ABŞ –ın siyasəti dünyada və Cənubi Qafqazda sülhə deyil, gərginliyə xidmət edir
ABŞ Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasında maraqlı deyil. Vaşinqtonda keçirilən son görüşdə Ağdam - Xankəndi yolunun açılması barədə razılıq əldə olunsa da yolun açılmasına mane olan, Ermənistan rəhbərliyinə və Qarabağdakı separatçılara müqavimət göstərilməsi və razılaşmanı pozması ilə bağlı tapşırıq verən ölkə də elə ABŞ – ın özüdür.
ABŞ onun sözü ilə oturub - durmayanları hədəfə alır, separtçıları və terroru dəstəkləyir. Ermənistan - ABŞ hərbi təlimlərinin keçirilməsi də yalnız bölgədə gərginliyin yüksəldilməsinə xidmət edir. Faktiki olaraq ABŞ Fransa ilə birlikdə Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına imkan vermir, sülh müqaviləsinin bağlanmasına və sülh prosesinə mane olur.
ABŞ-ın riyakar siyasəti ilk növbədə Ermənistana və onun xalqına ziyan vuracaq. Aparılan siyasət bölgədə tarixən marağı olan Rusiyanın qıcıqlanmasına, gərginliyə, Ermənistanın poliqona çevrilməsinə gətirib çıxaracaq. Bir növ Ukraynada baş verən hadisələr Ermənistanda da təkrar oluna bilər. Ermənistan da Ukraynadan sonra ABŞ-ın növbəti qurbanına çevrləcək. ABŞ- ı geosiyasi maraqlarını təmin etməkdən və yeni pullar qazanmaqdan başqa heç nə düşündürmür. Bu “xoşbəxtlik” isə digər xalqların bədbəxtçiliyi üzərində qazanılır. Bu gün Ukrayna xalqının gözüyaşlı qalmasının, Ukrayna şəhərlərinin xarabalığa çevrilməsinin əsas səbəbi də ABŞ- ın “xoşbəxtlik” uğrunda apardığı siyasətdir. 2008 - ci ildə Gürcüstandakı müharibəni yada salaq. Gürcüstanı Rusiya ilə müharibəyə həvəsləndirən ABŞ sonradan Gürcüstanı meydanda Rusiya ilə üz-üzə tək qoydu.
ABŞ – ın Əfqanıstanda Taliban vasitəsi ilə oynadığı oyunlar nəticəsində bu ölkənin xalqları sabaha inamlarını itirmişlər. “Ərəb baharı” adı altında inqilab ssenarilərinin həyata keçirilməsi ilə bir sıra Yaxın Şərq ölkələrində faktiki ABŞ hakimiyyəti bərqərar olmuşdur. Bu inqilablar Yaxın Şərq xalqlarına bədbəxtçilik və xaosdan başqa heç bir şey gətirməmişdir.
ABŞ yaratdığı FETO terror təşkilatı vasitəsilə 2016- cı ildə Türkiyədə çevriliş etmək istəsə də bu Türkiyə rəhbərliyinin və xalqının əzmi və qətiyyəti nəticəsində baş tutmamışdır. Bununla da Türkiyənin inkişafının qarşısını kəsmək istəyən ABŞ-ın arzuları həyatakeçməmişdir. ABŞ Yunanıstanı, PKK terror təşkilatını silahlandırmaqla Türkiyəni təhdid etməkdə davam edir.
Azərbaycan ABŞ-ın bölgədə həyata keçirdiyi geosiyasi və iqtisadi oyunlarından ziyan çəkmiş ölkədir. ATƏT Minsk qrupunun həmsədri kimi ABŞ 30 il ərzində ikili oyunlar oynayıb, birbaşa və ya dolayı yol ilə Azərbaycanın öz torpaqlarını Ermənistan işğalından azad etməsinə mane olub. Azərbaycana qarşı müxtəlif sanksiyalar tətbiq edib, ABŞ – dakı erməni lobbisinin Azərbaycan əleyhinə fəaliyyətinə şərait yaradıb. Azərbaycanda müxtəlif zamanlarda hakimiyyət çevrilişlərinin reallaşdırılmasına cəhdlərə dəstək olub. Azərbaycanda fəaliyyət göstərən QHT sektorunun mənsublarını, medianı siyasi oyunlara cəlb edib, onları “demokratiyaya dəstək” adı altında maliyyələşdirib. Məqsəd ABŞ hegemonluğunu Azərbaycanda bərqərar etmək və özünə itaətkar hakiyyət formalaşdırmaq olub. Lakin bütün bu cəhdlərə baxmayaraq Azərbaycanda iqtidar – xalq birliyi nəticəsində oyunlar pozulub, ABŞ-ın niyyətləri baş tutmayıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının tam əksəriyyəti ABŞ-ın Cənubi Qafqazda həyata keçirdiyi çirkin siyasəti və oyunları pisləyir, Azərbaycan iqtidarının ölkəmizin inkişafı naminə həyata keçirdiyi siyasəti dəstəkləyir və həmişə dəstəkləyəcək. Azərbaycanın sabitliyi və inkişafı bütün bölgə ölkələrinin sabitliyi üçün mühüm amildir.
Nurəddin Mehdiyev
QHT- lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü
AzVision.az
Teqlər: ABŞ







Vaxtında, Aydın, Lazımlı!


