İnsan alverinə qarşı bu addımlar atılacaq – FƏALİYYƏT PLANI

İnsan alverinə qarşı bu addımlar atılacaq – FƏALİYYƏT PLANI
  25 İyul 2014    Oxunub:1251
Dünən Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, Milli Fəaliyyət Planının məqsədi bu istiqamətlər üzrə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir:

- Şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması;

- İnsan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması;

- Şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması;

- İnsan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi;

- İnsan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması;

- İnsan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi;

- İnsan alveri qurbanlarının və potensial qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması;

Milli Fəaliyyət Planı qeyd edilən məqsədlərə nail olunması üçün əsas vəzifələri (tədbirləri), onların icra edilməsində müxtəlif qurumların (icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq tərəfdaşlar və digər qurumlar) iştirakını, bu qurumların fəaliyyətinin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra - Milli Koordinator) tərəfindən əlaqələndirilməsini və insan alverinə qarşı mübarizə sahəsində digər tədbirləri nəzərdə tutur.

Sənəddə o da bildirilir ki, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə bu sahədə beynəlxalq təcrübələr nəzərə alınmaqla müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi təmin ediləcək.

2008-ci il noyabrın 17-də Azərbaycan Respublikasının qoşulduğu “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi və şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması məqsədi ilə həssas qrupa aid olan qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq işlər görüləcək.

Bundan başqa, qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə monitorinqlərin, yoxlama tədbirlərinin həyata keçirilməsi, insan alverinə şərait yaradan halların müəyyənləşdirilməsi və bu halların aradan qaldırılması istiqamətində işlərin görülməsi, əmək miqrasiyasına nəzarətin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

İnsan alverinin qurbanı olma riskinin azaldılması məqsədi ilə sosial cəhətdən həssas ailələrin və daimi yaşayış yerindən məhrum şəxslərin yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara yönəldilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi istiqamətində zəruri tədbirlər görüləcək.

4.8. Kütləvi informasiya vasitələrinin, internet səhifələrinin mütəmadi monitorinqini aparmaqla, insan alveri ilə bağlılığı ola biləcək şübhəli təkliflərin mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi, habelə ölkədaxili və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə etməklə, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının əməkdaşları və vətəndaş cəmiyyəti nümayəndələri üçün xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

İnsan alveri cinayətlərinə qarşı cinayət təqibini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin (bundan sonra - Baş İdarə) fəaliyyətini gücləndirmək və əməkdaşlarının peşəkarlıq səviyyəsini yüksəltmək üçün tədbirlər həyata keçiriləcək.

İnsan alverinə qarşı mübarizə üzrə şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəхslərin müdafiəsi işini təkmilləşdirmək və istintaq üçün faydalı olan informasiyanın verilməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi nəzərdə tutulur.

Transmilli mütəşəkkil cinayətkar qrupların insan alverçiləri ilə əlaqələrinin müəyyən edilməsi, habelə insan alveri ilə bağlı transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, onun aşkar edilməsi və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin gücləndirilməsi nəzərdə tutulur.

Respublika daxilində insan alveri və məcburi əmək qurbanlarının, o cümlədən insan alverinin qurbanı olan uşaqların, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi üçün müvafiq tədbirlər görüləcək, miqrantları məcburi əməyə cəlb edən insan alverçilərinə (fiziki və ya hüquqi şəxslərə) qarşı mübarizə gücləndiriləcək, insan alveri ilə bağlı istismar əlaməti müəyyən edilən hər bir əməlin cinayət təqibi aparılacaq, insan alveri cinayəti yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın (insan alverinin törədilməsi nəticəsində birbaşa və ya dolayısı ilə əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlər) leqallaşdırılmasına qarşı mübarizə tədbirləri gücləndiriləcək.

İnsan alveri qurbanlarının sosial reabilitasiyası, cəmiyyətə reinteqrasiyası onların normal həyat tərzinə qaytarılması məqsədi ilə həyata keçirilir və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün müvafiq tədbirlər görülməsi, həmin şəxslərin işlə və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur.

İnsan alveri qurbanları üçün regionlarda yeni sosial reabilitasiya, sosial xidmət və yardım mərkəzlərinin, sığınacaqların yaradılması və onlara hüquqi, tibbi, psixoloji, sosial və digər yardımların təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, insan alveri probleminin yerlərdə sosial-psixoloji aspektlərinin öyrənilməsi, bu vəziyyəti yaradan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə müvafiq tədbirlərin görülməsi, insan alveri qurbanlarına və potensial qurbanlarına ayrılmış stasionar və ya ambulator tipli müəssisələrdə tibbi yardım göstərilməsinin davam etdirilməsi, zərurət yarandıqda, bu müəssisələrə ixtisaslı mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti