyaclarını ödəməyə başlayır. Lakin xoş günlər Hollandiyanın Almaniya tərəfindən işğal olunmasına qədər davam edir. Bundan sonrakı həyat "yəhudi ovu”dan gizlənməklə keçir. Ailənin başçısı Otto Frank anlayır ki, bu irqçi hədəfdən yayınmaq mümkün deyil və dərhal ölkəni tərk etməlidirlər.
Nasistlərin bütün Avropanı qanlı pəncələrinə keçirmə ehtimalını nəzərə alan Otto dəfələrlə ABŞ səfirliyinə viza üçün müraciət etsə də, təəssüf ki, buna nail ola bilmir.
1942-ci ildə axşam saatlarında çölə çıxmaq qadağan olunsa da, Anna sinif yoldaşları ilə məktəbdə gizli ad günü keçirir. Ona verilən hədiyyələrin içində qıfıllı bir gündəlik də yer alır. Duyğularını mətnə çevirməyi sevən balaca yazıçı bu hədiyyəyə çox sevinir... Ancaq çox keçmədən gestaponun qan qoxuyan nəfəsi onları bircə addımlıq məsafədə yaxalayır. Belə ki, Anadan 3 yaş böyük olan bacısı Margot 1942-ci ilin 5 iyulunda alman düşərgəsinə çağrılır. Heç bir çıxış yolu qalmayan Otto sonu görünməyən müharibə bitənə qədər ailəsi ilə birgə gizlənmək qərarına gəlir.
Yalandan məktub yazaraq, ailəsi ilə birgə İsveçrəyə qaçdığını qeyd edir. Əslində isə Ottonun Amsterdamdakı ofisinin damında yerləşən kitabxananın arxasındakı çox kiçik bir otaqda yaşamağa başlayırlar. Onların yerini yalnız evlərində işləyən 4 nəfər bilirdi. Mip Qis adlı qadın ailənin katibəsi idi və onları bacardığı qədər xarici aləmdən xəbərdar edirdi.
1942-ci ilin yayından 1944-cü ilin sentyabr ayına qədər nasistlər yüz mindən artıq yəhudini ölüm düşərgəsinə yığa bilmişdi. Vəziyyət get-gedə ağırlaşırdı. Çox keçmədən Ottonun şəriki də 4 nəfərlik ailəsi ilə onların çox kiçik sığınacağına pənah gətirdi. Beləlikə, olduqca dar bir otaqda 8 nəfər hər an aşkarlanıb ölüm düşərgələrinə göndərilmək qorsuxu ilə yaşamağa başlayır. Həmin ilin noyabr ayında isə Ottonun diş həkimi də ailəsi ilə onlara qoşulur. Sığınacağın yerini bilən 3 xidmətçi və katibə bu ailələrə gizli-gizli qəzet və qida daşıyırdı. Üstəlik, ofis də fəaliyyətini davam etdirirdi. Alt mərtəbədə işləyənlərin səs eşitməməsi üçün 3 ailə gündüzlər hərəkət etməməyə məcbur idilər.
Bütün bu proseslər boyunca Anna gündəliyini yazmağa davam edirdi. Təxəyyülündə yaratdığı dostu Kittiyə çəkdiyi məşəqqətlərdən, yalnızlığından, insanların mərhəmətsizliyindən bəhs edirdi. Annanın yazıları yeniyetmənin şikayətləri deyildi, onun qeydləri yetkin bir insanın keçirdiyi hislərin ifadəsi halına gəlmişdi.
“Nə istədiyimi bilmirəm, bir məqsədim, bir fikrim, bir dinim və bir sevgim var. Özüm olmağıma icazə ver, ancaq ondan sonra məmnun ola bilərəm. Bir qadın olduğumu bilirəm. Səmimi, güclü və çox cəsur qadınam. Hər kəsin içində bir parça ümid var. Ən yaxşısı da budur ki, nə qədər möhtəşəm ola biləcəyini bilə bilmərsən. Nə qədər sevə bilərsən? Nələri bacara bilərsən? Potensialın nədir? Baş verənləri kompensasiya etmək olmaz, amma yenidən baş verməsinin qarşısını almaq olar. Mən hələ də səfaləti deyil, az da olsa qalan gözəlliyi düşünürəm", - qız gündəliyində yazırdı.
300 səhifəlik gündəliyində balaca yazıçı onlarla eyni yeri və eyni taleni bölüşən ailələrdən, həyatını riskə atıb qida daşıyan işçilərlə yaşadığı acılı-şirinli xatirələrdən də bəhs edirdi. Bu balaca sığınacaqda kiçik bir ümidə təhkim edilmiş 3 ailənin üzvü çox sürətlə yaşlanır, uşaqlar isə sürətlə “böyüyürdülər”.
1944-cü ilin aprelində 15 yaşlı Anna artıq peşə seçmişdi- jurnalist olmaq istəyirdi.
“Cahil olmamaq, yaxşı bir həyata çatmaq və jurnalist olmaq üçün dərslərimi yaxşı oxumalı olduğumu anladım. Bəli, istədiyim budur. Əgər kitab, yaxud məqalə yazacaq qədər qabiliyyətim yoxdursa, eybi yoxdur, özüm üçün yazmağa davam edərəm. Yazanda bütün narahatlıqlarımdan qurtuluram, kədərlərim yox olur və ruhum yenidən canlanır".
Anna ən son yazısını 1944-cü ilin avqust ayının 1-də yazdı. O gündən sonra gündəlik də onun gənc ömrü kimi bağlandı. İllər sonra açılanda isə ailədən yalnız atası Otto həyatda idi...
Gestaponun “həssas burnu" 1944-cü ilin avqust ayının 4-də səhər saatlarında bu sığınacaqda yəhudi qanının qoxusunu aldı. Səliqəli geyimli nasistlər sığınacaqdakıları və onlara kömək edənləri həbs etdilər. Sentyabrın 3-də kişilər şimaldakı həbs düşərgəsinə, qadınlar isə Auşvitz-ə göndərildi. Anna və bacısı burada təsadüfən qaz kamerasına göndərilməkdən xilas oldular. Lakin az sonra şimalda yerləşən Bergen-Belzen həbs düşərgəsinə göndərildilər.
Anna burada parta yoldaşı ilə rastlaşır. Düşərgədən xilas olan parta yoldaşı illər sonra onun haqqında “O vəziyyətdə bir-birimizi necə tanıdıq? Hələ də mənə müəmmalı gəlir. Anna tükənmiş vəziyyətdə idi. Bütün paltarlarını bit basdığı üçün sadəcə ədyala bürünmüşdü. Mənim tanıdığım Annadan geriyə heç nə qalmamışdı”, -deyə bəhs edir.
Üç gün davam edən qatar səfəri daha məşəqqətli idi. İçəridə çox az miqdarda su və qida var idi və insanlar üst-üstə yığılmışdı. Qatar heç bir səbəbə görə saxlanılmırdı və insanların vaqonları tərk etməsi qadağan idi.
Gətirildikləri düşərgədə çox pis qidalanma və antisanitariya mühiti epidemiyanın sürətlə yayılmasına səbəb olurdu. Öncə bacısı Margotun vücudu bu xəstəliyə məğlub oldu, 3 gün sonra isə Anna Frankın zehniyyəti qaranlığa qərq oldu. Ölüm onu doğulduğu, sonra qaçmağa məcbur olduğu ölkədə yaxaladı.
Anna 15 illik məşəqqətli ömrünün 25 ayını havasız dar bir otaqda, yarısını mühacirətdə, digər yarısını müharicətdən fərqlənməyən öz ölkəsində ağır şərtlər altında və son aylarını isə cəhənnəmlə müqayisə edə biləcəyimiz ölüm düşərgəsində keçirdi. Taleyin amansızlığına bax, gənc yazıçının vəfatından 1-2 həftə sonra düşərgə əsirləri ilə birgə azad oldu...Anası Edit Frank isə acından həyatını itirmişdi. Atası isə sovet əsgərlərinin onun da olduğu düşərgəni aşkar etməsi sayəsində sağ qalmışdı.
Otto özündə güc taparaq Amsterdama gəlir və orada həbsdən yeni azad olunan katibəsi Mep Qislə qarşılaşır. Mep Frank ailəsinin yeganə həyatda qalan üzvü Ottoya 5 dəftər və Annanın 300 səhifəlik gündəliyini verir.
Otto qızından, ailəsindən və müharibədən öncəki firavan həyatından yeganə yadigar olan gündəliyi kitab kimi çap etdirmək istəyir. Lakin əksər nəşr evləri yazıların hədsiz bədbin olduğunu bəhanə edərək, onu çap etməkdən boyun qaçırır.
Nəhayət, 1952-ci ildə bu xatirələr “Gənc qızın gündəliyi” adı ilə ABŞ-ın nəşriyyat evlərindən birinin dəstəyi ilə işıq üzü görür. Kitab dünyada 10 milyondan çox nüsxə satılıb və 70 dilə tərcümə olunub. Anna bu gündəliyi ilə insan ruhunun, mənəviyyatının, səsinin əsla boğula bilməməsini bütün dünyaya sübut etdi.
Günümüzdə onun ailəsi ilə birgə yaşadığı və gizləndiyi ev müzeyə çevrilib. Amsterdamın məşhur rəssamı Vinsent Van Qoqdan sonra ən çox ziyarət edilən müzeydir.

Ləman Bağdad
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


