İlin sonuna içməli su problemi qalmayacaq

İlin sonuna içməli su problemi qalmayacaq
  20 İyul 2014    Oxunub:808
Azərbaycan Hökumətinin və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdikləri “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər uğurla davam etdirilir.
“Azərsu” ASC-dən AzərTAc-a verilən məlumata görə, “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcək.

Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Beyləqan şəhərində 20 mindən artıq əhalinin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda, rayon mərkəzində yeni kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.

İcrasına 2012-ci ilin oktyabrında başlanılan layihə üzrə işlərin böyük hissəsi yerinə yetirilib. Beyləqan şəhərini içməli su ilə təmin etmək üçün Əlinəzərli kəndi yaxınlığında 5 subartezian quyusu qazılıb və buradan şəhərədək 8,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 su anbarının, xlorator binası və nasos stansiyasının tikintisi isə davam etdirilir.

Əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 91 kilometr nəzərdə tutulan şəhərdaxili su şəbəkəsinin 75 kilometrlik hissəsində işlər tamamlanıb, 4200 ev birləşməsi verilib. Növbəti mərhələdə bütün abonentlər “smart-kart” sayğaclarla təmin olunacaqlar. Layihə çərçivəsində şəhərin müxtəlif küçə və məhəllələrində 285 yanğın hidrantı da quraşdırılıb.

Şəhərdə yaranan tullantı sularının optimal idarəedilməsi məqsədilə tikintisi nəzərdə tutulan 89 kilometr uzunluğunda kanalizasiya xəttinin 72 kilometrlik hissəsində işlər başa çatdırılıb, 2 minə yaxın baxış quyusu inşa olunub. Su və kanalizasiya şəbəkələrinin tikintisi cari ilin sonunda başa çatdırılacaq.

Layihənin növbəti mərhələsində tutumu 1000 kubmetr olan su anbarı və sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək.


Teqlər:





Xəbər lenti