Lalə Şövkət partiyasından üz döndərdi? – Müsahibə

Lalə Şövkət partiyasından üz döndərdi? – Müsahibə
  09 İyul 2014    Oxunub:1446
Lalə Şövkətin gedişindən sonra Azərbaycan Liberal Partiyası (ALP) sanki tarixə qovuşub. Partiyanın fəaliyyəti, siyasi proseslərdəki rolu demək olar ki, hiss olunmur. Səbəb nədir? ALP niyə durğunluq yaşayır?
ALP sədri AzVision.az-a müsahibəsində bu və ya digər suallara cavab verib.

- Əvəz bəy, seçkidən sonra partiyanızın fəaliyyəti nədənsə hiss olunmur. Partiyadakı bu durğunluğun səbəbi nədir?

– Biz həmişəki kimi mətbuatda qabartmadan daxili təşkilatlanmalarla məşğuluq. Mütəmadi olaraq toplanıb analizlər aparırıq. Ötən gün İcraiyyə Komitəsinin toplantısı olub. Bu zaman partiyadaxili məsələlər, seçkilərə hazırlıq, təşkilatlanma, Azərbaycan ətrafındakı geopolitik vəziyyət, bunun Azərbaycan dövlətinə yaratdığı təkidlər və partiyamızın bu məsələdə ətrafında geniş müzakirələr olub.

- Bələdiyyə seçkilərinə necə hazırlaşırsınız?

- Bələdiyyə seçkiləri Azərbaycanda güclü əhəmiyyət daşımır. Ona görə də biz bununla bağlı qərarımızı seçki ərəfəsində bəyan edəcəyik.

- Bəs, bayaq deyirsiniz toplantıda müzakirə etmisiniz?

-Yekun qərarımızı seçki ərəfəsində bəyan edəcəyin. İndidən nəsə demək düzgün olmazdı.

- Vaxtilə Milli Şuranın üzvi idiniz. Hazırda müxalifət partiyaları ilə münasibətiniz necədir?

- Demokratik qüvvələr birliyinə daxil olan partiyalarla mütəmadi olaraq məsləhətləşmələr aparırıq. Dost münasibətlərimiz qalmaqda davam edir.

- Yenidən müxalifətlə birləşmə ehtimalınız varmı?

- Qruplaşmadan danışmaq tezdir. Amma ola bilsin ki, seçki ərəfəsində bu, gündəmə gələ bilər.

-Müxalifətlə münasibətlərdən bir qədər ehtiyatlı danışırsınız. Lalə Şövkət haralardadır. Siyasi prosesləri izləyirmi?

-Lalə Şövkət Azərbaycanda gündəlik olaraq bütün sosial qrupların problemləri haqqında informasiya alır və eləcə də Azərbaycan ətrafında baş verən prosesləri də diqqətlə izləyir.

- Lalə xanım hazırda haradadır, nə işlə məşğuldur?
-Kənddə dincəlir.

-Görüşürsünüz onunla?, Belə iddialar var ki, Lalə xanım ALP-dən üz döndərib.

- Gün ərzində bir neçə dəfə telefonla əlaqə saxlayırıq, lazım olanda görüşürük. Müzakirələrimiz olur.

-Lalə xanımın proseslərə münasibəti necədir? Müxalifətin durumundan razıdırmı?

- O, Azərbaycanın dövlətçiliyi üçün yaranmış beynəlxalq geopolitik təkiddən çox narahatdır.

- Bir qədər ölkəxaricində baş verən olaylara qayıdaq. Maraqlıdır, Azərbaycan ətrafındakı geopolitik vəziyyətlə bağlı partiyanızın mövqeyi necədir?

- Regionda baş verənlərə əsasən, Azərbaycan dövlətçiliyinin qorunması barədə düşünmək lazımdır. Ukrayna hadisələri göstərdi ki, postsovet ölkələrinin NATO-ya daxil olması müşkül məsələyə çevrilib. Hətta bu yaxınlarda ABŞ prezidentinin keçmiş müşaviri bildirib ki, Ukrayna NATO-ya daxil olmamalıdır. Eyni zamanda Avrasiya İttifaqının da üzvü olmamalıdır. Bu, o deməkdir ki, Azərbaycanın NATO tərəfdarı olmasını istədikləri halda, deyəsən bizi orada gözləmirlər.

Ona görə də hesab edirik ki, Azərbaycan Ukraynanın ərazi bütvlüyünü tanımalıdır.

Qərbə inteqrasiya etməkdə olduğunu bəyan etməli, amma eyni zamanda Rusiya ilə münasibətləri korlamamalıdır. Çünki Rusiya ilə münasibətlərin korlanması Azərbaycan üçün fəsadlar yarada bilər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti