Sarkoziyə görə Azərbaycana 4 illik cəza – MÜSAHİBƏ

  09 İyul 2014    Oxunub : 411
Sarkoziyə görə Azərbaycana 4 illik cəza – MÜSAHİBƏ
“Mənim Sarkozini tənqid etməyim onun etirazına səbəb oldu. Bizə şər atıb hüququmuzı 4 illik ləğv etdilər”
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə sosialistlərin, sosial-demokratların və leyboristlərin ildə iki dəfə toplanan Socialist İnternational (Sosİntern)konfrasındakı iştirakından danışıb.

Araz Əlizadənin AzVision.az-a müsahibəsini təqdim edirik:

- Konfransda iştirakınızı necə qiymətləndirirsiz? Hansı məsələlər müzakirə olundu?

- 30 iyun-1 iyul tarixlərində Meksikada baş tutan bu konfransda 165 ölkədən 300-dən çox nümayəndə iştirak edirdi. Konfrans hər dəfə başqa ölkədə baş tutuduğundan sentyabr ayında MDB ölkələri, Qara dəniz hövzəsi və Qafqaz regionunun konfransı Qazaxıstanda baş tutacaq. Növbəti dəfə isə konfrans iştirakçıları noyabrda Londonda toplanacaq. Bu dəfə həm də 4 il əvvəl etik komissiyada bizim iştirakımız olmadan partiyamızın konfransda iştirak hüququnun dayandırılması müzakirə olundu.

- Partiyanın bu hüququ niyə ləğv olunmuşdu?

- Partiyamızın hüquqları dayandırılması üçün ünvanımıza böhtanlar səslənmişdi. Deyilmişdi ki, partiya fəaliyyət göstərmir, qurultaylarını keçirmir, mətbuatda görünmür və s. Əsas səbəb isə müzakirə zamanı almaniyalı nümayəndə ilə mənim aramda olan fikir ayrılığı oldu. Belə ki, Qazaxıstanda keçirilən Qafqaz regionu konfransında Liviya məsələsi müzakirə olunurdu. Mən də çıxışımda demişdim ki, Liviyanı parçalayacaqlar. Bu da NATO ölkələrinin böyük cinayəti olacaq. Bu zaman almaniyalı nümayəndə ilə aramızda fikir ayrılığı oldu. Mənim Sarkozini tənqid etməyim onun etirazına səbəb oldu və bildirdi ki, Sarkozini xalq seçib, ona görə də onun haqqında belə danışmaq olmaz. Mən isə almanlara xatırlatdım ki, vaxtilə Hitleri də alman xalqı seçmişdi. Yəni xalqın seçimi həmişə doğru deyil. Bundan sonra almanlar Azərbaycandan keçmiş sosial-demokratların şikayətlərini yığdı və milli radikallarımızın məlumatlarını buna əlavə etdilər və məsələni etik komissiyada müzakirəyə çıxardılar. Protokol qaydalarına görə, Baş Katib bu məsələyə baxıb, daha sonra onu etika komissiyasına təqdim etməli idi. Amma Baş katib cəmi 3 dəqiqə gecikdi və gəldi gördü ki, artıq səsvermə olub və nə baş verdiyini soruşdu. Ona bildirdilər ki, Azərbaycan Sosial Demokratlar Partiyası yoxdur, partiyanın qurultayı keçirilmir və mətbuatda onlar haqqında məlumat yoxdur, ona görə də onun fəaliyyətini dayandırmışıq.
Baş katib isə dedi ki, başa düşürsünüzmü ki, bu, böhtandır? Baş katib qeyd etdi ki, biz Bakıda olanda gördük ki, bu partiya var və kiçik olmağına baxmayaraq onun öz nüfuzu var.
Nizamnaməyə görə baş katib etik komissiyanın verdiyi qərara müdaxilə edə bilməz. Ona görə də biz 4 il idi ki, mübarizə aparırdıq ki, həqiqəti sübut edək. Nəticədə həqiqət öz yerini tutdu.

- Partiyanızın konfransda iştirak hüququnu bərpa etmək üçün hansı işləri gördünüz?

- Mən konfarnsda olanda arayış təqdim etmişdim ki, bizim partiyamız 1989-cu ildə yaradılıb və nizamnaməyə görə 5 ildən bir qurultay olmalıdır. 2012-ci ildə bizdə 12-ci qurultay keçirilib. Konfransda bərpa məsələmiz müzakirəyə çıxarılanda yekdilliklə səs verildi. Sonradan hamı bizə yaxınlaşıb deyirdi ki, biz bilirdik ki, sizə şər atıblar, amma biz həmişə sizi öz ailəmizin üzvü hesab edirdik.


