Nazir vətəndaşlara vəd verdi

Nazir vətəndaşlara vəd verdi
  29 Avqust 2014    Oxunub:1480
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.
Avqustun 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul etdi.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 40-a yaxın vətəndaşın müraciətinə baxıldı.

Qəbula gələn vətəndaşlar əsasən tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə ev-muzeylərinin açılması, istirahət mərkəzlərinə gedən yolların abadlaşdırılması, yubiley tədbirlərinin keçirilməsi, istedadlı gənc musiqiçilərə təqaüdlərin verilməsi, işlə təminat və digər sosialyönümlü məsələlərlə bağlı müraciət etdilər.

Vətəndaşları diqqətlə dinləyən nazir qaldırılan bütün məsələlərin diqqətlə nəzərdən keçiriləcəyini, onların həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirdi.

Əbülfəs Qarayev qəbuldan sonra jurnalistlərlə müsahibəsində qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin öyrənilərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Bölgələrdə tarixi abidələrin təmir-bərpası, mədəniyyət ocaqlarının fəaliyyətinin yaxşılaşdırılması, turizm sahəsinin inkişafı nazirliyin daim diqqətindədir. Sevindirici haldır ki, vətəndaşlar da yerlərdə bu sahələrin inkişafı üçün səy göstərirlər. Bu da ümumi işimizə kömək edir. Bu qəbuldan sonra da təmirə ehtiyacı olan mədəniyyət obyektlərinin bərpası, onların lazımi vasitələrlə təminatı ilə bağlı tədbirlər görüləcək.

Nazir bir sıra mədəniyyət ocaqlarında vaxtilə ləğv olunan ştatların bərpa edilərək, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüldüyünü diqqətə çatdırdı.

Azərbaycana bu il daha çox turistin gədiyini qeyd edən nazir, respublikamızdakı istirahət mərkəzlərinin, otellərin 90 faizinin müştəri ilə tam təmin olunduğunu bildirdi.

Qəbuldan sonra Əbülfəs Qarayevin və nazirliyin məsul işçilərinin iştirakı ilə regional müşavirə keçirildi.


Teqlər:





Xəbər lenti