Günahkar kimdir FHN, yoxsa sakinlər?

Günahkar kimdir  FHN, yoxsa sakinlər?
  08 Avqust 2014    Oxunub:2950
Biz xəbərdarlıq edirik, riayət etmirlər...

Fövqəladə Hallar Nazirliyi yay mövsümü başlayandan indiyədək dənizdə ölən şəxslərin rəsmi statistikasını açıqlayıb.

Dövlət Sulardan Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev AzVision.az-a açıqlamasında bildirib ki, 34 nəfər çimərlik üçün qadağan olunmuş ərazilərdə çimərkən boğulub.

Mənsur Piriyevin fikrincə, indiyədək Fövqəladə Hallar Nazirliyinin xilasedilərinin fəaliyyət göstərdikləri çimərlik ərazilərində heç bir boğulma halı qeydə alınmayıb.

“Ancaq 34 nəfər çimərlik üçün qadağan olunmuş ərazilərdə, xüsusən də çaylarda, göllərdə suda boğulub və onlar da lazımi orqanlara təhvil veriliblər. 176 nəfər isə xilas edilib. Bu 34 nəfərin 70 faizini məktəblilər, yeniyetmələr təşkil edir. Biz bunların səbəblərini araşdırırıq, tədbirlər görülür və araşdırma nəticəsində məlum olur ki, bu məktəblilərin əksəriyyəti rayon yerlərində kanala yaxın və yaxud da dənizə yaxın yaşayış yerlərində yaşayanlardır. Bu yeniyetmələr evdən nəzarətsiz şəkildə çıxırlar və yaxud da başqa bəhanəylə valideyn icazəsi ilə gedirlər. Bu uşaqlar hava şəraiti imkan verdi-vermədi, çimərlik ərazisi oldu- olmadı , küləkli havada da çimirlər. Təəssüflər olsun ki, ucqar kəndlərdə, kanallara çaylara, yaxın ərazilərdə bu cür bədbəxt hadisələr baş verir”.

M. Piriyevin sözlərinə görə, suda boğulma halları ilə bağlı hər il monitorinq aparılır:

“Bununla bağlı biz yerli icra orqanlarına müraciətlər edirik. Və eyni zamanda həmin icra hakimiyyətlərində müşavirələr keçiririk. Həmin ərazilərdə nə qədər su hövzəsi varsa, orada monitorinq keçirib və həmin o monitorinqin nəticələrini təqdim edirik. Təhlükəli ərazilərdən şəkillər çəkirik. Yerli icra orqanlarına nöqsanları göstəririk ki, bu ərazilərdə nəzarət gücləndirilməlidir. Eyni zamanda 600- ə yaxın dəmir lövhə quraşdırmışıq. Çimərlik ərazilərində və qeyri çimərlik ərazilərində lövhələrimiz var, hansı ki, orada yerləşdiririk. Biz hər həftə mətbuat vasitəsilə, eyni zamanda nazirliyin elektron informasiya saytında vətəndaşlara xüsusən, valideynlərə müraciət edirik ki, çox təhlükəli hava şəraiti keçir. Çimərliklərdə uşaqları nəzarətsiz qoymayın, su hövzələrinə yaxın ərazilərdə yaşayanlar uşaqlara nəzarəti artırsınlar..Nəzərə alaq ki, artıq uşaqlar yay tətilindədirlər və bütün bunlar nəzərə alınmalıdır. Rəsmi şəkildə bir də bəyan edirik ki, küləkli hava şəraitində valideynlər yeniyetmələrə nəzarəti gücləndirsinlər”-deyə M.Piriyev qeyd edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti