"Qarabağda ekoturizmlə bərabər sağlamlıq turizmini də dirçəltmək lazımdır"

"Qarabağda ekoturizmlə bərabər sağlamlıq turizmini də dirçəltmək lazımdır"
  03 Avqust 2024    Oxunub:312
Leyla Həsənova: "Gələcəkdə turistlər sağlamlıq turizmimizi qiymətləndirib daha çox azad olunmuş əraziləri səfər istiqaməti kimi seçəcəklər"
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm, sağlamlıq turizmi standartlarının oturuşmasını aktuallaşdırır. Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Müsahibimiz həkim, “Zəhra Xatun” Qadın İnkişaf Birliyinin rəhbəri Leyla Həsənovadır.

- İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin, o cümlədən su hövzələrinin, mineral bulaqların qorunması çərçivəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Çünki bu mineral sular hələ SSRİ-nin mövcud olduğu illərdə tibdə, müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunub.
-Həqiqətən də Qarabağın dağlıq hissəsi dünya əhəmiyyətli mineral su mənbələri ilə məşhurdur. Düzdür, uzun illər bu sərvətlərimiz işğal altında qaldığı üçün talanmış və ya dağıdılmışdı. Amma artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və nəinki burada sosial obyektlər, yaşayış binaları tikir, bərpa işləri aparır, yaşıllıqların qorunması, su hövzələrinin müalicəvi əhəmiyyətli bulaqların təmiz saxlanılması üçün tədbirlər də görür. Hazırda bu sərvətlərin bərpası, xalqın sağlamlığına sərf olunması, həmçinin ekoturizmi, sağlamlıq turizmini dirçəltmək və bu mineral sulardan səmərəli istifadə etməyin də vaxtı çatıb. Ekoturizm deyəndə təbii ki, bununla paralel sağlamlıq turizmi də nəzərdə tutula bilər. Hər iki istiqamətdə ciddi tədbirlər görülə bilər və bunun üçün resurslarımız, iqtisadi imkanlarımız kadrlarımız da var.
Tibdə mineral sulardan, xüsusi tərkibə malik yeraltı suların olduğu vanna qəbulundan geniş istifadə olunur. Bu tarixən belə olub. Yəni təkcə sovet dönəmində deyil, əvvəllər də təbiblərimiz xəstələrə bu tarixi məkanlarımızdakı imkanlardan yararlanmağı məsləhət biliblər. Bildiyiniz kimi bu tibbi baxımdan mühüm əhəmiyyətə malik suların bəziləri yer üzərinə isti su halında çıxır. Belə suların isə faydası və əhəmiyyəti daha çox olur.
Son zamanlarda isti sulardan müalicə məqsədi ilə yanaşı, digər sahələrdə də geniş istifadə olunur. Bir daha qeyd edim ki, Azərbaycandakı müxtəlif mineral su növlərinin müalicəvi xüsusiyyətləri çox qədim zamanlardan məlumdur. Təsadüfi deyil ki, ölkəmizdə olan bir çox mineral su bulaqlarının adları onların müalicə xassələrinə uyğun verilib. Qədimdən Qoturlusu bulağının qoturluq xəstəliyini, Yelisu bulağının isə yel xəstəliyini müalicə etdiyi deyilir. İstisu bulaq suyunun isti olduğu üçün onlara bu cür adlar verilmişdir. Hətta bildiyim qədəri ilə bəzi isti mineral su bulaqlarının ətrafında tikilmiş qədim vanna tikililəri indiyədək qalmaqdadır. Məsələn Xaltan, İstisu və s. 1937-ci ildən başlayaraq Azərbaycanın ən mühüm mineral su yataqlarının çoxunda (İstisu, Turşsu, Çuxuryurd, Masallı, Meşəli və s.) kompleks elmi-tədqiqat işləri aparılıb.
Bu isə təqdir olunmalıdır. Geoloji və geokimyəvi şəraitin xüsusiyyəti ilə əlaqədar olaraq bəzi rayonların yeraltı sularında radioaktiv elementlər də olur. Çaylarda ən çox yayılan radioaktiv mənşəli elementlərdən radon qazını göstərmək olar. Radon qazının sularda olması onların müalicəvi xüsusiyyətlərini yüksəldir. Təbiətdə radonlu sulara nadir hallarda rast gəlinir. Azərbaycan şəraitində isə bu cəhətdən Kəlbəcər və Laçın rayonları diqqəti cəlb edir. Bağırsaq adlanan (Kəlbəcər rayonu) mineral sular radonlu suların ən parlaq növüdür. Bu mənada mövzudan danışarkən kurort zonaları da diqqət çəkir. Qarabağın dağlıq hissəsinin kurortlar qrupuna şimaldan-cənuba doğru, yəni Xankəndidən Şuşaya kimi bu rayonun bütün ərazilərində uzanan kurort zonası xüsusilə diqqəti cəlb edir. Məlum olan mineral su bulaqlarının əksəriyyəti: Turşsu, Şirvan, Çərəktar, Kolataq, Zardanaşen, Tumu və s. bu zonanın qərb hissəsində yerləşir.

- Sağlamlıq turizmindən söz açdınız. Azad olunmuş
ərazilərdə hələlik bu istiqamətdə komplekslər qurulmayıb. Sağlamlıq turizmi yaxın gələcəkdə hansı perspektivlər vəd edir?


- Bu barədə xeyli danışmaq olar. Naftalan vannalarının, burada olan neftin müalicəvi əhəmiyyəti bütün dünyaya məlum olduğu kimi, azad olunmuş ərazilərdəki yeraltı suların, isti suların da əhəmiyyətini hər kəs bilməlidir. Məncə gələcəkdə turistlər bu məqsədlə daha çox azad olunmuş əraziləri səfər istiqaməti kimi seçəcəklər. Çünki burada elə sular ola bilər ki, onların tərkibi ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər. Bundan başqa turistlərə aşılanmalıdır ki, qida qəbulundan sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suları Qarabağ kimi ekoloji durumu yaxşı olan ərazilərdə daha çox rast gəlinir. Ümumiyyətlə kurort yerlərinə yalnız xəstə olanlar deyil, həmçinin sağlam istirahət etmək arzusunda olan və bunun üçün kifayət qədər vəsaitə malik olan insanlar da gəlirlər. Düzdür, müalicə məqsədi ilə gələn turistlərin sayı istirahət etmək və əylənmək arzusunda olanların sayından az olur. Lakin əminəm ki, azad olunan ərazilərdəki turistik məkanlarda müəyyən bərpa və yenidənqurma işləri görüldükdən sonra buranın sağlamlıq turizmi potensialından istifadə edən, müalicə məqsədilə bölgəyə baş çəkmək istəyən turistlərin də sayı durmadan artacaq. Sağlamlıq turizminin sayəsində turistik məkanların onların coğrafiyası genişlənəcək.
- Azad olunmuş ərazilərdə turizm rekreasiya zonaları yaradılır. Bu amil də müalicə turizmini seçən əcnəbi və yerli turistləri bölgəyə cəlb edə bilərmi?
-Konkret olaraq sağlamlıq turizminin gələcək perspektivləri ilə bağlı danışsaq, bəli, bir məqamı xatırlamaq olar ki, ötən il təkcə Kəlbəcərdə 5 turizm rekreasiya zonası yaradılacağı barədə məlumatlar yayılmışdı. Bunlardan 2-sinin İstusu və Zülfüqarlı turizm rekreasiya zonalarının sırf sağlamlıq turizmi baxımından ixtisaslaşmış zonalar olacağı bildirilir. Burada sırf sağlamlıq turizminin inkişafı üzərində çalışılacağı söylənilir. Bundan əlavə, İstisu və Zülfüqarlıda gələcəkdə investisiya potensialı da yarada bilər. Yəni dövlətimizin bu istiqamətdə gördüyü xeyli tədbirlər var ki, gələcək üçün ciddi perspektivlər vəd edir. Səhiyyəmiz, sağlamlığımız xəstələrin reabilitasiya üçün də bu növ turizm çox vacibdir. Azad edilmiş ərazilərdə sağlamlıq turizmi olduqca böyük potensiala malikdir. Axı bizim torpaqların haqqında söz açdığımız mövzu ilə bağlı perspektivi indi yox, keçmişdən hər kəsə bəlli olub. Hələ sovet dövründə sağlamlıq turizmi imkanlarının mövcud olduğu Kəlbəcərin İstisu termal mərkəzi, Şuşanın, Ağdamın bolneoloji sanatoriyaları bütün SSRİ-də məşhur idi. Şuşadakı kurort müəssisələri, pansionat və sanatoriyalar, Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, əfsanəvi Cıdır düzü buraya səyahətə gələnlərin sevimli yeri olub. Respublikamıza gələn yüz minlərlə turistin mühüm bir hissəsi məhz Qarabağın payına düşüb. Düşmən insanlarımızın evlərini, dövlət obyektlərini, dini və tarixi abidələrimizi dağıtdığı kimi, mövcud sanatoriya-kurort müəssisələrini də məhv edib. Amma sanatoriyaların bərpası, sağlamlıq turizminin inkişafı üçün ciddi tədbirlər görülür və biz həkimlər də bundan məmnunuq.
-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm, sağlamlıq turizminin həvəskarları ətraf mühit baxımından maarifləndirilməsi də günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var?

-Haqlısınız. Bəzən sosial şəbəkələrin Azərbaycan seqmentində bulaqların və digər sağlamlıq əhəmiyyətli su hövzələrinin artıq ora qonaq kimi gedən və ya adi səfərlər edən insanlar tərəfindən müxtəlif tullantılarla çirkləndirilməsini əks etdirən foto və videolarla da rastlaşırıq. Yuxarıda da qeyd etdiyimiz kimi əgər işlər öz qaydasında getsə, gələcəkdə burada turistlər yüksəkkeyfiyyətli tibbi müalicə əldə edə biləcəklər. Ona görə də biz indidən bu mədəniyyəti formalaşdırmalıyıq ki, gələn əcnəbilər də hər yerin təmiz olduğunu görsün. Ümumiyyətlə min bir dərdin dərmanı olan Azərbaycanın müxtəlif bölgələrində yerləşən istisu mənbələrinin, Naxçıvandakı Duzdağın, Şabrandakı Qalaaltının müalicəvi imkanlarından və s. insanlar həmişə yararlanıblar və buranı zibilləməyiblər də. İndi ümid edirik ki, Böyük Qayıdış çərçivəsində azad olunmuş ərazilərə gedən vətəndaşlarımız sağlamlıq turizminin inkişafı üçün əhəmiyyətə malik olacaq obyektləri, bulaqlar və digər ərazilərə də həssas yanaşacaqlar. Mən şəxsən bu məsələdə QHT və medianın da böyük rol oynayacağını düşünürəm. Bizim bir təşkilatımız var. “Zəhra Xatun” Qadın İnkişaf Birliyi adlanan bu təşkilat müxtəlif layihələr həyata keçirib. Düzdür, əsasən qadın sağlamlığı və digər bu kimi mövzulara toxunulub. Amma ehtiyac yaranarsa, biz də azad olunan ərazilərdə sağlamlıq turizmi, buradakı haqqında söz açdığımız resursların xalqımızın sağlamlığına təsiri istiqamətində maarifləndirici layihələr həyata keçirə bilərik. Yəni bu elə həssas mövzudur ki, bunun üçün konkret fəaliyyət istiqaməti olan təşkilatlara ehtiyac duyulmamalıdır. Maarifləndirici tədbirləri istənilən adda, istənilən fəaliyyət sahəsini seçmiş təşkilat reallaşdıra bilər. Çünki söhbət yüz minlərlə insanın əzəli, tarixi dədə-baba yurdlarına qayıtmasından gedir. Burada ciddi maarifləndirmə tədbirlərinə ehtiyaca yaranacaq. Bu işdə isə yalnız dövlət tək tədbir görməməlidir. Şəxsən mən ictimai birlik ilə tez-tez layihələr həyata keçirən və tibb işçisi olaraq maksimum öz töhfəmi verməyə hazıram. Böyük qayıdış çərçivəsində əhaliyə və müxtəlif qruplara ətraf mühit və ekoturizm mövzusu ilə yanaşı sağlamlıq turizmi ilə bağlı da maarifləndirici aksiyalar təşkil etmək olar. Bunun üçün bir sıra kreativ tədbirlər həyata keçirilə bilər. Sağlamlıq üzrə festivallar və bulaqların, kurortların müalicəvi əhəmiyyətli digər resurslarımız olduğu məkanlarda açıq havada belə seminarlar təşkil edə bilərik. Bura nəinki yerli, xarici mütəxəssisləri, mineral sular üzrə ixtisaslaşmış elm adamlarını, həkimləri cəlb etmək maarifləndirmə işində effektiv ola bilər. Su hövzələrinin ekoloji vəziyyəti ilə bağlı söz açmışdınız. Bizim su hövzələri nə qədər qorunarsa, xalqımızın sağlamlığı da bir o qədər güclü olar. Yəni məsələyə kompleks yanaşmaq lazımdır, təkcə mineral sular, bulaqlar və ya kurort məkanların ekoloji durumu deyil ümumən su hövzələrimizin təbiətimizin qorunmasını təbliğ etməliyik ki, sağlamlığımız, gələcək nəsillər üçün miras qoyacağımız resurslarımız zəif olmasın.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.
AzVision.az



Teqlər:





Xəbər lenti