Gənclər müxalifətdən üz döndərdi – SƏNƏD

Gənclər müxalifətdən üz döndərdi – SƏNƏD
  16 İyul 2014    Oxunub:1527
Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi üzv olduqları müxalifyönümlü REAL, NİDA təşkilatlarının və AXCP-nin sıralarını tərk edərək Yeni Azərbaycan Partiyasına keçiblər.

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Günay Səfərova bildirib ki, o, AXCP-də yalnış yönləndirildiyinin fərqinə varıb və dövlətçiliyi dəstəkləmək üçün ən doğru yol kimi YAP-ı seçib.

Həmin fakültənin digər tələbəsi Şünasi Lətifzadə də aldadılaraq müxalifyönümlü təşkilata cəlb olunduğunu və orada daha qala bilməyərək YAP-a üzvlük üçün müraciət etdiyini söyləyib. Tələbə Fərid Vəliyev də seçiminin Yeni Azərbaycan Partiyası olduğunu bildirərək YAP-a keçib.

Onlar yazdıqları müraciətdə ictimai-siyasi, sosial fəallığını genişləndirmək üçün bir çox kurslarda, təlim və seminarlarda iştirak etdiklərini, təcrübəsizlikdən sonradan həmin tədbirlərin müxalifyönümlü insanlara aid olduğunu, qərəzli məqsədlərdən qaynaqlandığını, gənclərin doğru olmayan istiqamətə yönəldilmələrini etiraf ediblər.

Gənclər həmçinin bildirirlər ki, həmin təşkilatlar, kurslar onların ideya və prinsiplərinə qətiyyən uyğun deyil və ola da bilməz. Bundan sonra Yeni Azərbaycan Partiyasının sıralarında fəal mövqe tutmağı, əqidə və amalları, yüksək fəallıqları, qüvvə və bacarıqları ilə Azərbaycanın irəliyə getməsinə öz töhfələrini vermək, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmək arzusunda olduqlarını bəyan edirlər.

Səfərova Günay Fəqət qızı, Lətifzadə Şünasi Rafiq oğlu və Vəliyev Fərid Azay oğlu tərəfindən Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatına ünvanlanan müraciətin mətnini Sizə olduğu kimi təqdim edirik.

“Mən Səfərova Günay Fəqət qızı ali təhsil aldığım müddətdə ictimai-sosial işlərdəki aktivliyimi də davam etdirmək və xarici dil biliklərimi artırmaq istəyirdim. Bu zaman gəncliyim və təcrübəsizliyimdən dolayı bilmədən müxalifyönlü insanlar tərəfindən onlara aid təşkilat və kurslara yönləndirildim.

Qeyd etməliyəm ki, istər aldığım təhsil, istər ictimai-sosial fəaliyyətimdə yeganə və ən ali məqsədim Azərbaycan xalqına və dövlətinə layiqli xidmət etmək olmuşdur. Lakin bilmədən yönəldildiyim mövqelərlə əslində eyni məqsədə xidmət etmədiyimi anladım və həmin andan etibarən daha düzgün yol seçməyə qərara verdim.

Bu həqiqətləri görməkdə təhsil aldığım müəssisənin rəhbərliyi və dövlətçiliyə sədaqətli insanların mənimlə apardıqları söhbətlərin rolu böyük olmuşdur. Sevinirəm ki, həmin insanlar zamanında mənə doğru yolu və öz köməkliklərini göstərdilər.

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti hər zaman dəstəkləmişəm və bu gün də dəstəkləyirəm. Heç bir zaman hər hansı partiyanın, təşkilatın və qurumun üzvü olmamışam. Heç bir qüvvə də məni buna təhrik edə bilməz. Eləcə də bildirirəm ki, könüllü olaraq Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etmişəm. Hər zaman olduğu kimi Azərbaycan dövlətçiliyini və ulu öndər siyasətini dəstəkləyirəm”.

AzVision.az





Teqlər:  





Xəbər lenti