Türkiyənin yeni prezidenti kim olacaq? – Müsahibə

Türkiyənin yeni prezidenti kim olacaq? – Müsahibə
  02 İyul 2014    Oxunub:1861
“Əkmələddin İhsanoğlu seçilərsə, onun dövründə Türkiyə-Azərbaycan münasibətləri daha yüksək səviyyədə və daha səmimi xarakter daşıya bilər”.

Tanınmış politoloq Qabil Hüseynli Türkiyədə keçiriləcək prezidenti seçkiləri, Ərdoğanın namizədliyi və Türkiyə-Azərbaycan münasibətlərini AzVision.az-a şərh edib.

- Türkiyənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğan prezidentliyə rəsmi olaraq namizədliyini irəli sürdü. Seçki marafonunun başlamasına az vaxt qalır. Türkiyəni qarşıda hansı proseslər gözləyir?

- Qardaş ölkədə xalqın seçim hüququna biz hörmətlə yanaşmalıyq. AKP artıq 12 ildir ki, Türkiyəni idarə edir və demək olar ki, bütün bürokratik aparat AKP-nin nəzarətindədir. İndi isə AKP bir az da irəli gedib öz sədrinin prezidentliyə namizədliyini irəli sürüb. Bundan əvvəlki 7 illik müddətə də AKP-dən prezidentliyə Abdullah Gülün namizədliyi verilmişdi. İndi Türkiyədə siyasi sistemin formasının dəyişdirilməsi nəzərdə tutulur. Belə ki, parlamentar sistemdən prezident üsul-idarəsinə keçid etmək niyyəti var. Bu, özünü onda göstərəcək ki, əvvəla prezident parlamentdə deyil, ümumxalq səsverməsi yolu ilə seçiləcək. Eyni zamanda prezidentin səlahiyyətləri genişləndiriləcək.

- Prezidentə konkret hansı səlahiyyətlər veriləcək?, Ərdoğanın qalib gəlmək şansını necə qiymətləndirirsiniz?

- Yəni prezident icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərəcək. İndiyə qədər icra səlahiyyətlərini baş nazir yerinə yetirirdisə, bundan sonra baş nazirin özü prezident qarşısında məsuliyyət daşıyacaq və hökuməti formalaşdırmaq, onu istefaya göndərmək səlahiyyətləri, eləcə də bir sıra prinsipial məsələlər prezidentin səlahiyyətlərinə aid ediləcək. AKP sədri Ərdoğan prezidentliyə ciddi namizəd kimi özünü göstərir. Zahirən AKP-nin namizədinin imkanları genişdir. Yəni, o, bələdiyyə seçkilərində də üstünlük qazanmışdı. Onun partiyasının səsi CHP və MHP-nin birgə yığdığı səsdən bir qədər artıq olmuşdu? 4,5%. Əgər prezident seçkilərində də bu qədər səs toplasa, prezident olmaq çətin olacaq. Ona görə ki, prezident olmaq üçün xalqın səsinin yarıdan çoxunu toplamaq tələb olunur. Buna görə də Ərdoğanın prezidentliyə yolu o qədər də hamar görünmür.

-Bəs, müxalifətin vahid namizəd seçdiyi Əkmələddin İhsanoğlunun qalib gəlmək şansı varmı?

- Bildiyimiz kimi, MHP və CHP birlikdə müxalifətin vahid namizədini müəyyənləşdirib və Ərdoğana qarşı qoyublar. Doğrudur, vahid namizəd Əkmələddin İhsanoğlu Ərdoğanla müqayisədə xalq arasında çox da tanınmır, amma bir sıra keyfiyyətlərinə görə, təmizliyinə, el adamı olmasına, İslam Konfrası Təşkilatının baş katibi kimi böyük vəzifə tutmağına və eləcə də müxalif qüvvələrin vahid namizədi olduğuna görə müəyyən perspektivlər vəd edir.

Seçki marafonuna hələ start verilməyib, amma təbliğat-təşviqat kampaniyası başladıqdan sonra hadislərin sərt və barışmaz formada inkişaf edəcəyini proqnozlaşdırmaq mümkündür. Çünki müxalifət iddia edir ki, o, 60%-a yaxın bazanın səsini ala bilər və bu səslərin Əkmələddin İhsanoğluna verilməsinə nail olacaq. Əgər seçkiqabağı kampaniya düzgün qurulacaqsa və həmin 60% səs toplanacaqsa, Əkmələddin İhsanoğlu Ərdoğan üzərində qələbə qazana bilər. Buna baxmayaraq, seçkilərdə əsas məsələ seçkinin ədalətli və şəffaf keçirilməsi, hiylə qatılmaması, saxtalaşdırmanın olmamasıdır. Son seçikidə səslərin düzgün sayılmadığını, müxalifətə verilən səslərin bülletenlərinin hesablanmamasını göstərən fatklar ortaya çıxmışdı. Əgər indi prezident seçkilərində müxalifət öz namizədinin seçkiqabağı kampaniyasını yaxşı qurmaqla yanaşı seçki sandıqlarına düzgün nəzarət edib səslərin sayılma prosesinin düzgün aparılmasına yaxşı nəzarət edə bilsələr, zənnimcə, qarşıdakı seçkidə Ərdoğana qalib də gələ bilərlər. Bir sözlə, hər iki namizədin şansı yüksəkdir. Bu da o deməkdir ki, qarşıdakı seçkilər gərgin mübarizə şəraitində keçəcək.

- Qeyd etdiniz ki, hər iki namizədin şansı yüksəkdir. Bəs prezident kimi Türkiyə üçün onlardan hansı daha uğurlu seçim olar?

- Burada partiya da müəyyən rol oynaya bilər. Zənnimcə, mənəvi təmizliyinə, intellektual səviyyəsinə və eyni zamanda Türkiyə dövlətçiliyinə sadiqliyinə görə Əkmələddin İhsanoğlu daha cazibədar görünür. Çünki bundan əvvəlki bələdiyyə seçkiləri ərəfəsində Ərdoğan hökumətinin ciddi korrupsiyaya qurşandığı və çox böyük məbləğdə korrupsiya olaylarının baş verdiyinin üstü açıldı. Bir neçə nazirin oğlu həbs edildi. Hətta prokurorluqdan baş nazirin oğluna çağırış məktubu gəlmişdi və bu məktubun tələbinə əməl edilməmişdi. Həmin rüşvət olaylarını ört-bas etmək üçün müxtəlif versiyalar irəli sürüldü və bunları Fətullah Gülənin adamları tərəfindən dövlət çevrilişi etmək məqsədilə edildiyi deyildi. Həmin dövrdə təxminən 85-86 milyard avroya yaxın pul və qızıl külçəsi Türkiyə vasitəsilə İrana göndərildi. Bu qızılların bir hissəsi Afrika ölkələrindən gətirilirdi və Türkiyə banklarında yuyularaq İrana göndərilirdi. Bütün bunları nəzərə alaraq demək olar ki, baş nazirin özü də bu korrupsiya olaylarından xəbərdar olub və bu məsələlərlə bağlı onun da məsuliyyəti var.

Amma təəssüflər olsun ki, bunun üstü ört-bastır edildi və günahkarlar məsuliyyətə cəlb edilmədilər. Digər tərəfdə isə bir neçə kitab müəllifi olan, beynəlxalq təşkilata rəhbərlik edən, şəxsiyyəti və mənəviyyatı təmiz olan insan var. Bunlar arasında seçimdən söhbət gedir. Türkiyə xalqı ya adı korrupsiyaya qurşanmış və adı ciddi qalmaqallarda hallanmış şəxsə səs verəcək, ya da təmizlik və düzlük simvolu olan, həm də intellektual səviyyəsi ilə Türkiyə xalqına çox şey verə bilcəək şəxsə səs verəcək.

- Korrupsiya və rüşvət qalmaqalından danışdınız. Həmin hadisələrdən sonra bələdiyyə seçkiləri keçirildi və Ərdoğan qalib gəldi. Prezident seçkilərində bu olayların necə təsiri olacaq?

- Müxalifət ört-bas edilmiş korrupsiya olaylarını yenidən gündəmə gətirir. Bu, seçikiqabağı kampaniyada ciddi şəkildə istifadə ediləcək. Seçkilərin saxtalaşmağını da qeyd etdim. Yəni seçkilər şəffaf keçirilsəydi nəticə daha fərqli olardı, AKP o qədər səs qazana bilməzdi. Xalqın AKP-yə rəğbətinə gəlincə isə, onlar həmişə seçki dövründə xalqa təsirin müxtəlif yollarına əl atırlar. Camaata pul, kömür və yaxud da ki, ərzaq yardımı göstərirlər. Bir sözlə, xaqlın səsini satın alırlar. AKP-nin maddi vəsaiti böyükdü o da səsi satın almağa imkan verir. Amma xalq birdəfəlik yardıma əsasən yox, həmişə onun yanında olan və gələcəyini etibar edə biləcəyi adama səs verməlidir. Mənim zənnimcə bu dəfəki seçkidə Türkiyədə dəyişiklik olacaq.

- Bəs, qarşıda şahidi olacağımız proseslər Türkiyə-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

- Kim Türkiyə prezidenti səlahiyyətlərinə yiyələncəksə, onun Azərbaycanla münasibətlərini yaxşı səviyyədə saxlamaqdan başqa yolu olmayacaq. Türkiyədəki seçkilər iki ölkə arasındakı münasibətlərə heç zaman pis təsir edə bilməz. Öz şərhim belədir ki, Əkmələddin İhsanoğlu seçilərsə, onun dövründə Türkiyə-Azərbaycan münasibətləri daha yüksək səviyyədə və daha səmimi xarakter daşıya bilər. Həm də sözün əsl mənasında əsl qardaşlıq münasibətləri qurula bilər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti