Afrikada güc müharibələri: "Vaqner" qitəni zəbt edib

      Afrikada güc müharibələri:    "Vaqner" qitəni zəbt edib
  04 Avqust 2023    Oxunub:1091
Rusiya ilə Qərb dünyası arasında Afrikada dominantlıq uğrunda qarşıdurma Nigerdəki dövlət çevrilişi ilə daha da şiddətlənib. Rusiyanın muzdlu şirkəti “Vaqner” isə qitədə baş verən bir çox hadisələrin arxasından çıxır.
"Vaqner" ticarət müqavilələri baölamaqla yanaşı, strateji mədənləri və dövlət başçılarını qoruyur.

2020-ci ildən bəri Afrikanın qərbindən şərqinə qədər uzanan Sahel bölgəsindəki Mali, Niger, Çad və Sudanda çevrilişlər baş verib. Çevrilişin baş verdiyi ölkələr tədricən Fransa və Avropadan uzaqlaşarkən, Burkina Faso da son vaxtlar “Qərbə qəzəbli”lər siyahısına qoşulub. 2020-ci ildən Afrikada yaşanan gərginlik həm də qitə boyu Qərblə Rusiya arasında yeni güc savaşının başlayıb-başlamaması sualını gündəmə gətirir.

"VAQNER" çevrilişin tərəfdarıdır

Rusiyanın muzdlu şirkəti olan “Vaqner” bu məqamda xüsusi diqqət çəkir. Rusiyada prezident Vladimir Putinə qarşı üsyana cəhd edən şirkətin rəhbəri Yevgeni Priqojin Nigerdəki çevrilişi dəfələrlə tərifləyib. Vladimir Putinlə Afrika-Rusiya sammitinə qatılan adlar arasında Priqojin də var idi. Vaqnerin bölgədəki daxili qarşıdurmalarda vuruşması və çevriliş cəhdlərində tərəf tutması daha əvvəl ABŞ Müdafiə Nazirliyinin hesabatlarında öz əksini tapmışdı.



"Vaqner" 2017-ci ildən Afrikada fəaliyyət göstərir. Şirkətin qitədəki beynəlxalq hesabatlarında əksini tapan ilk hərəkəti həmin il keçirilən ümumi seçkilərdə Madaqaskar prezidentinin müdafiəsini öz üzərinə götürməsi oldu. Daha sonra 2019-cu ildə "Vaqner" Mozambik hökuməti tərəfindən ölkənin müdafiə qüvvələrinə dəstək vermək məqsədilə dəvət edilib. Beləliklə, 200 "Vaqner" əsgəri terrorla mübarizə və üsyanla mübarizə təlimləri keçirmək üçün ölkəyə gedib.

2017-ci ildə Sudan hökuməti tərəfindən icarəyə götürülən "Vaqner" əsgərləri ölkənin Cənubi Sudanla mübarizəsi zamanı qızıl, uran və zinət əşyaları mədənlərini qoruyub. Bu gün hərbi şirkət hələ də Sudan ordusunun zabitlərini öyrətməklə yanaşı, ölkənin mədən və enerji sektorlarında ən böyük təhlükəsizlik firması kimi fəaliyyət göstərir. Məlumdur ki, "Vaqner" şirkəti 2021-ci ildə Sudanda baş verən çevrilişdən sonra ölkədə xeyli güclənib və bir çox gəlirli mədən müqavilələri də bağlayıb. "Vaqner"in ölkənin şərqindəki Qırmızı dəniz bölgəsində Rusiya adından hərbi dəniz bazası qurmaq cəhdləri davam edir.



"Vaqner"in 2018-ci ildən Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərməsi də hesabatlarda əksini tapan məlumatlar arasındadır. "Vaqner"in bu ölkəyə girişi digərləri kimi, prezidentin və ölkədəki strateji mədənlərin müdafiəsi ilə bağlı razılaşma ilə olub. Pentaqonun məlumatına görə, 2018-ci ildə ölkədə şirkətin 1400-dən çox muzdlusu olub. 2021-ci ildə ölkədə daxili qarışıqlıqlar artdığından Rusiya bölgəyə daha çox “Vaqner” əsgəri göndərib.

2022-ci ildə “The Daily Beast”ə danışan müxalif qrupların nümayəndələri "Vaqner"in ölkənin Bezere kəndində hamilə qadınlar da daxil olmaqla bir çox insanı vəhşicəsinə qətlə yetirdiyini və bunun bütün dünyada böyük əks-səda doğurduğunu söyləyib. “New York Times” qəzetinin apardığı araşdırmada "Vaqner"in ölkədəki bir çox yaşayış məntəqəsində hərbi cinayətlər törətdiyi iddia edilib. Eyni zamanda Avropa Birliyinin hesabatları (EIC Reports) Fransada "All Eyes on Wagner" və İngiltərədə isə "Dossier Center"in nəşr etdiyi hesabatlarda "Vaqner"in ölkədəki mədən sektorunda böyük çəkisi var. Hesabatlarda ümumi ifadə budur: "Vaqner"in işi yerləşdiyi Afrika ölkələrində mövcud hökumətləri qorumaq və öz kommersiya gəlirlərini artırmaq məqsədi daşıyır.

"Vaqner"in 2018-ci ildən bəri Liviyada 3 hərbi bazası var. Haftar qüvvələrinə dəstək verən hərbi şirkətin ölkədəki tərkibində 1400-dən çox muzdlu var. "Vaqner"in 2021-ci ildə ilk müqavilələrini imzaladığı Malidə Rusiyaya verilən dəstəyin artması diqqət çəkir. Fransa, Böyük Britaniya və Avropa Birliyi Mali hökumətini razılaşmanı qəbul etməmək üçün dəfələrlə xəbərdar edib. Lakin "Vaqner"in 2020-ci ildən bəri dəniz nəqliyyatı ilə Malini Rusiya istehsalı ağır silahlar və döyüş helikopterləri təmin etdiyi iddia edilir. Mali hökuməti həmçinin "Vaqner" qoşunlarına ölkədəki bir neçə münaqişə zonasında bazalar qurmağa icazə verib. "Human Rights Watch" təşkilatının hesabatına görə, 27-31 mart 2022-ci il tarixləri arasında "Vaqner" ölkənin Mopti bölgəsində keçirdiyi əməliyyatlarda 300-dən çox mülki vətəndaşı sorğu-sualsız edam edib.

İngiltərənin “The Economist” jurnalının araşdırmasına görə, "Vaqner"in Afrika, Kamerun, Konqo, Ekvatorial Qvineya, Cənubi Afrika Respublikası, Zimbabve və Keniyada da siyasi və ticarət müqavilələri imzaladığı bildirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti