Ələddin Abbasov son mənzilə yola salındı - Fotolar

  14 İyul 2014    Oxunub : 748
Ələddin Abbasov son mənzilə yola salındı - Fotolar
Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktyoru, səhnəmizin Cahandar ağası Ələddin Abbasov bu gün son mənzilə yola salınıb.
Vida mərasimi mərhum üçün doğma olan Gəncə Dövlət Dram Teatrında təşkil edilib.

Vida mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, xalq artistinin ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edib.

Vida mərasimində GDDT-nın direktoru Əli Qasımov xalq artistinin şərəfli ömür yoluna nəzər salıb. Bildirib ki, Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, Respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə calışıb. Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. “Mən ki gözəl deyildim” (İmran), “Özgə ömrü” (Ata), “Qatır Məmməd” (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, Ələddin Abbasovun ən məşhur obrazı “Dəli Kür” əsərində Cahandar ağa obrazıdır. O, deyib ki, Ələddin Abbasov Gəncəyə bağlı insan olub və bir neçə dəfə işləmək üçün Bakıya dəvət olunsa da, bütün dəvətlərə yox deyib. İcra başçısı çıxışında Gəncə Dövlət Dram Teatrının bu günə gəlib çıxmasında Ələddin Abbasovun böyük əməyinin olduğunu qeyd edib.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev isə bildirib ki, tanınmış aktyorun yaratdığı obrazlar daim sevilib və bundan sonra da seviləcək. Bu sənətə qədəm qoyan gənclər daima Ələddin Abbasov məktəbindən bəhrələnəcək.

Sonra aktyorun sənət yoldaşları onun haqqında öz xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra mərhum Gəncə şəhərində “Fəxri Xiyaban”da torpağa tapşırılıb.

Allah Rəhmət Eləsin...

Foto


Teqlər: