Gürcüstanı qarışdıran "Rusiya qanunu" - Xalq niyə "xarici agent"ə qarşı çıxır?

 Gürcüstanı qarışdıran "Rusiya qanunu"  - Xalq niyə "xarici agent"ə qarşı çıxır?
  01 May 2024    Oxunub:1540
Son günlər Gürcüstanda ictimai-siyasi vəziyyət xeyli gərginləşib. Ölkə parlamentində “xarici agent” statusuna dair “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması cəmiyyətin hiddətinə səbəb olub.
Narazı gürcülər layihənin reallaşmasını istəmirlər. Çünki bu status kimə şamil olunacaqsa, o, xarici qüvvələrdən dəstək alan, yaxud da onların “nüfuz dairəsi” altına düşmüş vətəndaş kimi təqdim olunacaq.

Bundan başqa, layihə qəbul edilərsə, xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət güclənəcək. Məhz bu səbəbdən Avropada belə bir qanun insan hüquqlarını məhdudlaşdırdığı üçün tənqid edilir.

Gürcüstanda vəziyyət gərgindir: 63 nəfər saxlanılıb, 6 polis yaralanıb
Gürcü deputatlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində yalnız illik gəlirinin 20 faizi xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyata alındığını, illik bəyannamənin doldurulmasının tələb olunduğunu iddia edirlər. Yəni, məlum təşkilatların fəaliyyətində heç bir məhdudiyyət olmayacaq.

Hakimiyyət nümayəndələri isə hələ 2023-cü ilin martında kütləvi etirazlar zamanı geri götürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən gündəmə gətirilməsini onunla əsaslandırırlar ki, şəffaflıq vədlərinə baxmayaraq, xarici donorlar Gürcüstanda radikal qrupların və partiyaların məxfi maliyyələşməsini artırıblar.

Amma müxalifət tam fərqli düşünür və iddia edir ki, belə bir qanun Rusiyada qəbul olunub və sözügedən layihənin demək olar ki, eynisidir. Rusiyadakı layihə isə xeyli tənqidlərə səbəb olmuşdu.

Qərb ölkələri, BMT və Avropa Şurası Tbilisinin də reallaşdırmaq istədiyi bu qanuna tənqidi yanaşırlar. Qərb bununla bağlı Gürcüstana intensiv xəbərdarlıqlar edir.

Rəsmi Tbilisi isə Qərbdən gələn etirazlara məhəl qoymur. Hətta hökumət qanun layihəsinin xalq tərəfindən dəstəklənməsini nümayiş etdirmək məqsədi ilə aprelin 29-da parlamentin binası qarşısında mitinq keçirdi. Aksiyada hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvili çıxış edərək diqqət çəkən bəyanatlar da vermişdi.

Narazı kütlə məhz bundan sonra küçə və meydanlara axışaraq hakimiyyət əleyhinə şüarlar səsləndirməyə başladı. Hətta iş o yerə çatdı ki, hakim dairələr genişlənən mitinqləri yatırmaq üçün xüsusi təyinatlıları cəlb etdi.

Dünən gecə Tbilisinin mərkəzində keçirilən aksiyada isə iğtişaşlar yaşanıb. 63 nəfər saxlanılıb, 6 hüquq-mühafizə orqanının əməkdaşları yaralanıb.

Xəsarət alanlar arasında ölkənin ən böyük müxalifət partiyası sayılan Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili də var.

Bundan sonra Gürcüstan prezidenti Salome Zurabişvili Daxili İşlər Nazirliyini dinc mitinqin dağıdılmasına, güc tətbiqinə və gənclərə qarşı zorakılığa dərhal son qoymağa çağırıb.

Məsələni AzVision.az–a şərh edən politoloq Qabil Hüseynli deyib ki, əslində xalqın narazılığı hansısa Rusiya qanunun oxşarının Gürcüstanda da qəbul edilməsi ilə bağlı deyil. Yəni, məsələnin kökü daha dərindir.

