“ASAN” Mehman Əliyevdən üzr tələb etdi

“ASAN” Mehman Əliyevdən üzr tələb etdi
  17 İyul 2014    Oxunub:4319
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev jurnalist Mehman Əliyevin “ASAN xidmət”lə bağlı yersiz iradlarına tutarlı şəkildə cavab verib.

AzVision.az-a müsahibəsində Ülvi Mehdiyev Mehman Əliyevin “Asan xidmət”in Azərbaycan hökumətinin təşəbbüsü deyil, USAID-in qrant layihəsi olması haqda iddialarının əsassız olduğunu bildirib:

-Bu o qədər gülünc yalandır ki, bunu yay fəslinə xarakterik olan günvurma sayıqlaması və ya müxtəlif şübhəli üsullarla aldığı qrantların öhdəliyindən doğan fikirlər kimi başa düşürəm.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə yaradılıb.

2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmana əsasən “ASAN xidmət” mərkəzləri vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqvimin bütün günlərində vahid məkanda həyata keçirilməsi məqsədi ilə yaradılıb.

2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanla Dövlət Agentliyinin Əsasnaməsi və ASAN xidmət mərkəzlərində göstərilən xidmətlərin siyahısı təsdiq edilmiş, həmin ilin dekabrın 29-da Cənab Prezident İlham Əliyevin iştirakı ilə ilk ASAN xidmət mərkəzinin açılışı olub.

Qısa müddət ərzində Cənab İlham Əliyevin birbaşa dəstəyi ilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumilikdə 6 ASAN xidmət mərkəzi fəaliyyətə başlamış, xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobuslar vasitəsilə “ASAN xidmət” mərkəzlərinin fəaliyyət dairəsinə daxil olmayan regionlarda yaşayan əhaliyə səyyar xidmətlər göstərilib.

Ümumilikdə fəaliyyətdə olduğu 1 il 6 ay ərzində iki milyon iki yüz mindən artıq vətəndaşa xidmət göstərilib.

“ASAN xidmət” mərkəzləri öz fəaliyyətini cənab Prezidentin müəyyən etdiyi prinsiplər əsasında quraraq 99 faiz vətəndaş məmnunluğuna nail olmuş və qarşıya qoyulan vəzifələrin icrasını davam etdirməkdədir.
“ASAN xidmət” Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən və korrupsiyaya qarşı mübarizəyə hədəflənmiş effektiv institusional islahatlardan biridir.

Əgər Mehman ƏIiyev ASAN xidmətin qrant layihəsi olduğunu və USAİD tərəfindən maliyyələşdiyini deyirsə, bu layihənin USAİD-ə kim tərəfindən nə vaxt təqdim edildiyini, nə qədər qrant ayrıldığını və bununla bağlı sənədləri təqdim etsin.

Ümumiyyətlə “ASAN xidmət”i bir konsepsiya olaraq açıqlasın. Burda iş üslubu, metodları, yuxarıda qeyd etdiyim məqsədlərə çatmaq üçün hansı vasitələrdən istifadə ediliyini açıqlasın.

Bütün bunları edə bilməsə, cəmiyyətə yalan danışdığı üçün üzr istəsin.
Yalana görə üzr istəmək özü də bir cəsarət tələb edir.

AzVision.az



Teqlər:  





Xəbər lenti