Oxu daşdan keçənlər... - Reportaj

Oxu daşdan keçənlər... - Reportaj
  12 Avqust 2014    Oxunub:20083
Onların məqsədi oxla hədəfə vurmaq, bizimki isə onların hədəfindən reportaj hazırlamaq idi. Xoşbəxtlikdən məqsədimizə çatdıq, oxlarımız daşa deyil, Hövsan Olimpiya İdman Kompleksində düz hədəfə dəydi.

Kamandan Oxatma Federasiyasının üzvləri ilə görüşümüz dediyimiz məkanda məşq zamanı baş tutdu. Yarışlara hazırlaşan federasiya üzvlərinin başları qarışıq olduğundan məşqçi Zemfira Əliyeva ilə söhbətimizə başladıq.



Öyrəndik ki, federasiyanın ən balaca üzvlərini 10 -11 yaşlarında qəbul edirlər. O yaşdan aşağı qəbul yoxdur. Ümumilikdə isə üzvlər arasında yeniyetmə, gənc qızlar və oğlanlar çoxluq təşkil edir.

“Ya özləri hardansa, kimdənsə eşidirlər bizə zəng edirlər,ya da biz özümüz məktəblərə gedib bizə müraciət etmələri üçün təkliflər edirik. Məşq üçün bir neçə yerimiz var. Yayda açıq havada, qışda isə məşqlərimizi zallarda etməliyik. Ancaq oxatma yay idman növüdür. Düzdür yarışlar qışda da keçirilir. Ancaq az olur. Çoxusu yayda baş tutur”.

Daha sonra sözügedən federasiyanın rayonlarımızda filiallarının olub-olmamsı ilə maraqlanıram:

“Rayonlardan gəlib İdman Akademiyasında oxuyan bir çox tələbələr bizdə məşq edirlər. Ancaq regionlarda hansısa filialımız yoxdur. İnşallah, gələckdə istəyirik ki, rayonlarda da bu idman növü inkişaf etsin. Federasiyadan da demişdilər ki, kömək edəcəklər. Oxçuluq sovet dövründən mövcud olub. Sonradan müstəqillik dövründə məlum hadisələrə görə inkişafı dayandı. Federasiya kömək edəndən sonra yavaş- yavaş dirçəlir. Çox bahalı idman növüdür. Kamanlar, oxlar baha başa gəlir. Bir kaman 2000 min avrodur. Ona görə də hər bir idmançıya ayrıca biz bunu imkan edib verə bilmirik. Adamlar çox gəlir, ancaq hər birinin öz kamanı, oxu olmalıdır. Bir komplektdə 12 ox olur ki, bu da 500 avro deməkdir. Ox da elədir ki, sına və ya dəyişdirilər. Gör indi biz nə qədər almalıyıq. Əsasən kaman və oxları uşaqlara görə seçirik. 5 uşağın 5- nə də eyni kaman alınmır. Boylarına, ölçülərinə baxıb, sonra sifariş edirik. Federasiya sağ olsun, kömək edir, alır. Ancaq çətinliklər bu baxımdan yenə də var”.



Müsahibim deyir ki, sifarişləri daha çox Amerika və Koreyadan verirlər. SSRİ-nin vaxtında Bakıda buraxılsa da, indi yoxdur.

“Oxlarımız karbondandır, alminiumdan atanlar da var. Ancaq çox vaxt karbonlar olur. Əvvəllər taxtadan olub, indi isə müasirləşib”.

Öyrətmək, bu idmanın texnikasını başa salmaq sizə əziyyətlidirmi sualını məşqçi belə cavablandırır:

“Əziyyəti var, niyə yoxdur ki. Elə bilirlər ki, məşqçi olmaq asandır. Həm də uşaqlar eyni olmur. Onalara texnikanı öyrətmək əlbəttə çətindir. Onun əvvəlini necə qoyursan sonrası da elə gedir. Əgər əvvəldən səhvlər buraxırsansa, onu sonradan düzəltmək bir az çətin olur.

Sevindirici hal isə odur ki, oxçuluğa qızlarımızın da xüsusi marağı var. Çünki bu elə bir idman növüdür ki, bizim mentalitetə uyğundur. Qaçmırsan , hoppanmırsan, sadəcə dayanıb atırsan . Mən belə vəziyyətə rast gəlməmişəm ki, valideynlər desinlər ki, qız uşağıdır buraxmıram.

Ox hədəfə dəyəndə bir oxçunun keçirdiyi hislər siz bilirsiniz necə olur?
Bu bir məqsəddir ki, sən ona çatırsan. Mən həmişə atanlara deyirəm ki, heç kimə qulaq asmayın , bir sizsiniz bir də hədəfdir. Onunla siz danışırsınız. Atmalısınız, həm də nişangaha baxırsınız. Nişangah və hədəf, atırsınız, o zaman hər şey yaxşı alınır”.



