Baş nazirin müavinindən müxalifətə ittiham

Baş nazirin müavinindən müxalifətə ittiham
  09 İyul 2014    Oxunub:1016
Azərbaycanın hakim partiyası müxalifətin ittihamlarını əsassız sayır.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxalifət yalan informasiyaları yaymaqda davam edir ki, guya YAP-ın əməkdaşlıq qurmaq istədiyi Mərkəzçi Demokratlar İnternasionalına daxil olanlar yalnız müxtəlif ölkələrdəki müxalifət partiyalarıdır: "Bu, tamamilə yalandır. Bu beynəlxalq təşkilata 70-dən çox müxtəlif partiya daxildir. Bunların arasında sağçı, mərkəzçi, hakimiyyətdə, eləcə də müxalifətdə olan partiyalar var. Biz həmin quruma daxil olmaq niyyətimizi ortaya qoyarkən bu qurumda hansısa partiyanın müxalifət, hansısa partiyanın hakimiyyətdə olmasını nəzərdə tutmamışıq. Bu, beynəlxalq aləmdə geniş nüfuz qazanmış böyük bir qurumdur. Bu partiyaların böyük hissəsi hakimiyyətdə olan sağçı partiyalardır. Ona görə də onların bizim niyyətimizə neqativ kölgə salmaq istəkləri indiyə qədər baş tutmadığı kimi, bundan sonra da yalana istinad etdiyinə görə iflasa uğrayacaq. YAP beynəlxalq əlaqələrini genişləndirir, bundan sonra da genişləndirəcək. Həm Avropa, həm də Asiya ölkələrində ciddi partiyalar YAP-ı yaxşı tanıyırlar".

Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə sahibdir. YAP istər Avropa, istərsə də Şərq ölkələri istiqamətində geniş, şaxələnmiş əlaqələr qurub, beynəlxalq partiya təşkilatlarında təmsil olunur, onların keçirdiyi tədbirlərdə yaxından iştirak edir. YAP-ın təşəbbüsü və dəvəti ilə Azərbaycanda dəfələrlə beynəlxalq konfranslar keçirilib. Bu tədbirlərdə müxtəlif ölkələrdən çoxlu nümayəndələr iştirak edib: "Bu yaxınlarda Mərkəzçi Demokratlar İnternasionalı və Avropa Xalq Partıyasının faktaraşdırıcı nümayəndə heyəti Bakıda olub. YAP-la onların əlaqələri davam edir. Qarşıya qoyduğumuz məqsəd bu qurumlarda üzv kimi təmsil olunmaqdır. Güman edirəm ki, faktaraşdırıcı komissiyanın gələcəyi qənaət də bundan ibarət olacaq".(Trend)


Teqlər:





Xəbər lenti