İŞİD Azərbaycana gəlsə... - REPRİZ

İŞİD Azərbaycana gəlsə... - REPRİZ
  04 İyul 2014    Oxunub:3943
`İŞİD` Azərbaycana gələ bilərmi` sualı artıq dəfələrlə verilib. İndi bizim məqsədimiz onu daha bir dəfə də cavablandırmaq deyil. Biz, sadəcə, təsəvvür etmək istədik ki, hipotetik olaraq, İŞİD Azərbaycana gəlib, burada İslam rejimi qursa, təxminən necə bir ölkədə yaşayarıq?

Aydındır ki, İŞİD rejimi qurulana qədərki dövr “cahiliyyə dövrü” elan olunacaq. Həmin dövrün bütün irsi məhv ediləcək, qalanlar isə yeni reallığa uyğunlaşdırılacaq.

Məsələn, şəriət məhkəməsinin hökmü ilə Ramiz Rövşənin `Aman Allah, bu nə işdir, nə işdir...` misrası dəyişdirilib belə yazılacaq: `Aman Allah, bu nə İŞİD-dir, nə İŞID-dir...`

`İşə düşmüşük...` sözləri frazeoloji ifadələr siyahısından çıxarılacaq, yerinə bu əlavə olunacaq: `İŞİD-ə düşmüşük`.

`Azadlıq` radiosunda Xədicə İsmayılın `İşdən sonra` verilişi dərhal yeni reallığa uyğunlaşaraq `İŞİD-dən sonra` adlanacaq. Verilişdə İŞİD rejimi qurulandan sonra Azərbaycanda baş verən müsbət dəyişikliklər işıqlandırılacaq, daha doğrusu, İŞİD-ləndiriləcək.

Çağrı mərkəzlərində telefonu götürən çadralı qızlar “Sizi eşidirəm” əvəzinə “Sizi İŞİD-irəm” deyə cavab verəcəklər.

Əsas makroiqtisadi göstəricilərdən biri kimi “ölkədə işsizliyin səviyyəsi” anlayışı dövriyyədən çıxarılacaq, “ölkədə İŞİD-sizliyin səviyyəsi” anlayışı dövriyyəyə daxil ediləcək.

`Torqovı`nın adı dəyişdirilərək `Caddətul-Ticariyyə` qoyulacaq. Orada daha qısa geyimli qızlar gözə dəyməyəcək. `McDonalds`ın yerində “MakTəam” yeməkxanası açılacaq, içində daim ruzi-bərəkət duaları oxunacaq. “Biqmak” qutularının üstündə “I`m lovin it” kimi kafir sözlərinin yerinə “Bismillah” qeydi olacaq.

Park Bulvar-dakı mağazalarda son dəbə uyğun, üstündə Riqi və Nəstəliq xəttlərilə ayələr yazılmış çadralar satılacaq. Forslu qızlar o çadralarla selfi çəkdirib, “Vatçap”da profillərinə qoyacaqlar.

Ölkədəki saytlarda bu cür başlıqlar görəcəyik: `Rəqqasə Aişə güllü hicabı ilə yandırıb-yaxdı`.

Space TV-də Palatka toyu verilişləri Palatka yası verilişlərilə əvəzlənəcək. Manıslar ixtisaslarını dəyişib mollalığa keçəcəklər. Şiə mollaları bir sinif kimi ləğv edildiyindən, bu sahədə böyük boşluq hiss ediləcək. “Faytonçu Nazim” adını dəyişib “Fatihəçi Nazim”, Faiq Ağayev ləqəbini “Mister qızıl Əlfəcin” qoyacaq. Elza Seyidcahan dərhal adından “Seyid” sözünü çıxaracaq ki, vəhhabilərin acığına gəlməsin.

Elgiz və Ulvira (təbii ki ikincisi çadrada olacaq) birləşib “Hərəmxana” adlı yeni realiti-şou təşkil edəcəklər. Zaur Baxşəliyev sinəsinə qədər düşən saqqalı ilə “Dinin yarısı” tok-şousunda efirə çıxacaq. `- Əuzi billahi min-əş-şeytanir-rəcim, - deyəcək,- Əziz tamaşaçılar, şeytanın şərindən Allaha sığınıram. Sponsorumuz `AxirƏT` kolbasalarıdır...”

“Wasabi” suşi-barının adının dəyişdirilib nə qoyulacağını isə özünüz də tapa bilərsiniz – Vəhabi.


Yeni doğulan oğlanlara qoyulan adların arasında Əli yox, “Abdulvəhhab” ismi rekord vuracaq.

“Cin kart” istifadəçilərinə “zəngimsell”inə qoymaq üçün `Cin` surəsinin ilk ayələri təklif ediləcək.

ANS TV “Döyüş alnınıza yazılıb” devizini dəyişib, “Avazın yaxşı gəlir, oxuduğun Quran olsun” qoyacaq. Meyxana yarışması əvəzinə Quran qiraəti müsabiqəsi keçiriləcək. Meyxanaçı Samirə başına hicab örtüb, sinə vura-vura “Əş-Şüəra” surəsini oxuyacaq və qalib gələcək.

Müxalifətdə əsas siyasətçilər Rauf Arifoğlu və İlqar İbrahimoğlu olacaqlar. “Yeni Müsavat”ın adı “Yeni Müsibət” qoyulacaq. Şiələr onların ətrafında birləşəcək. Qamət Süleymanov isə hər gün efirdən onları yıxıb-sürüyəcək.

“Əhli-Beyt” qrupu adını dəyişib “Əxilər” qoyacaq və biz onu Eurovision-a göndərəcəyik. Saqqallı qadınlardan bezən Avropa bu dəfə həvəslə saqqallı və gödəkbalaq kişilərə səs verəcək.

Dünyanın məşhur brendləri məxsusi Azərbaycanda satmaq üçün gödəkbalaq şalvarlar istehsal edəcəklər.

Və bunlar hələ ancaq tumurcuqlardır...

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti