“İtin, pişiyin olum Allah...” - REPORTAJ

“İtin, pişiyin olum Allah...” - REPORTAJ
  27 Avqust 2014    Oxunub:21765
“İtin, pişiyin olum Allah”... Bu, el arasında ən çox işlətdiyim deyimlərdəndir. Bu deyimin necə yaranmasından bixəbər olsam da bəzən bu ifadələr sözün əsl mənasına yerinə düşür. Ancaq Bakının “Təzəbazar” kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı heyvan bazarına, xüsusən də “it bazarı” na baş çəkəndən sonra Allahdan it, pişik olmağı daha diləmirəm. Fikirləşirəm ki, elə adam qalsam yaxşıdır ...

Düzünü desəm bu yaşıma qədər hələ yadıma gəlmir ki, balaca bir küçüyün və ya pişiyin başını sığallıyım, ona yaxınlaşım. Uşaqlıqdan məndə belə bir fobiya var. Tüklü və caynaqlı heyvanlardan dəhşətli şəkildə qorxuram. Amma fobiyamı yenmək və reportaj hazırlamaq üçün yolumu mütləq itlərin və digər heyvanların satıldığı bazardan salmalı oldum.

Cürbəcür itlər qəfəslərdə gözlərini bərəldə-bərəldə ya hürür, ya da ki mırıldanırdı. Aradabir pişiklər də onlara dəstək olurdu. Onlardan bir az aralı da qəfəsləri asılmış, əl boyda olan rəngbərəng tutuquşuların isə hünəri nəydi ki, it –pişiyin səsini təkrar edib tutuquşuluq edə...

Xeyli cəhdlərimə baxmayaraq bazardakı mağaza sahiblərini və satıcıları satdıqları heyvan, onların növləri haqqında danışmağa razı sala bilmirdim. Hamısı bir ağızdan ya deyirdilər ki, “səbrimiz çatmır”, ya da “jurnalistlərə danışırıq, gedib yazırlar, bizə problem çıxardırlar”.

Ancaq Allah köməyi olmuş, Maxac adlı mağaza sahibi dadıma yetişdi... Mən də yarızarafat and-aman elədim ki, yazacam, ancaq problem çıxartmayacam...

Beləcə söhbətə başladıq, Maxac ilk olaraq mağazasındakı itlərin növlərindən danışdı.




İtlər mənim oyuncağım olub

“Uşaqlıqdan itlərə meyilim olub saxlamışam. Balaca olanda kiminsə oyuncağı maşını olub, mənim də oyuncağım itim olub. Çoxdandır bu işin içindəyəm. Ailədə məndən başqa bu işlə məşğul olan yoxdur. Başqa yerlərdə də it mağazam olub. Amma bağlamışam. Yaydı deyə elə də işdəmir.

Cürbəcür itlərimiz , "Pitbull" cinsli it , “Qafqaz ovçarkası” cinsindən olan itlər, “Alabay”, “Rotveiller”, “Doberman” və s. var. Hər bir it növünü sifarişlə gətiririk. İstənilən cins var. Öz mağazamızdır, əmim oğlu ilə şərik götürmüşük. İtləri özümüz Rusiyadan , Maxaçqaladan gətiririk. Biz yerli itləri satmırıq.
2 milyondan çox it növü var. Kimi görünüş üçün , kimi də gözətçi kimi saxlamaq istəyir. Ən çox satılan it isə “Sibir Laykası” dır. Gözləri göy olur, canavara oxşayırlar. Onu alıb həyətdə saxlayırlar. Nə hürür, nə də iyi var. Yalnız görünüş üçündür. Soyuğa da ki, dözümlülüyü çoxdur.

Böyük itlərin iyisi çox olur. Balaca itləri evdə hər gün çimizdirib yuyurlar deyə iyi olmur. İtə necə yaxşı baxsan , elə də yaxşı qalcaq. İti tez-tez çimizdirmək olmaz, dərisinə ziyandır. Bir aydan çox qalanda özümüz çimizidiririk.



Gündüzlər burada qəfəsdə qalırlar, axşamlar isə yerləri var, buraxırıq gəzirlər ”, - deyə Maxac qeyd edib.

Mağaza sahibi həmçinin bildirdi ki, zoo mağazaya aid nə istəsək burada tapa bilərik. Heyvan yeməklərindən tutmuş daraqlarına, qablarına , şampunlarına kimi satırlar.

Sifariş versələr, qırx minlik it də gətirə bilərik

Maxac qiymətləri dedikcə gözüm kəlləmə çıxmadı desəm yalan olar. Sifarişçilərin istəyindən asılı olaraq cürbəcür sortlar gətirən mağaza sahibi deyir ki, hər sortun da öz qiyməti var:

“İtlərin qiyməti 200 manatdan 2000 minə kimi və daha yüksək məbləğə qədər dəyişə bilər. Məsələn, 2000- nə “ Mastif”, “Bull Master” və s. bahalı itlər olur. Hazırda mağazada 2000 minlik it yoxdur. Sifariş versələr gətirərəm . Elə it var ki, 40 000 min manatadır, “Tibet Mastifi” ni elə deyək, o burada yoxdur , onu gətizdirə bilərik. Bu cür bahalı itlərə sifarişlə o qədər də tez- tez olmur. Amma arada olur. Bahalı sifarişlərimiz arasında 2500 manata satdığımız “York triyeri” olub. Cinsinə görə balacadır. Baxır itə də... “Alabay” cinsindən itlər olur ki, 500-600 manata satırıq”.



Qırmızı kitaba düşən heyvanları satmırıq

Mağaza sahibi kirpi, tısbağa, meymun kimi heyvanları və turac kimi quşları satmadığını deyir.

“Qırmızı kitaba düşən heyvanları satmırıq. Müştərilər tez- tez kirpi almaq üçün mağazamıza gəlirlər, ancaq icazə yoxdu deyə biz də satmırıq”.

Maxacın sözlərinə görə, itlərin yemlənməsinə də diqqət etmək lazımdır:
“Bütün sortların qidalanması eynidir . Sadəcə olaraq burada saxlanılan itlərin qidalanmasına nəzarət etmək lazımdır. Çünki ət, bişmiş yemək verəndə qarınlarında qurd olur. Küçə iti yeyə bilər. Ancaq bunlar çox gəzmir deyə yeyəndə qurd əmələ gəlir. Bizim itlərin başı ağrıyanda harasısa qırılanda müalicə edirik. Amma küçə itinin ayağı qırılanda öz-özünə sağalır. Yəni ki, onlar öyrəşib. Bunların orqanizmləri onlara baxanda daha həssasdır.
İtə yemək verəndə yanında dayanmaq olmaz. Reaksiyası pis olur. O zaman it hirslənib, qəzəblənir ”.

Cins itləri kodlar vasitəsi ilə tapırıq



Daha sonra isə itlərin pasportu ilə maraqlanıram.

“Qarınlarının altındakı döymələrdə xüsusi kodlar olur. O kodu internetdə yığanda həmin itin anası, atası haqqında məlumatlar çıxır. Bahalı cins itlərinin hamısında bu olur. Mənim şəxsən saxladığım itin ata və anası haqqında məlumatı kod vasitəsi ilə öyrənmək mümkündür. İtlərin sağlamlığına da fikir veririk. Hamısının Rusiyadan alıb gətirərkən üstlərində sağlamlıq kağızları olur. Bizdə xəstə it olan kimi, onu kənarlaşdırırıq. Adi it qrip olanda da onu həkimə aprırıq”.

Heç elə olurmi ki? gəlib it alsınlar, sonra saxlaya bilmədikləri üçün yarı qiymətinə qaytarsınlar?

Maxacın cavabı:

“Olur. Elə olur ki, 600 manatlıq iti alıb sonra da gətirib hədiyyədə verirlər. Çünki harasa çıxıb gedirlər it yiyəsiz qalır həyətdə və ya uşaq yaxşı baxmır .

Əgər iti alıb bir həftə ərzində qaytarmırsa, onda geri götürmrük. Mən nə bilim o, itə nə verib. Bəlkə elə zəhər verib, bəlkə mənimlə prinsipi var. Hər yerdə elədir, tək mən deyiləm”.

İt döyüşdürməyi sevmirəm



Uşaqlıqdan it saxlasa da Maxac itlərin döyüşünü sevmədiyini deyir.

“Mənim “Alabay” cinsindən 120 kiloluq itim var. Döyüşmək üçündür. Onun atası da məndədir. 11 yaşı var, balası isə 9 aylıqıdır. Ancaq itləri döyüşdürməyi sevmirəm. Onları görünüşünə görə xoşlayıram. Amma it döyüşdürənlər var ki, bir saat, saat yarım vuruşdururlar. Məsələn, “Pitbull” çox sırtıq itdir, dişi dişinə dəyməyincə buraxmır. Onlar ölənə kimi vuruşur, ikisindən biri ölməlidir. İti saxlamağından asılıdır. Məsələn, Ovçarkanı götürüm elə saxlayım ki, vuruşsun. Halbu ki, ovçarka vuruşan deyil, amma dəli edib vuruşdurmaq olar”.



Maxacın fikrincə bəzi məqamlarda insandansa it yaxşıdır.

“İnsana deyirsən ki, gəl bura, gəlmir, itə deyirsən, gəlir. İnsan deyirsən ki , qaqaş, onu ver də mənə, deyir, mən sənin hambalınan, amma it əməl edir, gətirir. Adam var ki, salam verirsən, amma əlin göydə qalır, amma itə salam verirsən salam verir. Belə məqamda it insandan yaxşıdır. Mən itimə nəyin ki, 100 faiz, milyon faiz etibar edirəm”.

Söhbət zamanı onu da öyrəndim ki, pişiklərə tələbat daha çox qış aylarında olur.



“İtləri daha çox yayda, pişikləri isə qışda alırlar. Elə çox pişik gətirmirəm. Hazırda mağazada “İran pişiyi” və “ Türk Anqora” cinsləri var. Ən çox ağ rəngə və gözləri göy olanlara üstünlük verirlər. Pişiklərin qiyməti 250-300 manat arası dəyişir. Ancaq elə pişik var ki, qiyməti 2000 manatdır. Məsələn, bir dəfə bu qiymətə “Sfinks pişiyi” cinsindən sifariş veriblər gətirmişik. Papuqayların qiyməti isə 10-15 manat, xamyaklarınkı isə 6-8-10 manat arası dəyişir”.



Maxacın narazı qaldığı məqamlardan biri də şənbə və bazar günləri kənar satıcıların bura heyvan gətirib satmasıdır.
“İstədikləri qiymətə satırlar. Bu artıq bizə ziyandır. Məsələn, biz ovçarkanın balasını 250 manata satırıq, onlar isə 100 manata. Axı o iti bizim kimi almayıb. 150 manat bizdən aşağı satır. Bu da bizə ziyandır.
İnsanlar da ucuz istəyir. Ancaq yaddan çıxartmaq olmaz ki, ucuz da ətin şorbası olmur . Ya xəstə olur, ya da küçə iti çıxır. Çünki insanların özləri də bilmirlər ki, hansı cinsi satırlar”.
Bax beləcə söhbətimizə son verib, bazarı tərk edirəm. Və bir daha əmin oluram ki, mən heç vaxt it, pişik qorxusunu yenə bilməyəcəyəm.









Şəhanə Rəhimli
Fotolar: Nuron Məmmədov






Teqlər:  





Xəbər lenti