Kamboca "ASAN xidmət" təcrübəsindən yararlanacaq

Kamboca "ASAN xidmət" təcrübəsindən yararlanacaq
  29 İyun 2026    Oxunub:207
Kamboca Krallığının poçt və telekommunikasiyalar naziri Vandet Çeanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər 2025-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində baş tutub.
Məqsəd “ASAN xidmət”in fəaliyyəti ilə yerində tanış olmaq və ölkəmizin dövlət xidmətlərinin göstərilməsi sahəsində müvafiq qabaqcıl təcrübəsinin Kambocada tətbiqi ilə əlaqədar müzakirələrin aparılması olub.

Nümayəndə heyəti Zəfər abidəsini və Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Sonra qonaqlar “ASAN xidmət” mərkəzində olublar. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" modeli, vətəndaş məmnuniyyətinə əsaslanan xidmət yanaşması və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib. Görüş zamanı Azərbaycanın intellektual brendinin Cənub-Şərqi Asiyada yerləşən ölkələr də daxil olmaqla 30-dan çox dövlətə ixrac olunduğu diqqətə çatdırılıb.

Kambocalı nazir “ASAN xidmət” təcrübəsini yüksək qiymətləndirdiyini, bu uğurlu modelin ölkəsində qısa müddətdə tətbiq etmək niyyətini ifadə edib və bu istiqamətdə zəruri addımların atılacağını bildirib.

Səfər proqramı ərzində nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən dövlət xidmətlərinin dizaynı, “ASAN xidmət”də tətbiq olunan data əsaslı qərar qəbuletmə mexanizmləri və digər istiqamətlər üzrə geniş təqdimatlar edilib.

Həmçinin qonaqlar Bakı şəhərində fəaliyyət göstərən “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "Bilim Bakı"nın, Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə yaxından tanış olublar.



Teqlər:



Xəbər lenti