İsveç tərəfini seçdi: Neytrallığa əlvida

      İsveç tərəfini seçdi:    Neytrallığa əlvida
  27 Fevral 2024    Oxunub:1006
Tarixən neytral ölkə kimi ictimai-siyasi hadisələr meydanından uzaqda durmuş İsveçin NATO-ya qoşulması ölkənin milli kimliyində dramatik dəyişikliyin xəbərçisidir.
İsveçin neytral ölkə statusundan çıxaraq NATO-ya qoşulmaq istəyinə səbəb, şübhəsiz ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu idi. Rəsmi Stokholm həmin ilin mayında alyansa üzvlük ərizəsini irəli sürdü. Hərçənd təşkilata onunla eyni vaxtda müraciət ünvanlayan Finlandiyanın NATO-ya üzvlüyü ötən ilin aprelində təsdiqlənsə də, İsveç bu, ya digər ölkələrin, xüsusən Türkiyə və Macarıstanın maneəsi ilə üzləşdi.

İsveçin "Ankara tərəfindən terrorçu kimi tanınan qrupları qoruması", habelə 2023-cü ilin yayında bu ölkədə dalbadal Quran yandırma hadisələri baş verməsi səbəbi ilə belə qənaət yaranmışdı ki, əhalisinin əksəriyyəti islam dininə mənsub Türkiyə Stokholmun alyansa qoşulmasına razılıq verməyəcək. Prezident Rəcəb Tayyip Ərdoğan "təhlükəsizlik təşkilatı NATO-ya terrorizmi dəstəkləyən ölkələrin qoşulması" na qətiyyələ etirazını bildirmişdi.

"Finlandiya və İsveçin NATO-ya girməsinə "yox" deyəcəyimizi müttəfiqlərimizə söylədik. Yolumuzu belə cızmışıq", - Ərdoğan vurğulamışdı.

(İsveç Baş naziri Ulf Kristersson və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan)
Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

Halbuki iki ölkə arasında gərginlik çox çəkmədi: cari ilin yanvar ayının 23-də Türkiyə Böyük Millət Məclisi müzakirələrin ardınca İsveçin üzvlük müraciətinin ratifikasiyasına (346 deputatdan 287-i lehinə, 55-i əleyhinə, 4-ü bitərəf) səs verdi. Yanvarın 25-də isə Ərdoğan üzvlük protokolu ilə bağlı təsdiq fərmanını imzaladı. ABŞ Ankaranın bu addımını alqışlayaraq, qarşılığında ona 20 milyard dollar dəyərində "F-16" təyyarələri və modernləşdirmə avadanlığının satışına başladı. Kanada isə, öz növbəsində, Türkiyəyə qoyduğu silah embarqosunu dayandırdı.

(İsveçin NATO-ya üzvlük protokulunu təsdiqləməsi müqabilində ABŞ-nin Türkiyəyə satışına icazə verdiyi "F-16" qırıcıları)

Macarıstanın İsveçə əngəl törətməsi isə Stokholmun bu ölkədə demokratik vəziyyəti sual altına alması idi. Rusiyaya müttəfiq mövqeyi ilə tanınan Baş nazir Viktor Orban belə bir tənqidi yanaşmanın ölkələrarası münasibətləri korladığını və hakim "Fides" partiyasının millət vəkilləri arasında İsveçin NATO-ya qoşulmasına qarşı tərəddüd doğurduğunu dilə gətirmişdi. O həmçinin Avropa İttifaqı və NATO müttəfiqlərinin onun hökumətinə İsveçin müraciətini təsdiqləməklə bağlı artan təzyiqlərini qınamışdı.

"İsveçlə mübahisəmizin həllinə kənardan müdaxiləyə çalışırlar, ancaq bu, köməkdən ziyadə problemi daha da qızışdırır. Macarıstan suveren ölkədir, onun qərarlarının məzmunu və ya vaxtı ilə bağlı başqalarının diktəsi yolverilməzdir", - Orban demişdi.

(İsveç və Macarıstan Baş nazirləri Ulf Kristersson və Viktor Orban)

Ötən cümə günü isə onun isveçli həmkarı Ulf Kristerssonla Budapeştdə görüşü uzunmüddətli diplomatik gərginliyi barışıqla başa çatdırdı. Tərəflər habelə İsveçin Macarıstana "Saab JAS-39 Qripen" hərbi təyyarələrinin satışı ilə razılaşdılar. Maraqlıdır ki, həm Türkiyə, həm də Macarıstan İsveçin NATO-ya üzvlüyünü məhz hərbi təyyarələr müqabilində təsdiqlədi.

(Ölkənin NATO-ya üzvlük müraciətini təsdiqləməsi müqabilində İsveçin Macarıstana satacağı "Saab JAS-39 Qripen" qırıcıları)

"İsveçlə NATO-da birləşmək o deməkdir ki, yeri gəlsə, bir-birimiz üçün ölə də bilərik. Müdafiə və hərbi əməkdaşlığa dair razılaşma ölkələr arasında etimadın bərpasına kömək göstərir", - Viktor Orban isveçli həmkarı ilə görüşün nəticəsi barədə deyib.

Dünən Macarıstan parlamentinin deputatları 188 lehinə və 6 əleyhinə səslə İsveçin alyansa üzvlüyünə qoyulan maneəni aradan qaldırıblar. Ulf Kristersson "X" hesabında bu qərardan məmnunluğunu dilə gətirərərək:

"Bu, tarixi gündür. Artıq bütün NATO-ya üzv ölkələrin parlamentləri İsveçin NATO-ya qoşulmasının lehinə səs verib. İsveç Avro-Atlantik təhlükəsizliyi ilə bağlı məsuliyyətini daşımağa hazırdır", - yazıb.

Beləliklə, İsveç yaxın günlərdə 32-ci üzv kimi NATO-ya qoşulacaq. Bu, alyans üçün onun ərazisinə çıxış imkanı verməklə yanaşı üzv ölkələrlə əhatələnmiş Baltik dənizini "NATO dənizi"nə çevirir. İsveç Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Emma Rosenqrenin sözlərinə görə, NATO və Rusiya arasında mümkün müharibə şəraitində ö lkə alyansın logistik mərkəzi rolunu oynaya bilər. Bu çərçivədə İsveç öz neytral mövqeyini, şübhəsiz ki, itirir. Baş nazir Kristersson yanvar ayında özlərini sülhsevər millət kimi görməyə alışan vətəndaşları müharibə ehtimalına, "məcburi vətəndaşlıq borcu"na hazırlaşmağa çağırmışdı.

Ölkə müxalifətində NATO-ya qoşulma qərarı kəskin reaksiya ilə qarşılanır. Hələ 2021-ci ilin payızında keçmiş müdafiə naziri, Sosial Demokrat Fəhlə Partiyasının nümayəndəsi Peter Hulqvist diqqətə çatdırmışdı ki, belə bir addım "ağlasığmazdır".

Uzun illər siyasi arenadan uzaq qalmış İsveçin NATO-da iştirakı Rusiyanın Ukraynaya hücumu nəticəsində üzə çıxan "ölkələrarası birləşmə"nin daha da kəskinləşməsindən xəbər verir. Stokholmun alyansa girmək istəyinə səbəb kimi zahirən özünü mümkün Rusiya hücumundan sığortalanması görünsə də, əslində, deyə bilərik ki, burada özünü sığortalayan NATO və ABŞ-dir. Avropa İttifaqı çərçivəsində "neytral zona" saxlamaq istəməyən və Ukraynadakı taleyi məchul müharibədə Rusiyanın qələbəsi ehtimalından çəkinən NATO ona yeni qoşulan ölkələrdən Moskvaya qarşı cəbhə, yaxud arxa cəbhə kimi faydalanmaq istəyir. Xatırlasaq, görərik ki, II Dünya müharibəsi zamanı da Adolf Hitler məhz belə bir strategiya həyata keçirmişdi...

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsveç   NATO   Türkiyə   Macarıstan   ABŞ  





Xəbər lenti