Qaraçı qadının “Binə” bazarında “xəz əməliyyatı”

Qaraçı qadının “Binə” bazarında “xəz əməliyyatı”
  15 İyul 2014    Oxunub:1690
Bakı Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini, 1954-cü il təvəllüdlü Zuhrə Bəkir qızı Mahmudovanın məhkəmə prosesi yekunlaşıb.

AzVision.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Zuhrə Mahmudova ötən il iyun ayının 11-də əvvəllər tanıdığı, adı istintaqa “Elşən” kimi məlum olan şəxslə birlikdə soyğunçuluq etmək qərarına gəlib. Bu məqsədlə onlar “Binə” ticarət mərkəzinə gedərək xəz kürklər (“şuba”) satılan mağazalara baş çəkiblər.

Plana əsasən “Elşən” satıcının başını söhbətə qatmalı, Zuhrə isə oğurluq planını həyata keçirməli olub. “Elşən”in “Euro Mex” mağazasının satıcısı Güləxanım Şıxıyevanı söhbətə tutmasından istifadə edən Zuhrə tez-tələsik iki ədəd qadın kürkünü paltarının altında gizlədərək mağazadan çıxıb.

Onun hərəkətlərindən duyuq düşən satıcı arxasınca qaçaraq yaxalaya bilib. Hadisə yerinə gedən polis əməkdaşları Z.Mahmudovanı yaxalayaraq Qaradağ Rayon Polis İdarəsinə (RPİ) aparıblar.

Qaradağ Rayon Məhkəməsi tərəfindən Z.Mahmudova barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilsə də sonradan həbs-qətimkan tədbirinin ev dustağlığı ilə əvəz olunmasına dair qərar qəbul edilib.

Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisə baş verən gün yaşadığı Yevlax rayonundan Bakıya gəldiyini göstərib: “Alış-veriş etmək üçün “Binə” ticarət mərkəzinə getdim. Orada həmyerlim Elşənlə rastlaşdım. Birlikdə şuba satılan mağazaya gəldik. Elşən satıcı ilə söhbət edirdi, hətta şubalardan birini ona geyindirib baxırdı. Satıcı qadının başının qarışıq olduğunu görüb oradakı şubalardan birini büküb paltarımın altında gizlətdim. İkinci şubanı gizlətmək istəyəndə satıcı görüb üstümə gəldi və şubanı əlimdən aldı.

Bunu görən kimi Elşın mağazadan qaçdı. Mən də digər qapıdan çıxıb qaçmağa başladım. Satıcı məni 4-cü sırada tutub saxlasa da əlindən çıxa bildim. Qadının səsinə polislər gəldilər, məni tutub saxladılar. Polislərdən biri paltarımın altında gizlətdiyim şubanı çıxartdı. Sonra polis bölməsinə apardılar”.

Təqsirləndirilən şəxs ilkin ifadəsində cinayəti “Elçin” adlı şəxslə birlikdə törətdiklərini desə də sonradan bunları təkzib edib: “Heç yerdə işləmirəm, maddi cəhətdən korluq çəkirəm. Düşünürdüm ki, oğurluq etsəm, özümə çörəkpulu qazanaram. Əsas məqsədim “Sədərək” və “Binə” ticarət mərkəzlərindəki mağazalardan pal-paltar oğurlayıb Yevlaxa apararaq satmaq olub. Mağazaya girəndə bir oğlanın satıcı ilə söhbət etdiyini gördüm. Əlverişli məqam yarandığından şubaları oğurlamaq istədim. Mən Elşən adlı şəxsi tanımıram. Mağazaya tək girmişdim. Həyəcanlı olduğum üçün o cür ifadə vermişəm”.

Prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Z.Mahmudova Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Yeri gəlmişkən onu da bildirək ki, bu, Zuhrə Mahmudovanın ilk və son oğurluğu deyil. Sonuncu cinayəti isə ev dustaqlığında olarkən törədib. Bu ilin aprel ayında Z.Mahmudova həmyerlisi Almara Nadirova ilə Salyan rayonunda dilənçiliklə məşğul olarkən Salyan rayonu, Boranıkənd kənd sakini Elçin Əliyev adlı şəxsin evindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dilənçi qadınlar yaxalanıb. Bu cinayət işi üzrə isə hazırda istintaq aparılır.


Teqlər:





Xəbər lenti