Vasif Talıbovdan irad: “Nöqsanlara yol verilir”

 Vasif Talıbovdan irad: “Nöqsanlara yol verilir”
  19 İyul 2014    Oxunub:1041
İyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, müşavirə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sədrliyi ilə olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, iqtisadiyyat və sənaye naziri Famil Seyidov, rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli və Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev müşavirədə çıxış ediblər.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva müzakirə olunan məsələ ilə bağlı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq deyib: “Muxtar respublikada təhsilin inkişafına daim üstün istiqamət verilir. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunur. Buna baxmayaraq işdə bir sıra nöqsanlara da yol verilir. Aparılmış yoxlamalar göstərir ki, təhsil müəssisələri yaradılmış şəraitdən lazımi səviyyədə istifadə edə bilmirlər. Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tədris prosesinin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun qurulmasını təmin etməlidirlər.

Mövcud yüksək maddi-texniki baza elektron təhsilin təşkili üçün əlverişli şərait yaradıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılmasını yeni dərs ilinə qədər başa çatdırmalıdır. Təhsil müəssisələri elektron təhsilin imkanlarından düzgün istifadəyə diqqəti artırmalıdırlar.

Muxtar respublikada optik şəbəkənin genişləndirilməsi digər sahələrdə olduğu kimi, təhsildə də internetdən istifadəyə əlverişli şərait yaradıb. Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri internetdən səmərəli istifadəyə nail olmalıdır”.


Teqlər:





Xəbər lenti