“Təmiz Şəhər” üçün kadr hazırlanacaq

Əldə olunmuş razılaşma ilə universitetin müəllim və tələbələri “Təmiz Şəhər” ASC-nin iş təcrübəsindən yararlanacaq, peşə hazırlığının artırılması məqsədilə səhmdar cəmiyyətdə təcrübə keçəcək, tələbələrin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodlarına məlumat turları təşkil ediləcək, fərqlənən tələbələr yay məktəblərində iştirak etmək imkanı əldə edəcəklər. Bundan başqa, universitetin professor-müəllim heyəti müqavilə əsasında İqtisadiyyat və Sənaye Nazirliyinin “Təmiz Şəhər” ASC vasitəsilə həyata keçirilən müvafiq layihələrinə məsləhətçi kimi cəlb ediləcəklər.
Tullantıların idarə edilməsi dünyada yeni bir sahədir və bu istiqamətdə gənc və savadlı kadrların hazırlanması, bu işin ayrıca ixtisas kimi tədrisi önəmlidir. AzMİU ilə “Təmiz Şəhər” ASC arasındakı razılaşmaya əsasən, səhmdar cəmiyyət tullantıların idarə edilməsi sahəsində təhsil almış gəncləri işə qəbul edəcək.
“Təmiz Şəhər” ASC həmçinin, elmi tədqiqat işlərində universitetin bazasından istifadə edəcək, gələcək mütəxəssislərin nəzəri və əyani bilik səviyyəsinin daha da artırılması üçün universitetin korpuslarının birində “Təmiz Şəhər Mərkəzi” qurulacaqdır.