- Konfransda çıxış etdinizmi?

- Bizim hələ ki, fəaliyyət hüququmuz bərpa olunub, ona görə də çıxış edə bilmədik. Növbəti konfranslarda çıxış edə biləcəyik. Bizim haqqımızda şikayətlər yazan partiyamızın keçmiş üzvləri, milli demokratlar və onları himayə edən almanlar, fransızlar buna nail oldu ki, mən konfranslarda iştirak edə bilmədiyim dövrdə Daşnak partiyasının rəhbərlərindən biri “Sosintern”in (Socialist İnternational) vitse-prezidenti oldu. Bu, bizim milli demokratların və sosial-demokratların nailiyyəti idi.

- Bəs, Sosİnter-in gündəliyində nələr var idi?

- Hazırda dünyadakı siyasi vəziyyət, iqtisadi böhran və bu böhrandan çıxış yolları, sol hərəkatda olan durğunluq məsələləri var idi. Qeyd olundu ki, Avropa Birliyinə seçkilərdə solların məğlubiyyətinin əsasə səbəbi ona görədir ki, leyboristlər, Fransa və Almaniya sosialistləri hər şeyi inhisara alıblar və özləri istədikləri kimi idarə edirlər. Məsələn, fransız sosialistlərinin 100 min, Böyük Britaniyada leyboristlərin 100 min, almanların isə 20 min üzvü var. 150 min sosialist isə Finlandiyada var. Almanlar, fransızlar və leyboristlər hər şeyi özləri, Finlandiya sosialistlərinin fikrinə əhəmiyyət vermədən həll edir, bu da anti-demokratik addımdır və sol hərəkətin zəifləməsinə səbəb olur.
İki il əvvəl alman sosialistlər belə qərara gəldi ki, “Sosintern”in rəhbərliyini dəyişsinlər və buna görə də təbliğat aparmağa, şər böhtan atmağa başladılar. Bu quruma rəhbərliyi isə Keptaunda keçirilən konqress seçir. Orada gülməli bir hadisə oldu. Alman sosial-demokratları insanları hətta pulla ələ almağa çalışdılar. Bir çox ölkələrə isə buna açıq-aydın qarşı çıxdı. Daha sonra isə almanlar “Sosintern”i dağıtmaq istədilər. Bunun üçün birdən bəyanat verilər ki, yeni qurum yaradılır və bura Braziliya, ABŞ-ın Demorkatlar partiyası, Hindistanın Demokratik Konqress Partiyası, Yaponiya və s. bu qurumdakı ölkələrin heç biri üzvlük haqqı verməyəcək, hər şeyi almanlar, fransızlar və leyboristlər maliyyələşdirəcək. Birinci elə ABŞ-ın Demokratlar Partiyası bildirdi ki, bizim heç bir yeni quruma daxil olmaq fikrimiz yoxdur. Eynilə də Braziliya və başqa ölkələr. Yəni demokratiyadan danışan, hamıya demokratiyanın olmamağını irad tutan Almaniyanın özü bu qaydaları pozur.

- Gündəlikdə Azərbaycanla bağlı hər hansısa məsələ müzakirə olundumu?

- “Sosintern”də Azərbaycana qarşı münasibəti müsbətdir. Hətta orada Macarıstandan olan nümayəndə Aleksandra Dablyu belə fikir bildirdi: “Çox qəribədir, nə qədər ki, Azərbaycan Qərbə neft verir? onda Azərbaycan yaxşı ölkə olur, nə vaxt ki müstəqli siyasətini yürüdür, o saat deyirlər ki, bu ölkədə demokratiya yoxdur. Gəlin bir dəfəlik müəyyən edək ki, hansı ölkədə demokratiya var, yoxsa yoxdur”.

- Bu kofransın Bakıda baş tutacağı gözlənilirmi? Bununla bağlı təklifiniz olub?

- Biz artıq bir dəfə təklif etmişik. Rezerv variant Bakıdır. Əgər Qazaxıstan təşkil edə bilməsə onda Bakıda keçiriləcək. Amma əminəm ki, mənim qazaxıstanlı dostlarım bunu təşkil edəcək və ondan sonra yəqin ki, növbə biz’ çatacaq. Çünki hazırda Ukrayna və Ermənistanda bunu təşkil etmək mümkün deyil.

Fatimə Kərimli

Teqlər: