31 min 326 abituriyent imtahan verəcək

31 min 326 abituriyent imtahan verəcək
  18 İyul 2014    Oxunub:1119
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (XI illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada təşkil olunacaq.

İmtahanların idarə olunmasına 238 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 589 nəzarətçi-müəllim cəlb ediləcək.

İmtahanda 31 min 326 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15 min 562 abituriyent II qrup üzrə, 15 min 764 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 28 min 178 nəfəri (II qrup üzrə 13 min 689 nəfər, III qrup üzrə 14 min 489 nəfər) Azərbaycan bölməsinin, 3 min 148 nəfəri (II qrup üzrə 1873 nəfər, III qrup üzrə 1275 nəfər) isə rus bölməsinin məzunudur.

158 abituriyent xarici ölkələrin vətəndaşıdır.
İ
mtahan saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 12-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur.

Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiq edən sənədin əslini; “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16.00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri
TQDK-nın internet saytında yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq.

Tam orta təhsil bazasında (XI illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti