Festivalda ölkəmizin müxtəlif bölgələrinin müxtəlif çeşidli şərabları nümayiş etdirilib, dequstasiyalar, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları təşkil olunub.
Festival çərçivəsində 20 yerli şərab istehsalı müəssisəsi, Üzümçülük İnstitutu, Üzümçülük və Şərabçılıq Assosiasiyası, eləcə də turizm sənayesi nümayəndələri iştirak edib.
Festival çərçivəsində musiqili proqramlar və müxtəlif əyləncələr də təşkil olunub. Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Xocavəndin Tuğ kəndində yetişdirilən Azərbaycanın ən qədim yerli üzümü hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksəkkeyfiyyətli qırmızı süfrə şərablarının təqdimat keçirilib.
Sərgi, əyləncə, piknik, suvenir, kulinariya zonalarında ziyarətçilər üçün yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, həmçinin bəyəndikləri məhsulları almaq imkanı yaradılıb.
Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.
Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədini yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.
AzVision.az