Məşhur rəvayətdə deyilir ki, müəlllim 40 fənddən 39 –nu şagirdinə öyrədir, birini özü üçün saxlayır. Maraqlıdır? məşqçi Zemfira xanım oxatmada hansı fəndi hələ ki, sirr saxlayır:

“Yox bizdə belə bir şey yoxdur, baş məşqçimiz Natiq müəllim də, mən də çalışırıq ki, nəyi bilirik onu uşaqlara verək. Şagird yaxşıdırsa, deməli müəllimi yaxşıdır da. Bizdə doğurdan da atış texnikası çətindir. Elə bilirlər durdun çəkdin, atdın, yox. Bu belə deyil. Bilirsiniz, biz nə qədər əziyyət çəkirik. Uşaqların üzərində illərlə işləyirik. Gələn kimi əllərinə ox vermirik. Əvvəlcə başa salırıq ki, sol, sağ qolu, bədəni necə saxlamq lazımdır. Burada o qədər nüanslar var ki.

Tutaq ki, sol qol tərəfdən çiyni düz tutmalısan, qaldırmamalısan və s. Başı və boynu sıxmaq olmaz, bu zaman yayı çəkmək çətin olur. İllərlə bunların üstündə işləmək lazımdır. Buna görə də oxatmada fiziki güc vacibdir. Həmişə uşaqlar gələndə deyirik ki, “jim” edin , turnikdə dartının. Çünki yayın çəkilməsi 18-20 kiloqram olur ki, bu da az ölçü deyil”.



“Çəkinin çox olması uzaq məsafələr üçün vacibdir. Çəki yüngül olanda oxun sürəti azalır. Bizdə uzaq məsafə 70 metrdir. Əvəllər 4 məsafə var idi : kişilərdə 90 -70-50-30 metr, qadınlarda isə 70-60-50-30. İndi onu götürüblər 70 olub. Qışda isə zallarda 18 metrə atılır. Ona görə də bizdə fiziki hazırlıq mütləq olmalıdır”.

Məşqçi onu da bildirdi ki, xarici ölkələrdən təcrübə mübadiləsi olsa da bu kifayət etmir :

“Bu baxımdan hər ölkənin öz texnikası var. Bilirsiniz onu demək olmaz ki, görüm o necə atır, mən də gəlim uşaqlara öyrədim yox.
Məsələn, koreyalı oxatanlar ən güclüləridir. Həmişə onlara baxanda təcüblənirik. Özü də çox vaxtı hər şeyi gizlədirlər. Bilmək olmur ki, bunu necə edirlər. Çox qapalıdırlar. Bizdə bir məşqdə 200 ox atılırsa, onlarda bu 500- 1000 min ox ola bilər. Ancaq hələ ki, bizdə bu belə deyil”.



Zemfira xanım həmçinin oxçular üçün psixoloqlara ehtiyacları olduqlarını dilə gətirib:

“Psixoloji hazırlığı biz məşqçilər edirik. Bizdə psixoloq yoxdur, amma mütləq lazımdır, özü də necə lazımdır. Elə idman növüdür ki, gərək burada emosional olmayasan, sakitliyi qoruyasan. Elə olur ki, uşaqlarda həyəcan olur. Onları öyrədə bimirik ki, bir seriyada nəticə ürək açan deyilsə, sən ikinci seriyanı yaxşı atmaq üçün onu unutmalısan.

Onu da deyim ki, oxatmada fiziki baxımdan da güclü zədələr olmur. Düzdür çiyin əzələlərində müəyyən ağrı ola bilər. Mən neçə ildir ki, atmıram, amma yenə də həmin ağrılar qalıb. Amma güclü zədələnmələr olmur”.



Sözarası bu yaxınlarda Ermənistandakı yarışa qatılan oxçu qızlarımızın təəssüratlarını məşqçidən öyrənirik.

“Hər şey qaydasında olub. Onlara güldən ağır söz deyən olmayıb. Otaqdan bayıra çıxmırdılar. Maşınla yarışa aparılıb maşınla da geri qaytrılıblar”.

Daha sonra söhbətimi bu ay Çində keçiriləcək Olimpiyadada iştirak etmək üçün lisenziya qazanmış Suqra Müqabilzadə ilə davam etdirirəm.



“7-ci sinifdən bu idman növü ilə məşğul oluram .Əvəllər məndə oxçuluğa xüsusi həvəs yox idi, atam məcbur gətirirdi. Ancaq sonradan özümə də maraqlı gəldi. Ən əsası sən atanda gedib hədəfə yaxşı dəyirsə, bu tayı bərabəri olmayan bir hisdir. Ancaq hədəfə dəyməyən də çox əsəbi oluram. Oxu əsəbimdən az qalıram ki, sındıram.

Bir çox ölkələrdə olmuşam. Yunanıstandan, fransadan oxçular var ki, dostluq əlaqərimiz yaranıb. Atmalarına görə ən çox bəyəndiyim fransız oxçularıdır”.



Bax beləcə sorğu-suallarımı bitirib idmançılarımıza mane olmamaq üçüm idman kompleksindən ayrılıram. Və ümid edirəm ki, bundan sonra Suqranın Çində və digər yarışlarda ox sındırmasına ehtiyac qalmaz.



Şahanə RƏHİMLİ
Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti