Azərbaycanda rüşvət alanların sayı - STATİSTİKA

Azərbaycanda rüşvət alanların sayı - STATİSTİKA
  17 İyul 2014    Oxunub:995
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2014-cü ilin I yarımilinə olan hesabatı təqdim olunub.

AzVision.az xəbər verir ki, hesabatda Azərbaycanda rüşvət alınması ilə bağlı faktları ictimaiyyətə açıqlanıb.

İdarənin rəisi Kamran Əliyev bildirib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

“Cinayət işləri Ağcabədi Pedoqoji Kollecinin direktoru Sahib Hüseynovun kollecin tələbəsindən sessiya imtahanlarından müsbət qiymət alması müqabilində 450 manat məbləğində rüşvəti alması, Bakı şəhər Nizami rayonu 117 №-li Mənzil Kommunal İstismar sahəsinin rəisi Bəşir Bəşirovun müvafiq sənədlərin verilməsi müqabilində vətəndaşdan 2 min manat, “Merac Holdinq”in İdarə Heyətinin sədri Səbuhi Əliyevin zəlzələdən zərər çəkmiş ərazilərdə 204 evin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində 20 min manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olub”.

K.Əliyev həmçinin vurğulayıb ki, 2014-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 147 şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib:

“Həmin cinayət işlərindən 3 şəxs barəsində 2 iş rüşvət vermə, 4 şəxs barəsində 4 iş rüşvət alma, 16 şəxs barəsində 11 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 4 şəxs barəsində 4 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 53 şəxs barəsində 38 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 25 iş dələduzluq və digər faktlarla əlaqədar olub”.

K.Əliyev qeyd edib ki, məhkəmələrə göndərilən cinayət işləri üzrə 11 milyon 870 min manat ziyandan istintaq müddətində 6 milyon 10 min manat və ya 50,6 %-i ödənilən, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulan tədbirlər görülüb.

K.Əliyev qeyd edib ki, 2014-cü ilin I yarımili ərzində idarə tərəfindən vətəndaşların 1.603 müraciətinə baxılıb, həmçinin 169 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. Cinayət işlərinin 34%-i vəzifədən sui-istifadə, 5%-i vəzifə saxtakarlığı, 9%-i dələduzluq, 12%-i isə digər cinayətlər olub.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 2.864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, həmçinin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dələduzluq 25%, rüşvət alma 4%, rüşvət vermə 2%, saxta sənədlərdən istifadə 5%, vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi 4%, vəzifə saxtakarlığı 3% olub. 11 milyon 870 min 261 manat ziyan dəyib. Bunlardan 7 milyon manatı ödənilib.


Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti