“Allah məni yarı öldür, yarı saxla...” -75 illik ömür

“Allah məni yarı öldür, yarı saxla...” -75 illik ömür
  05 İyun 2014    Oxunub:3493
"Məzarıma nə başdaşı qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun"
Uzun müddətdir ağır xəstəliklə mübarizə aparan xalq şairi Vaqif Səmədoğlunun 75 yaşı tamam olur.

“Nə barım var, nə barxanam, ömür yükü bağlamağa Allah məni yarı öldür, yarı saxla ağlamağa”

Səməd Vurğun ailəsinin sonuncu mogikanı... Vurğun ailəsinin sonbeşiyi... Yaradıcılığına vurğun olduğumuz şəxsiyyət. Ona zəmanəsinin Səməd Vurğunu da deyə bilərik. Yox, etirazınızı başa düşürəm, Səməd Vurğun Vaqif Səmədoğlu qədər qəliz yazmayıb, o heca vəzninin, bu sərbəst şerin ustasıdır. Səməd Vurğun şerlərində yaşamaq eşqi güclü olub, Vaqif Səmədoğlu məsələlərə daha real yanaşıb, o ölüm adlı gerçəyi bizə unutmağa qoymayıb.

Mən o mənada deyirəm ki, onların hər ikisi öz zəmanəsinin şairi, söz nəhəngi olub. Deyirlər ki, insan qocaldıqca mütləq valideynlərindən birinə oxşayır. Vaqif Səmədoğlu da atasının təkcə istedadına, zahiri oxşarlığına, danışıq tərzinə şərik çıxmayıb. Hətta onun xəstəlik diaqnozunu da bölüşüb. 1956-cı ildə 50 illik yubileyində də Səməd Vurğun ağır xərçəng xəstəliyindən əziyyət çəkirdi və hətta yubiley tədbirinə də qatıla bilməmiş, mərasimi yatağında radiodan dinləmişdi. İndi 75 illik yubileyi ərəfəsində Vaqif Səmədoğlu da eyni xəstəliklə mübarizədədir. Bəlkə də ağrılarla mübarizədə deməliyəm. Çünki xəstəliklə mübarizə, ölümlə mübarizə deməkdir ki, Vaqif Səmədoğlu buna getməz. Ölüm həmişə onun bir addımlığında olub, daha doğrusu o ölümü yaddan çıxarmayıb. "Ölüm bir gün də tək qoymur məni, qoymur onsuz sevib-sevilməyə, xəyallarda özümü-özümə basdırır". Bu şeri 1982-ci ildə yazıb. Cəmi 43 yaşında. 20 il sonra da yenə ölümdən yazdı. Məzarıma nə başdaşı qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin. Bu gün o biri dünyanın astanasında da hökmən onun işi ölümlə olmalıdır.

Mirşahinlə söhbətinə qulaq asanda məndə belə bir təəssürat yarandı ki, o, bu saat, bu dəqiqə şairdən də, Vaqif Səmədoğludan da çox səmimi dindar olmaq istəyərdi. Hansı ki, o dindar fanatik cənnət və cəhənnəmə, qıl körpüsünə inanır .

Allah səsinizi eşitsin şair. Amma Allah sizdən də qabaq bizim səsimizi eşidib, sizə yaşamaq fürsəti versin. Məncə bunu hamıdan çox özünüz istəyirsiz. Amma unutmayın, bunu sizin qədər istəyən biz də varıq. İnşallah, 85 yaşınızda sizə ilk sualımız "Şair nə tez qocaldın sən?" olar. (Ans)





Teqlər:  





Xəbər lenti