“Çox xoşbəxtik...” – Anar Məmmədxanovun xanımı

“Çox xoşbəxtik...” – Anar Məmmədxanovun xanımı
  09 Avqust 2014    Oxunub:7127
“Qızım çox xoşbəxtdir. Onun bu uğuruna ürəkdən sevinirik. İnanırıq ki, Məryəm ümidlərimizi hər zaman doğruldacaq”.
“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova qızı Məryəmin tələbə olması ilə bağlıs sevincini AzVision.az-la bölüşüb.

Qızının uğuruna sevinən İ.Məmmədxanova həyat yoldaşının ölümündən sonra ilk dəfə sevindiyini deyib:

“Biz həmişə çalışmışıq ki, uşaqlarımızı demokratik mühitdə böyüdək. Məryəmin seçiminə biz müdaxilə etmədik, biz ancaq məsləhət verə bilərdik. İki il ərzində çox çalışdı, zəhmət çəkdi və öz istədiyi fakültəyə qəbul oldu. Müəllimləri də çox razı idi ondan. Bir dəfə ona demədim ki, otur qızım dərslərini oxu. Uşaqlıqdan çox məsuliyyətli idi və bilirdim ki, Məryəm öz zəhməti, öz bacarığı ilə uğur əldə edəcək. Biz çox şad olduq, çünki qızım Azərbaycanın ən zəngin, ən uğurlu Universitetlərindən birinə qəbul oldu. İki il əvvəl xaricdə təhsil almaq haqqında düşünürdü, çünki böyük oğlum, Məryəmin özündən 3 yaş böyük qardaşı xaricdə oxuyur. Amma mən ona dedim ki, ölkəmizdə yüksək təhsil ola-ola adam qonşuya heç vaxt getməz. Və Məryəm öz seçimini etdi. Həm seçim etdiyi Universitetin belə bir özəlliyi var: birinci kursdan sonra tələbələrə imkan yaradılır ki, onlar öz ixtisaslarını dəyişə bilsinlər. Məryəm çox xoşbəxtdir”,-deyə İ.Məmmədxanova qeyd edib.

Qeyd edək ki, mərhum Anar Məmmədxanovun qızı Məryəm bu il 584 balla Azərbaycan Diplomatik Akademiyasının (ADA) Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti