Ermənistan indi də Hindistan qumbaraatanları ilə silahlanır – FOTOLAR

 Ermənistan indi də Hindistan qumbaraatanları ilə silahlanır –  FOTOLAR
  16 Noyabr 2023    Oxunub:2485
Hindistan Ermənistana 30 mm və 40 mm-lik qumbaraatanlar tədarük edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Indian Aerospace Defense News" (IADN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Paylaşımda qeyd edilir ki, "Munitions India Limited" (MIL) Ermənistana 150 min qumbara tədarük edəcək. 2 ay əvvəl MIL artıq İrəvana 7,62 mm çaplı 5 milyon patron verdiyini açıqlamışdı.

Bundan əvvəl isə Ermənistanın Hindistandan pilotsuz uçuş aparatları alacağı barədə məlumatlar yayılmışdı.

Dehli İran ərazisindən İrəvanı silahlandırır - “Economic Times”
Hindistanın "Udaipur Kiran" saytı ötən ay Dehlinin Ermənistana raket ixracına başladığını yazıb.

“Indian Defence Research Wing” isə avqustun əvvəlində Hindistanın “Bharat Forge LTD” müdafiə şirkətinin 155,5 milyon dollarlıq müqavilə çərçivəsində altı yedəkli 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verməsi barədə məlumat yaymışı.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla hərbi sahədə fəal əməkdaşlıq kursu götürüb. Ötən ilin sentyabrında iki ölkə arasında imzalanan hərbi müqavilələrə görə Hindistan Ermənistana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər və bir sıra digər hərbi sursat tədarük etdi. Həmçinin Hindistan mediası ölkənin özəl şirkəti “Kalyani Strategic Systems Ltd”nin (Bharat Forge) 155 mm-lik yedəkli haubitsaların (ATAGS) tədarükü üçün ilk ixrac sifarişini aldığını xəbər vermişdi.

Müharibədən sonra İrəvan Fransadan da tez-tez hərbi dəstək alır. Hətta iş o yerə çatıb ki, Cənubi Qafqazda sülh və iqtisadi fəallıqla bağlı müzakirələrin gündəmi zəbt etməsi fonunda Fransa hökuməti Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək qərarına gəldi.

İrəvan əvvəlki illərdə silah-sursatın böyük hissəsini Rusiyadan alırdı. Daha doğrusu, Moskva uzun illər sovet istehsalı olan köhnə silah surstaları və ya vaxtı keçmiş hərbi avadanlıqları İrəvana təmənnasız verirdi.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan isə dünən jurnalistlərə bu mövzuda açıqlama verərək rus silahlarını üstüörtülü şəkildə pisləmişdi. O deyib ki, "Ermənistan bir daha işlənmiş silahlar almayacaq və ya istifadə etməyəcək. Yalnız yeni silahlara sahib olacağıq".



Tural Tağıyev
AzVision.az



Teqlər:   Hindistan   Silah   Ermənistan  





Xəbər lenti