Eldar Mahmudov təhlükədən danışdı

Eldar Mahmudov təhlükədən danışdı
  12 İyul 2014    Oxunub:915
İyulun 8-9-da Moskva (Rusiya) şəhərində MDB iştirakçı dövlət­lə­rin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin XIII iclası keçirilib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, beynəlxalq və regional təhlükəsizliyə, o cümlədən dini və siyasi ekstremizmin, habelə bu cür hüquqazidd təzahürlərin, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin doğurduğu təhdidlərin qarşısının alınması sahəsində təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi perspektivlərinin müzakirəsinə həsr olunmuş iclasda Azərbaycanın milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

İclasda məruzə ilə çıxış edən nazir Eldar Mahmudov bildirib ki, terrorçuluq, eləcə də onu doğuran təzahürlər, o cümlədən ekstremist və kriminal strukturlar dövlətlərin sabitliyinə və milli mənafelərinə başlıca təhdidlərdir. Regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri tərəfindən təhlükə barədə əldə edilmiş qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıyır.

Nazir Eldar Mahmudov MDB iştirakçı dövlətlərin xü­su­si xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin Müşavirənin XIII iclası çərçivəsində aparılmış müzakirələrin əmək­daş­lıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektivliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.

Müşavirənin XIII iclasının yekunları üzrə qəbul olunmuş Memorandumda təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri MDB ölkələrinin xarici təhlükəsizliyinə mümkün təhdidlərə qarşı keyfiyyətli və dövrün tələblərinə uyğun mübarizənin aparılması məqsədilə gələcəkdə daha yeni və səmərəli iki və çoxtərəfli qarşılıqlı əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və genişlən­diril­mə­si işində qətiyyətli olduqlarını bəyan ediblər.


Teqlər:  





Xəbər lenti