ABU-nu bitirənlərdən nazirə şikayət

ABU-nu bitirənlərdən nazirə şikayət
  14 İyul 2014    Oxunub:973
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin iyul ayı üçün bölgələrdə vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq təhsil naziri Mikayıl Cabbarov növbəti vətəndaş qəbulunu Xırdalan şəhərində keçirib.

İyulun 14-də nazir Mikayıl Cabbarov Abşeron Rayon Mədəniyyət Mərkəzində Sumqayıt şəhərinin və Abşeron rayonunun sakinlərini qəbul edərək onların arzu, təklif və şikayətlərini dinləyib.

Müvafiq şəhər və rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin digər əlaqədar struktur rəhbərlərinin də qatıldıqları qəbulda, ümumilikdə, 57 vətəndaş iştirak etdi.

Müraciətlər əsasən ali təhsil, tələbələrin bir ali və orta ixtisas məktəbindən digərinə köçürülməsi, müəllim yerdəyişmələri, işlə təminat, ali təhsil müəssisələrində ödəniş problemləri, artıq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin diplomlarının tanınmasında yaranmış problemlər və s. məsələlərlə bağlı idi.

Nazir Mikayıl Cabbarov qəbula gələn hər bir vətəndaşı fərdi surətdə dinlədi, əksər məsələlər yerindəcə həllini tapdı. Bir sıra müraciətlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. Bəzi məsələlər araşdırılması məqsədilə nəzarətə götürüldü. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alındı.
Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söylədilər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti