“Üzr istəyirik...” – Saqqal kəsənin atası
Təqsirləndirilən şəxsin atası Ramiz Xanlar oğlu Zeynalovun lent.az-a ünvanladığı müraciətdə qeyd olunur ki, iyulun 4-də oğlu Rəmzi Zeynalovun Sabirabad şəhər bazarında Kürdəmir rayon Sığırlı kənd sakini Cavanşir Zərbaliyev arasında baş verən narazılıq internetdə yayılıb: “Həmin hadisə rayonumuzda ortalığı qarışdıraraq sabitliyi pozmaqda maraqlı olan şəxslər tərəfindən mobil telefonlarla çəkilərək internetdə yayılıb. Bu hadisə ilə bağlı oğlum Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Mən və ailəmiz belə bir hadisənin baş verməsindən təəssüflənirik və peşmançılıq hissi keçiririk”.
R. Zeynalov qeyd edib ki, onun ailəsinin adından istifadə edib, yenidən təxribat yaratmağa çalışılmasından narahatdır: “Bu gün də sosial şəbəkələrdə guya Rəmzinin oğlu, nəvəm Ramizin adından yalan məlumatlar yazılıb. Nəvəmin adından yazıblar ki, guya oğlumun bu hərəkəti etməsinə əvvəlcədən polis razılıq verib. Hər kəsə bildirmək istəyirəm ki, mənim nəvəmin internetdə yazıldığı kimi 20 yox, 12 yaşı var. Nəvəm məktəblidir, 8-ci sinif şagirdidir. Həmin yazıları nəvəmin adından kimlərsə ara qarışdımaq məqsədilə yazır. Mən ailəmizin adından istifadə edən şəxslərin tapılıb məsuiliyyətə cəlb edilməsini istəyirəm”.
R. Zeynalov mətbuata da müraciət edərək, təxribatçı fikirləri tirajlamamağı xahiş edib.
Təqsirləndirilən şəxsin atası zərərçəkən şəxsdən üzr də istəyib: “Öz adımdan və ailəmin adından Cavanşir Zərbaliyevdən, onun ailə üzvlərindən oğlumun hərəkətlərinə görə üzr istəyirəm, peşmançılıq keçirdiyimizi bildirirəm”.
Qeyd edək ki, Rəmzi Zeynalov insidentdən sonra saxlanııb. Dünən isə Sabirabad rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
R. Zeynalovla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Teqlər: