Bakı-Quba yolunun bir hissəsi təmir edilib

Bakı-Quba yolunun bir hissəsi təmir edilib
  26 Sentyabr 2023    Oxunub:1560
Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, artıq sözügedən yolun yenidən qurulan hissəsi sürücülərin istifadəsinə verilib.

Qeyd edilib ki, təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılıb. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edib.

Sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri görülüb.

Xatırladaq ki, bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti