Prezidentin tapşırıqları Nazim İmanova çatdırıldı

Prezidentin tapşırıqları Nazim İmanova çatdırıldı
  19 İyul 2014    Oxunub:1111
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat institutunun əməkdaşları ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə S.Müslümov Azərbaycanın makroiqtisadi inkişafının cari ilin ilk yarımilində də davam etdiyini konkret göstəricilər əsasında diqqətə çatdıraraq vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi tərəqqi strategiyası bu uğurlarla yanaşı, respublikada yeni yaradılan iş yerlərinin sayının da artmasına şərait yaradır:

“Son altı ayda 52 mini daimi olan daha 65 min iş yeri açılıb ki, bununla 2003-cü ildən bu günə qədər regional inkişaf proqramları nəticəsində yaranan iş yerlərinin sayı artıq 1 milyon 300 minə çatıb”.

Nazir respublika hökumətinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev tərəfindən əhalinin sürətli artımına uyğun olaraq, yeni iş yerlərinin açılması prosesinin daimiliyinin təmin olunması, iş yerləri yaradılacaq sahələrin, bununla bağlı investisiya istiqamətlərinin müəyyən edilməsi üçün Azərbaycanda uzunmüddətli məşğulluq konsepsiyasının hazırlanması barədə tapşırıq verdiyini nəzərə çatdırıb: “Hazırlanacaq konsepsiya yeni iş yerlərinin yaradılması və əhalinin səmərəli məşğulluğunun təminatı, işsizliyin azaldılması sahəsində növbəti ciddi irəliləyişləri şərtləndirəcək”.

Tapşırığın icrası ilə bağlı müvafiq işlərə başlandığını bildirən S.Müslümov 2016-2025-ci illəri əhatə edəcək konsepsiyanın hazırlanması üçün nəzərdə tutulan prioritet istiqamətlərdən bəhs edib: “Bunlar makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, yeni iqtisadi inkişaf mərhələsində məşğulluq siyasətinin, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, rəqabətə davamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılmasıdır. Həmçinin işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyət və sosial tərəfdaşlığın inkişafı və s. diqqətdə saxlanacaq”.

Nazir konsepsiyanın hazırlanmasında yerli mütəxəssislərin iştirak etməsinin vacibliyini önə çəkərək, AMEA-nın İqtisadiyyat institutu ilə bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.

Daha sonra AMEA-nın İqtisadiyyat institutun direktoru Nazim İmanov ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm önəm kəsb edən sahə ilə bağlı sənədin hazırlanması prosesinə elmi mütəxəssislərin cəlb olunması istiqamətində təşəbbüsü müsbət dəyərləndirib. O, konsepsiyanın hazırlanmasında yaxından iştirak etmək niyyətində olduqlarını vurğulayıb.

Görüşdə konsepsiyanın hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə AMEA-nın İqtisadiyyat institutu arasında hansı istiqamətlərdə əməkdaşlığın mümkünlüyü məsələlərinə toxunulub.



AzVision.az


Teqlər:  





Xəbər lenti