Ələkbərov qardaşları yeni təyinat gözləyir

  14 İyul 2014    Oxunub : 925
Ələkbərov qardaşları yeni təyinat gözləyir
“Gözləyirik, Allahın köməkliyi ilə bizimlə bağlı da bir təyinat olar”
İsmayıllı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Ələkbərov “Media forum” saytının suallarını cavablandırıb. AzVision.az həmin müsahibəni təqdim edir.

Nizami Ələkbərov ötən il İsmayıllıda baş verən hadisələrdən sonra icra başçısı vəzifəsindən azad olunub.

Ötən il yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı və onun tanışı yerli sakinləri təhqir edib. Bu insident böyüyərək kütləvi iğtişaşlara çevrilib. Yanvarın 24-də də davam edən olaylarda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. İsmayıllı olaylarına görə 20 nəfər məhkum olunub. O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.

- Hazırda nə işlə məşğul olursunuz?

- Elə bir işim yoxdur. Gözləyirik, Allahın köməkliyi ilə bizimlə bağlı da bir təyinat olar. Ümid edirəm ki, diqqətdən kənarda qalmayacağıq. Həmişə cənab prezidentə, dövlətimizə xidmət etmişik.

- İcra başçısı vəzifəsindən azad olunduqdan sonra özəl şirkətdə çalışırdınız. Həmin işinizdən də uzaqlaşmısınız?

- Əslində özəl şirkət deyildi. Sərbəst fəaliyyət göstərirdim. İndi də elə işləyirəm.

- İcra başçısı vəzifəsindən çıxarıldıqdan sonra İsmayıllı rayonuna getmisinizmi?

- Xeyr, getməmişəm. Buna ehtiyac da yoxdur. Ora getməyim üçün zərurət də olmayıb. Amma mənim ismayıllılardan, İsmayıllı camaatının da məndən heç bir incikliyimiz yoxdur. Bayramlarda, ad günümdə mənə ən çox zəng edən, təbrik edən İsmayıllı camaatı olur. Mənə zəng edənlər arasında rayonda müxtəlif vəzifələrdə çalışanlar da, sadə vətəndaşlar da olur.

- Sizcə, İsmayıllıya getsəniz insanlar sizi necə qarşılayar?

- Mən ən çox ismayıllılarla əlaqə saxlayıram, onları çox istəyirəm, böyük hörmətim var. Ən böyük yaxşılığa layiq camaatdır. Hesab edirəm ki, onların da mənə münasibəti yaxşıdır. Bunu rayona gedib sadə insanlardan da soruşa bilərsiniz. İndi hadisəydi oldu, heç kim istəməzdi ki, olsun. Hadisələr başlayan andan insanların arasında olmuşam. Yanımda bir nəfər də olsun mühafizəçi, polis olmayıb. Sərbəst formada hərəkət etmişəm, insanlarla danışmışam. 6 il 6 ay İsmayıllının icra başçısı işləmişəm. Heç vaxt yanımda polis, mühafizəçi olmayıb, rayonda hara istəmişəm tam rahat, sərbəst getmişəm, toyda, yasda iştirak etmişəm. Rayonun bütün kəndlərində dəfələrlə olmuşam, camaatla görüşmüşəm, problemlərini həll etməyə çalışmışam, dərdlərinə şərik olmuşam. Camaatla aramızda hörmət-izzət olub, mehriban olmuşuq. Gərək hadisələr olmayaydı, amma neyləmək olar, oldu.

- İsmayıllıda eviniz var?

- Mən orada işləyəndə vardı, indi isə yoxdur. İsmayıllıdakı evimizi satdıq.

- Niyə satdınız?

- Əslində mənim evim deyildi. Oğlumun adına idi. Sonra da qalmasına ehtiyac olmadı, satdıq. Söz-söhbət olurdu, ona görə də satdıq.

- Dediniz ki, İsmayıllı camaatı ilə sıx əlaqələriniz var. Camaat yeni icra başçısı Mirdamət Sadıqovun fəaliyyətini necə qiymətləndirir?

- Çox gözəl işləyir. Mirdamət Sadıqov ziyalı, ağsaqqal, İsmayıllıda çox nüfuzlu, hörmətli şəxsdir. Mən icra başçısı işləyəndə Mirdamət müəllimi hər zaman bütün tədbirlərə dəvət edirdim, məclisin başında əyləşirdi. İndi də rayonu çox gözəl idarə edir, yaxşı işlər görür.

- Siz işdən azad olunandan bir müddət sonra əmək və əhalinin sosial müdafiəsi naziri işləyən qardaşınız Füzuli Ələkbərov da vəzifəsindən çıxarıldı. İşdən çıxarılmalar siz qardaşlara qarşı aparılan kampaniyanın nəticəsi idi?

- Xeyr, heç bir kampaniya olmayıb. Bizə etimad göstərildi, işlədik. Başlanğıc olduğu kimi zaman gəlir, son da olur. İndi başqa bir mərhələ, dəyişiklik də gözlənilir. İnşallah, belə olar. Həyatdır da, həyatda hər şey olur.

- Füzuli Ələkbərovla əlaqəniz var, görüşürsünüz?

- Təbii. Biz qardaşıq, əlaqə saxlayırıq, görüşürük.

- Füzuli müəllim Azərbaycandadır, yoxsa xaricdə yaşayır?

- Füzuli müəllim heç hara getməyib, Azərbaycandadır. Biz hamımız vətənimizdəyik. Sadəcə olaraq Füzuli müəllim hazırda xaricdə yay məzuniyyətindədir.

- Füzuli Ələkbərov ümumiyyətlə nə işlə məşğul olur?

- Füzuli müəllimin işi-gücü var.

- Yəqin biznesi nəzərdə tutursunuz…

- Bəli.

Teqlər: