Elmar Vəliyev hesabat verdi

Elmar Vəliyev hesabat verdi
  18 İyul 2014    Oxunub:935
Gəncə şəhər İcra Hakimiyyətində 2014-cü ilin ilk 6 ayının hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin 2014-cü ilin iki rübü ərzində şəhərin sosial-iqtisadi inkişafına dair hesabat məruzəsi dinlənilib.
AzVision.az xəbər verir ki, icra başçısı bildirib ki, ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində bütün regionlarda olduğu kimi, Gəncə şəhərində də sosial-iqtisadi inkişafa nail olunub.

İcra başçısı bildirib ki, hazırkı göstəricilər onu deməyə əsas verir ki, Gəncə şəhərində bütün sahələr üzrə artım qarşıdakı aylar ərzində daha da yüksək olacaq. Bildirilib ki, ötən müddət ərzində şəhərdə istehsal edilən ümumi məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıb.

6 ayda iqtisadi göstəricilər çox müsbətdir. İqtisadiyyat 2,1 faiz, qeyri-neft sektoru isə 7,0 faiz səviyyəsindədir. Makroiqtisadi sabitliyin davam etməsi nəticəsində inflyasiya 1,6 faiz təşkil edib. Əhalinin pul gəlirləri 4,7 faiz artmış, yəni inflyasiyanı 3 dəfə üstələmişdir. Kənd təsərrüfatında da inkişaf müşahidə olunub. Təxminən 6,0 faiz artım qeydə alınıb.

2014-cü ilin 6 ayında şəhər İcra Hakimiyyətinə vətəndaşlardan 5 min 979 müraciət daxil olub ki, bunlardan da 4 min 901-i və ya 82,0 faizi bilavasitə yerli İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir. Daxil olmuş müraciətlərin yalnız 3,1 faizini şikayətlər və təkliflər təşkil edir.

Hesabat dövründə rəhbər orqanlardan 1 min 78 sayda, o cümlədən Prezident Administrasiyasından 833 sayda müraciət daxil olub. 2014-cü ilin yanvar-iyun ayları ərzində keçirilmiş səyyari qəbullarda 8 min 300 nəfər iştirak etmiş, bunlardan 681 nəfər vətəndaş tərəfindən irəli sürülmüş 115 məsələnin hamısı öz müsbət həllini tapmışdır.

Yeni irimiqyaslı layihələrdən söz açan Elmar Vəliyev vurğulayıb ki, şəhərin nəqliyyat sektorunda önəmli yeniliklər gözlənilir. Bundan başqa Gəncənin Heydər Əliyev parkı yaxınlığında çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Səhiyyə, təhsil və mədəniyyət sahələrində yenidənqurma işləri davam edir.

Elmar Vəliyev əlavə edib ki, yeni tədris ili ərəfəsində səkkiz məktəb binası əsaslı təmirdən sonra istifadəyə veriləcək. İlin sonuna kimi isə Gəncə şəhərində 15-ə yaxın körpələr evi uşaq bağçaları yenidən qurulacaq. Avadanlıq və inventarla təhciz ediləcək. İca başçısı xatırladıq ki, ümumilikdə 2014-cü ilin sonuna kimi şəhərdə 20 binanın açılışı gözlənilir.

Bundan başqa 1,2 kilometr ərazidə bulvar kompleksi 2015-ci ilə kimi təhvil veriləcək. Cari ilin sentyabr ayında Göygöl su xəttinin açılışı nəzərdə tutulur. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, şəhərdə Fəxri Xiyabanın yaradılması və ərazisinin təyin edilməsi ilə bağlı sərəncam da artıq imzalanıb. Şəhər rəhbəri xatırladıb ki, AMEA-nın aqrar bölməsinin Gəncə şəhərinə köçürülməsi ilə bağlı da razılıq əldə edilib.


Teqlər:  





Xəbər lenti