114 cinayətkar qrup zərərsizləşdirilib - HESABAT

Nazir müavini qeyd edib ki, leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd əskinas, habelə istifadə müddəti ötmüş 300 tona yaxın tikinti materialı çıxarılıb, həmçinin, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 71 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
O, həmçinin vurğulayıb ki, narkotraffikə və insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində 1743 cinayət müəyyən edilib, 90 nəfərdən ibarət 27 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, qanunsuz dövriyyədən 373 kiloqram narkotik vasitə çıxarılıb. Xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 111 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alveri ilə bağlı isə 50 cinayət müəyyən edilib və bu əməllərin qurbanı olmuş 39 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. O da qeyd olunub ki, qanunçuluğun, eləcə də hər bir şəxsin hüquq və azadlıqlarının qorunması sahəsində əhəmiyyətli vəzifələri yerinə yetirən istintaq və təhqiqat qurumlarının əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri daha da yaxşılaşaraq 71 faiz təşkil edib.