`31069 nəfər üzvümiz var` - YAP

  23 İyul 2014    Oxunub : 464
`31069 nəfər üzvümiz var` - YAP
Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının yaradılmasının 21 ili tamam olur

1993 - cü il 23 iyulda dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının dahi Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşinin iştirakı ilə Gəncə şəhər Təşkilatının təsis konfransı keçirildi. Həmin vaxt partiya sıralarına gələnləri yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək. Xalq isə ulu öndər Heydər Əliyevdən kömək gözləyirdi. Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının 21 illik mübarizə tarixində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır. Şəhər Təşkilatı fəaliyyət göstərdiyi 21 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib.

Hazırda 258 ərazi ilk partiya təşkilatında 31069 nəfər partiya üzvü birləşir. Onların 57 faizi gənclər, 63 faizi qadınlardır. 2013 cü ildə partiya sıralarına 3499 nəfər, bu ilin altı ayında isə 1146 nəfər qəbul edilib. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir.

Ölkə rəhbərliyinin hərtərəfli qayğısı, Heydər Əliyev Fondunun köməyi və dəstəyi, şəhər icra strukturunun səmərəli fəaliyyəti nəticəsində son illər Gəncədə böyük uğurlar əldə edilib. Bu uğurların qazanılmasında şəhər partiya təşkilatının müstəsna xidmətləri vardır. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarıdır.

Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının fəaliyyəti kökündən dəyişib, yenilənib və daha da canlanıb. Keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Bütün gəncəlilər, xüsusən partiya fəalları ölkəmizdə, qədim Gəncə şəhərində sürətli inkişaf və tərəqqinin uğurlarına sevinir, Vətənimizin dünya miqyasında nüfuzunun artmasına görə qürur duyurlar. Bu qələbələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya, ölkə başçısının sərəncam və göstərişlərini yüksək təşkilatçılıqla yerinə yetirən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Elmar Vəliyevə dərin minnətdarlıq bildirirlər.

Biz - bütün partiya fəalları bəyan edirik ki, xoşbəxt gələcəyimizin və qələbələrimizin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə daim birlikdəyik.

YAP Gəncə şəhər Təşkilatının yaradılmasının 21 illiyi münasibəti ilə İdarə Heyəti və Şura üzvləri adından bütün partiya üzvlərini səmimi-qəlbdən təbrik edir, Vətənimizin tərəqqisi, xalqımızın firavanlığı, xoşbəxt gələcəyi, doğma şəhərimiz Gəncənin inkişafı, daha da gözəlləşməsi naminə ictimai-siyasi fəaliyyətlərində yeni-yeni qələbələr arzulayıram.

Naqif Həmzəyev,

YAP Gəncə şəhər Təşkilatını sədri

Teqlər: