Milli Məclis saytların məsələsinə baxa bilər

Milli Məclis saytların məsələsinə baxa bilər
  03 Sentyabr 2014    Oxunub:1554
Bu günlərdə Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyevin media nümayəndələri ilə görüşündə Azərbaycan mətbuatı haqlı olaraq tənqid olundu. Bundan başqa, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sultanov maraqlı təkliflə çıxış etdi. O, dövlət sirrinin yayılması ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilməsinin zəruriliyini diqqətə çatdırdı.
Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bu təklifə münasibətini bildirərkən deyib ki, dövlət artıq bu sahədə müəyyən boşluğun olduğu qənaətinə gəlib və bunun tənzimlənməsi üçün addımlar atılacaq: “Təbii ki, həm Ramiz müəllimin qaldırdığı məsələlər, həm də Eldar müəllimin fikirləri ilə həmrəyəm. Belə olmaz.

Cəbhə bölgəsində gərginlik yarananda mətbuatla bağlı xüsusi problemlərimiz yarandı. Bilirsiniz ki, avqust ayının 3-4 günü müddətində atəşkəs rejimi ciddi pozuldu, şəhidlər verdik. Bu müddətdə mətbuat özünü kifayət qədər normal və professional apara bilmədi. Orada nədən söhbət getdiyini xırdalamaq istəmirəm. Sanki kütləvi informasiya vasitələri arasında yarışma gedirdi. Bu yarışmada əsas məqsəd kimin hansı informasiyanı daha tez yerləşdirməsi idi. Bir çoxları informasiyanın həqiqətə uyğun oldu-olmadığını belə nəzərə almadı.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da vurğuladı ki, saytlar arasında İP davası gedir. Müharibə şəraitində mətbuatda bizim hərbi texnikamızın yerdəyişmələri haqqında informasiya getməsi yolverilməzdir. Ona görə belə hesab edirəm ki, bu boşluğu doldurmaq üçün mütləq qanunlara əlavə və dəyişiklik edilməlidir. Ümid edirəm ki, sentyabr ayının sonunda Milli Məclisin payız sessiyası başlayarkən belə bir təkliflə Prezident Administrasiyası çıxış edəcək”.

Deputatın fikrincə, məsələ müzakirəyə çıxarılandan sonra belə özbaşınalıqların qarşısı alınacaq. “Özbaşınalığını davam etdirənlər isə qanunla cəzalandırılacaq. Erməni kəşfiyyatına, erməni xüsusi xidmət orqanlarına hansısa bir informasiyanı bilərəkdən, yaxud bilməyərəkdən ötürmək heç kimi məsuliyyətdən azad etmir. Hər bir kəs mətbuat nümayəndəsi kimi yox, Azərbaycan dövlətinin vətəndaşı kimi çıxış etməlidir. Milli maraqlarımıza, ordumuzun maraqlarına, təhlükəsizliyimizə xələl gətirən informasiyaları 5 oxucunun oxuması önəmlidir, yoxsa bu sirri saxlamaqla ordumuzun uğurlu qələbəsini təmin etməyimiz?! Bunu düşünmək lazımdır”.


Teqlər:





Xəbər lenti