Bakıda “avtoş” polisi bıçaqladı

Bakıda “avtoş” polisi bıçaqladı
  24 İyun 2014    Oxunub:1417
İyunun 23-dən 24-nə keçən gecə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə əməkdaşlarının iştirakı ilə reyd keçirilib.
Reyddə xoşagəlməz hadisələr də yaşanıb. AzVision.az-ın məlumatına görə, avtosfer.az-ın reyddə iştirak edən əməkdaşı bildirib ki, gecə saat 01:45 radələrində “Neolit” restoranının yaxınlığında avtoşluq edən sürücü yol polisini bıçaqlayaraq qaçıb. “Lada-Priora” markalı, 99 EM 020 dövlət nömrə nişanlı avtomobildə olan bir neçə nəfər gənc yol polislərini döydükdən sonra onlardan birini bıçaqla vurublar. Məlumata görə, 10 YP 505 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan iki yol polisi əməkdaşı “Mersedes ML” markalı avtomobili saxlayıblar. Avtomobilin sürücüsü və sərnişinlər sərxoş vəziyyətdə olublar. Onlar yol polisinə müqavimət göstərsələr də, DYP əməkdaşları sürücünü tibbi müayinəyə aparmağa cəhd edib. Bu zaman maşında olan sərnişinlərdən biri köməyə dostlarını çağırıb. Az sonra «Priora» markalı avtomobil hadisə yerinə yaxınlaşıb. «Priora»dan düşən gənclər yol polislərinə hücum çəkərək onları döyüblər. DYP əməkdaşlarından birinin burnu sınıb, digərini isə bıçaqla vurublar. Gənclərin məqsədi «Mersedes»i oradan qaçırmaq olub. Lakin bu niyyətlərinə nail ola bilməyiblər. Yol polisi əməkdaşlarından biri onların qaçmasına mane olub. Həmin DYP əməkdaşının radioqəbuledici vasitəsilə kömək çağırdığını görən «Priora»nın sürücüsü maşına minərək oradan uzaqlaşıb. «Mersedes»i isə apara bilməyiblər. Xüsusi vasitələrlə köməyə gələn yol polisi maşınlarından biri «Priora»nın qarşısını kəsmək istəyərkən sürücü DYP maşınını vuraraq qaçıb. Bir qədər sonra isə yolda daha bir DYP maşınının üstünə sürərək aradan çıxıb. Sürücünün avtomobili olduqca təhlükəli sürdüyünü görərək onu təqib etməsələr də, kameralar vasitəsilə bütün hərəkətlərinə nəzarət olunub. Heydər Əliyev prospektinə çıxan sürücü burada avtomobili yolun əksinə idarə edərək digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Az sonra isə avtomobilin «Keşlə bazarı» istiqamətində hərəkət etdiyi və orada gizləndiyi məlum olub. Yol polisləri və post-patrul xidmətinin əməkdaşları hazırda həmin avtomobili və sürücünü axtarırlar. Yaralı yol polisi əməkdaşları isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov avtosfer.az saytına bildirib ki, həmin avtomobilin nömrəsi tam məlum olduğu üçün onun bütün hərəkətləri kameralar vasitəsilə izlənilib və törətdiyi xətalar protokollaşdırılıb. Yol polisi əməkdaşına xəsarət yetirilməsinə gəlincə isə Vaqif Əsədov bildirib ki, həmin sürücü və avtomobil qısa müddətdə aşkar edilərək aidiyyatı üzrə təhvil veriləcək: «Həmin avtomobilin və ondan əvvəl saxlanılan «Mersedes» markalı avtomobilin sürücüsünün sərxoş olduğu aşkar edilib. Onlar həm də avtoxuliqanlıq etdiklərinə görə saxlanılıblar. Lakin tibbi müayinədən boyun qaçırmaqla polisə müqavimət göstərərək qaçıblar. Hazırda axtarış tədbirləri davam etdirilir».


Teqlər:  





Xəbər lenti