Xanım Qafarovanın qızı himayəyə götürüldü

Xanım Qafarovanın qızı himayəyə götürüldü
  13 İyul 2014    Oxunub:3371
Xanım Qafarovanın yaxınları dövlətdən kömək istəyir.
Ötən gün dünyasını dəyişən əməkdar artist Xanım Qafarovanın yas mərasimi keçirilib. Heydər Əliyev Fondu mərasimin bütün xərclərini öz üzərinə götürüb. İndi ailə üzvləri yalnız Xanımın yeganə övladı 7 yaşlı Gövhərin taleyindən narahatdır.

Mərhumənin əmisi Fazil Qafarov deyib ki, bir əmi kimi istəyi budur ki, Xanımın bir yadigarı - kiçik körpəsi qalıb, o körpəyə müəyyən vaxta qədər arxa dursunlar. Onu oxutsunlar, maddi və mənəvi dəstək göstərsinlər ki, uşaq ayağa qalxa bilsin.

7 yaşlı Gövhərin atası Aqil Gülmalıyev isə Xanım Qafarova ailə həyatı qurandan bəri ilk dəfə yas mərasimində görünüb. Müsahibə vermək istəməsə də, söhbət zamanı işsiz və xəstə olduğunu, övladına maddi dəstək göstərə bilməyəcəyini deyib. Bir çoxları onların ayrıldığını düşünsə də, o, 2005-ci ilin avqustundan vəfatına qədər aktrisa ilə rəsmi münasibətdə olduğunu açıqlayıb. 53 yaşlı Aqil Gülmalıyev bir ildir ki, işsizdir və şəkərli diabetdən əziyyət çəkir. Odur ki, ailə dövlətin bundan sonra göstərəcəyi yardıma ümid edir.

Mərhumənin əmisi bildirib ki, Aqilin özü də xəstədir, onun özünə baxan lazımdır: “Ona görə də uşağın oxuması üçün bütün xərcləri dövlətdən istəyir“.

Ən son məlumatlara görə, Xanım Qafarovanın övladının da xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb. Bütün xərclərinin qarşılanması, həyat şəraitinin yüksəldilməsi və yaxşı təhsil alması üçün aktrisanın azyaşlı qızı Fondun himayəsində olacaq.

Əməkdar artist Xanım Qafarova ötən gün günorta saatlarında dünyasını dəyişib. O bir neçə ildir ki, süd vəzi xərçəngindən əziyyət çəkirdi.




Teqlər:  





Xəbər lenti