Daha bir nazir jurnalistləri təbrik etdi

Daha bir nazir jurnalistləri təbrik etdi
  22 İyul 2014    Oxunub:706
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.
Təbrikdə deyilir:

Bu gün ölkəmizdə Azərbaycan milli mətbuatının yaranması günü kimi tarixə düşüb. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Ölkəmizdə söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifələrdən biridir.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı.

Ümummilli liderin mütərəqqi siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib.

Hazırda ölkədə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilib.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 139 il keçir. Peşə bayramı münasibəti ilə, mətbuat işçilərinin hər birini səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Heç şübhəsiz ki, jurnalistlərin peşə fəaliyyəti bilavasitə müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə bağlıdır.

Ölkədə İKT sektorunda həyata keçirilən genişmiqyaslı işlər fonunda jurnalist əməyinin müasir texnologiyalar sayəsində yüngülləşdiyini desəm, yəqin ki, yanılmaram. Bu gün milli mətbuatımızın çoxsaylı jurnalist üzvü operativ surətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətini və ümumən ölkədə yüksək texnologiyalar sektorunda həyata keçirilən işləri peşəkarlıqla işıqlandırır və bilavasitə informasiya cəmiyyətinin bir üzvinə çevrilir.

Əziz mətbuat işçiləri!

Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edir, bir daha səmimi qəlbdən peşə bayramınızı təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzu edirəm!

AzVision.az


Teqlər:





Xəbər lenti