Azərbaycan antiterror əməliyyatına başlasa... – Rusiyadan baxış (Müsahibə)

   Azərbaycan antiterror əməliyyatına başlasa...    – Rusiyadan baxış (Müsahibə)
  17 Sentyabr 2023    Oxunub:8601
Rusiya xarici işlər nazirinin keçmiş müavini, Rusiya Federasiyasının Koreya Respublikasındakı keçmiş səfiri Georgi Kunadze Azərbaycan-Ermənistan-Rusiya üçbucağında yaşanan gərginliklə bağlı AzVision.az-ın suallarını cavablandırıb.
- Ermənistan Azərbaycanla sərhədə xeyli miqdarda silah və hərbi texnika gətirir. Sizcə, İrəvan genişmiqyaslı müharibəyə hazırlaşırmı?
- Ümid edirəm ki, söhbət daha çox genişmiqyaslı hərbi nümayişdən gedir.

- Qarabağ bölgəsindəki ermənilər Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin xəttilə göndərilən ərzağı qəbul etməkdən boyun qaçırırlar. Bunu necə şərh edərdiniz?
- Qarabağın erməni əhalisinə Azərbaycandan humanitar yardımın göstərilməsinin şərtləri mənə məlum deyil. Bəlkə də imtinanın səbəbini burada axtarmaq lazımdır. Baxmayaraq ki, fikrimcə, hər halda ondan imtina etmək qəribə görünür.

- İrəvan niyə Qərbə üz tutaraq, Moskvanı şantaj edir? Hətta ABŞ ilə birgə hərbi təlimlər keçirdi...
- Mən buna “şantaj” deməzdim. Ermənistan çıxılmaz vəziyyətə düşüb. Ukraynadakı “xüsusi hərbi əməliyyatda” ilişib qalan Rusiyanın obyektiv olaraq Ermənistana yardım göstərmək imkanları məhdudlaşıb. Üstəlik, o, Azərbaycan və Türkiyə ilə münasibətlərini daha da mürəkkəbləşdirmək istəmir. Bunları nəzərə alsaq, Ermənistanın müəyyən hərəkətləri, sizin dediyiniz kimi, “Qərbə üz tutmaq” cəhdi, təbii ki, başadüşüləndir.

- Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı qeyri-dost addımlarda ittiham edib. Söhbət Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsini ratifikasiya etməsindən, Anna Akopyanın Ukraynaya humanitar yardım aparmaq üçün Kiyevə getməsindən, eləcə də ABŞ-ın Ermənistan ərazisində onunla birgə hərbi təlimlər keçirməsindən gedir. Rusiya strateji müttəfiqinə hansı mesajı çatdırmağa çalışır?
- Rusiya digər ölkələrin Ukrayna ilə bağlı atdığı istənilən addıma son dərəcə əsəbi və ağrılı reaksiya verir. Aydındır ki, cənab Putin heç bir halda İrəvana getməyə hazırlaşmır, amma ora getmək imkanından məhrum edilməsinin özü, təbii ki, Moskvada heç kimi məmnun etmir. Eləcə də Ermənistanın Ukraynaya humanitar yardım göndərməsi.

- Sizcə, Rusiya Ermənistanın anti-Rusiya hərəkətlərinə necə cavab verəcək?
- Geniş mənada düşünürəm ki, heç bir reaksiya verməyəcək. Rusiyanın hazırda buna vaxtı yoxdur. Taktiki cəhətdən özünü xüsusi bir şey baş verməmiş kimi aparması düzgün olardı. Hərçənd, rus təbliğatçılarının isterikası olmadan da keçinə bilmərik.

- Azərbaycan qeyri-qanuni erməni silahlı birləşmələrinin qalıqlarını məhv etmək məqsədilə Qarabağda antiterror əməliyyatına başlasa, Rusiyanın reaksiyası necə olacaq?
- Əvvəlcə aydınlaşdırmalıyıq ki, Azərbaycan kiminlə vuruşmaq fikrindədir - sərhədində cəmləşmiş Ermənistan ordusu ilə, yoxsa Qarabağın erməni silahlı qüvvələri ilə. Səhv etmirəmsə, indiki gərginlik Azərbaycanın Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizini faktiki olaraq bağlamaq niyyətindən irəli gəlir.

Samir Vəliyev
AzVision.az


Teqlər: Qarabağ   Rusiya  





Xəbər lenti