“Sadəcə olaraq bu gün Gürcüstanda hakimiyyət dəyişikliyinə ehtiyac yaranıb. Uzun illərdir Bidzina İvanişvili bu ölkədə zahirən demokratik siyasətçi kimi görünür. Əslində isə Gürcüstanda siyasi proseslər fərqli istiqamətdə cərəyan edir və o, ölkədə get-gedə müəyyən mənada avtoritar hakimiyyət formalaşdıra bilib. Bu idarəçilik formulu isə xalqın bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarıb. Yəni faktiki olaraq ölkədə antidemokratik bir mənzərə yaranıb. Kənardan proseslərə yön verən məhz İvanişvilidir. Üstəlik, bu adam əlində olan böyük maliyyə vəsaitinin Gürcüstanın bank sektorundan tutmuş müxtəlif təsərrüfat sistemlərinə qədər yatırmaqla çox böyük mənfəət əldə edir. Artıq gürcü xalqı da bunu anlamağa başlayıb. İndi gürcülər İvanişvilinin ölkədəki bütün prosesləri nəzarəti altında saxladığını daha aydın görür. Ona görə də bu gün etirazlar cərəyan edir”.

Politoloq qeyd edib ki, etirazlar formal olaraq “Xarici agentlər” haqqında qanun layihəsinin qəbul edilməsi ilə bağlı yarandı. Əslində narazı əhalinin qəzəbi digər siyasi-hüquqi problemlərlə bağlıdır. Sadəcə kin-küdurət, problemlər üst-üstə yığılmışdı deyə indi partlayış həddinə çatdı: “Qanun layihəsi xalqı bu qədər qəzəbləndirə bilməzdi. Bundan da ciddi siyasi problemlər vardı. Məsələn, seçkilər daim “Gürcü arzusu”nun nəzarəti altında keçirilir. “Gürcü arzusu” müxtəlif fəndlər, siyasi metodlarla seçkiləri öz xeyrinə dəyişdirə bilir. Bundan sonrakı proseslərdə isə böyük surprizlər olmayacaq. Xalqın böyük hissəsi narazı olsa da, hakimiyyəti dəyişdirə bilmir. Bütün mümkün metodlar təcrübədən keçirilib. Reallıqda bunlar işə yaramırlar. Bu gün İvanaşvili üçün bir qanun layihəsi nədir ki?! O, hökuməti belə tam nəzarəti altında saxlaya bilir”.

Qabil Hüseynli aksiyalarda fəallıq göstərən müxalifət cəbhəsinin də xeyli zəiflədiyini düşünür.

- Düzdür, Gürcüstan müxalifəti əvvəlki illərdən fərqli olaraq daha möhkəm strukturları olan, sıraları genişlənən qüvvə kimi görünür. Amma bütün bunların da iqtidar üzərində qələbə üçün yetərli olub-olmayacağını demək çox çətindir. İndi həbsdə olan Saakaşvili bu qüvvələrə içəridən müraciətlər ünvanlayır, müəyyən göstərişlər verir. Özünü isə partiyasının sədrliyinə namizəd kimi göstərir. Oktyabr ayında bu ölkədə parlament seçkiləri olacaq. Müxalifətin indidən iqtidara qarşı küçə və meydanlarda mübarizəyə başlaması, təşkilatlanması, daxildə inteqrasiya proseslərinin dərinləşdirməsi onların həm oktyabr seçkilərinə hazırlığına kömək edəcək, həm də narazı qüvvələr bir sıra metodları sınaqdan keçirəcəklər. Bir sözlə, indiki etirazların kökündə dərin siyasi proseslər, narazılıqlar dayanır. Saakaşvili isə əgər parlament seçkilərinə qədər azadlığa çıxa bilsə, Gürcüstanda çox böyük hadisələr baş verəcək. Onun siyasi meydanda olması bu ölkədə çox böyük dəyişikliklərə gətirib çıxaracaq”.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Gürcüstan   Qanun   Parlament   Politoloq   Etiraz  





Xəbər lenti