Ehtiyatda olan hərbçilər təlimdə - FOTOLAR

Ehtiyatda olan hərbçilər təlimdə - FOTOLAR
  08 İyul 2014    Oxunub:1051
Cəbhə bölgəsində irimiqyaslı təlimlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərin davamı olaraq iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimləri keçirilir.

Təlimlərin yeni mərhələsində birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığı, qoşunların yürüş qabiliyyəti, döyüş tətbiqi imkanları, həmçinin şəraitə və qabaqcadan hazırlanmamış əraziyə uyğun olaraq döyüş elementlərinin qarşılıqlı əlaqələndirilməsi məsələlərinin öyrənilməsi və praktiki istifadəsi yerinə yetirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərə 10.000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub.

Təlimlərdə zirehli texnikalardan, artilleriya qurğularından, zenit-raket komplekslərindən, müxtəlif çaplı silahlardan, təyyarə və helikopterlərdən praktiki döyüş atışları icra edilir.

Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli təlimlərə çağırılıb, onların hərbi uçot məsələləri ilə bağlı tədbirlər təşkil edilib, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış dövrü üçün planlar dəqiqləşdirilib, yaradılması nəzərdə tutulan yeni hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi və çatışmayan heyətlə tam komplektləşdirilməsi qarşılıqlı şəkildə və yüksək səviyyədə həyata keçirilib. Eyni zamanda, təlimlərə ehtiyatdan cəlb edilmiş hərbi vəzifəlilərlə döyüş hazırlığı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsi, silah və hərbi texnikadan istifadə qaydaları mövzusunda təlim-məşqlər keçirilir.

Təlimlərə iyulun 10-da Bakı şəhərində təlim rəhbərliyinin və komandanlıq heyətinin ümumi toplantısı ilə yekun vurulacaq.

Qalereya




Teqlər:  





Xəbər lenti