`Transparency İnternational` korrupsiya ilə mübarizəyə müsbət qiymət verdi

  18 İyul 2014    Oxunub : 956
`Transparency İnternational` korrupsiya ilə mübarizəyə müsbət qiymət verdi
Bu gün “Transparency İnternational” təşkilatının beynəlxalq hesabatı olan “Azərbaycanın Milli Şəfafflıq Sisteminin Qiymətləndirməsi-2014” hesabatını təqdim edib. Hesabatın beynəlxalq təqdimatı 3 iyul 2014-cü il tarixində Brüssel şəhərində baş tutmuşdu.

Tədbirdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov Azərbaycanda antikorrupsiya siyasəti, əldə edilmiş nailiyyətlər, islahatların həyata keçirilməsində hökumət-vətəndaş cəmiyyəti dialoqunun əhəmiyyəti barədə danışıb.

Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq üzrə rəhbəri Frederik Berna da öz növbəsində iştirakçıları salamlayıb və qeyd edib ki, Avropa Birliyinin “Milli Şəffaflıq Sistemi Qiymətləndirməsi-2014” layihəsinə dəstəyi Birliyin Şərq Tərəfdaşlığı regionunda, konkret olaraq isə Azərbaycanda yaxşı idarəçilik ilə bağlı islahatlara verdiyi xüsusi önəmi göstərir.

“Beynəlxalq Şəffaflıq” təşkilatının özünəməxsus metodologiyası əsasında hazırlanmış bu tədqiqat ölkədə sistemli korrupsiya risklərini qiymətləndirir və bu risklərin gələcəkdə azaldılması və ölkədə şəffaflığın təşviq edilməsi üçün hökumət, vətəndaş cəmiyyəti və biznes sektoruna bir sıra tövsiyələr verir. Bu günə kimi, bu qiymətləndirmə “Beynəlxalq Şəffaflıq” təşkilatının 100-dən çox ölkə nümayəndəlikləri tərəfindən icra olunmuşdur. “Şəfafflıq Azərbaycan” təşkilatı da “Beynəlxalq Şəffaflıq” təşkilatının MDB üzv ölkələrindəki digər nümayəndəlikləri ilə birlikdə Milli Şəfafflıq Sisteminin Qiymətləndirməsini 2013-cü ilin əvvəlindən başlayaraq aparmaqda idi.

Hesabatda qeyd edilir ki, son zamanlar korrupsiyanı cinayət əməli kimi təsbit edilməsi, dövlət qulluğuna qəbulda nailiyyətlər, hüquq mühafizə orqanlarında islahatlar, ASAN xidmət mərkəzlərinin və elektron xidmətlərin yaradılması ilə Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə, eləcə də qabaqlayıcı tədbirlər görmək istiqamətində uğurlar əldə edə bilib. Bu uğurlar 2013-cü il Beynəlxalq Şəffaflıq Təşkilatının Qlobal Korruspiya Barometri və 2013-cü il Qlobal Korrupsiya hesabatında da əks olunmuşdur. Davam edən islahatlar hökumətin iki əsas strateji sənədi çərçivəsində aparılır: Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və Açıq Hökumət Tərəfdaşlığı üzrə Milli Fəaliyyət Planı. Hesabatda əks olunmuş tövsiyələrdən bir qismi hər iki Fəaliyyət Planı çərçivəsində görülməli olan tədbirlərlə səsləşir.

“Şəffaflıq Azərbaycan” təşkilatı xüsusən vurğulamaq istəyir ki, əsas uğur hökumət, vətəndaş cəmiyyəti, media, özəl sektor və Azərbaycan vətəndaşlarının indiyə kimi həyata keçirilmiş birgə səylərinin daha da gücləndirilməsindən keçir.







Fatimə Kərimli

Teqlər: