“Heydərin oxuduğu kitablar bizə qəribə gəlirdi” - MÜSAHİBƏ

“Heydərin oxuduğu kitablar bizə qəribə gəlirdi” - MÜSAHİBƏ
  26 Aprel 2013    Oxunub:3568
Milli Liderin tələbə yoldaşının AzVision.az-a müsahibəsi
Bu il Milli Lider Heydər Əliyevin anadan olmasının 90, vəfatının isə 10 illiyidir. Heydər Əliyev elə bir insandır ki, onun fiziki yoxluğu ilə aramızdakı zaman uzandıqca, o, bizim üçün daha da ülviləşir, doğmalaşır. Onu tanıyanlar, şəxsən münasibətdə olanlar bu insanla bağlı maraqlı söhbətlər edirlər. Hər birinin söhbəti isə sanki bir film ssenarisidir.

Hər dəfə nəsə maraqlı, yadda qalan xatirələr, Heydər Əliyev şəxsiyyətinə məxsus məqamlar ortaya çıxır. Kimi onu tələbə yoldaşı, kimi dahi şəxsiyyət, kimi də ən böyük azərbaycanlı kimi anır. Naxçıvanda yaşayan nə qədər insanın bu böyük şəxsiyyətlə bağlı maraqlı xatirəsi var.

Bu dəfə həmsöhbətim 1936-39 cu illərdə Naxçıvan pedaqoji texnikumunda Heydər Əliyevlə bir məktəbdə təhsil alan Həsən Tahirovdur. 91 yaşlı Həsən əmi o günləri indiki kimi xatırlayır:

- O vaxt bizim məktəbə 7-ci sinifdən uşaqları qəbul edirdilər. Siniflər isə 7, 8, 9 deyil, “birinci əsas”, “ikinci əsas” kimi adlanırdı. Biz birinci əsasdaydıq - yəni 8-ci sinifdə. Sinfimizdəkilərin əksəriyyəti qızlar idi. Heydər Əliyevlə tələbə yoldaşı kimi söhbətimiz çox olub. Elə bir xasiyyəti vardı ki, hami ilə tez münsibət yaradırdı.

Dərslərdə başqa–başqa siniflərdə oxusaq da, idman yarışlarında, ələlxüsus da səhər idmanında bir yerdə olurduq. O vaxt Naxçıvanın məşhur idmançısı olan Ibrahim Xəlil Axundov dərsdən qabaq uşaqları bayırda düzürdü və biz hər gün hamılıqla sinxron şəkildə idman hərəkətləri edirdik.

1937-ci ildə repressiyada günahsiz olaraq bir çox ziyalıları, şəxsiyyətləri tutdular. Biz Ordubadın Nürgüt kəndindən idik. Atam ruhani təhsil almışdı. Sovet hökumətinə qədər öz kəndimizdən və qonşu kəndlərdən uşaqlar yanına gəlir, onlara oxuyub-yazmaq öyrədirdi. Sonralar isə kənddə mollalıq edərdi. Yaxşı hörməti vardı. Qonşuluqdakı Ələhi kəndinin sovet sədri erməni idi. O, sən demə, atamdan donos yazıbmış. Yazıb ki, bu molla Əli xalq arasında sovet hökumətinin əleyhinə təbliğat aparır. Atamı həbs etdilər və bir müddət sonra eşitdik ki, onu güllələyiblər. Məhz ruhani təhsilli olduğu üçün.

Mən də həmin vaxt qardaşlarımla pedaqoji texnikumda oxuyurdum. 3 qardaş idik. Mən “birinci əsas”daydım, onlar hazırlıq qrupunda idilər. Yəni 7-ci sinifdə. Atam gətirib bura qoymuşdu ki, savad alaq. Onda bizə gündə üç öynə (üç dəfə) yemək verirdilər. Texnikumun yeməkxanası indiki İran konsulluğunun yerində idi (Naxçıvan Pedaqoji Texnikumu Naxçıvan şəhərində, indiki Bəhruz Kəngərli muzeyinin yerində fəaliyyət göstərib). Sentyabrın 3-ü idi, gəldik dərsə. Ordan da yeməkxanaya gedəndə qardaşlarımla məni içəri buraxmadılar.Dedilər ki, sizə yemək verilməyəcək. Soruşdum “niyə”, dedilər, “direktor bilər”. Qardaşlarımla gəldik direktorun yanına. Direktor dedi ki, “Bizə tapşırıq gəlib, siz xalq düşməninin uşaqlarısınız. Xalq düşməninin uşaqlarına məktəbin yeməkxnasında yemək düşmür. Ancaq oxumaq istəyirsinizsə, təhsilinizə davam edin. Buna icazə veriblər”.

Bu söhbətdən sonra kor-peşiman çıxıb bayırda dayanmışdım. Mən böyük olduğum üçün qardaşlarımın da dərdini çəkirdim. Dilxor vəziyyətdə bir tərəfdə durmuşdum. Tənəffüs vaxtı idi. O vaxtlar gənc olmasına baxmayaraq, Heydər Əliyev çox həssas adam idi. O zaman indiki kimi, böyük mənada Milli Lider Heydər Əliyev deyildi, bizim üçün sadəcə tələbə yoldaşı Heydər idi. O saat hiss elədi ki,mənim hövsələm özümdə deyil. Qəmginəm. Mənə yaxınlaşdı,soruşdu ki, “Həsən, nə olub belə bikefsən? Halın yoxdur...” Əvvəl demək istəmədim, sonra dedim, nə olacaq ee, öz yoldaşımdır da... Bütün əhvalatı danışdım, olduğu kimi. Dedim atamı güllələyiblər, ailəmizin böyüklüyünə baxmadılar, bütün əmlakımızı əlimizdən aldılar. Sonra da hərraca qoyub satdılar. Demək olar ki, dolanışıq üçün heç bir imkanımız yoxdur. Burda isə bizə yemək vermirlər. İndi qalmışam belə, nə edim ki, qardaşlarımla axıra qədər oxuya bilək.

Heydər çox pis oldu. Elə bil, bizim dərdimizin ağırlığı onu da sarsıtdı. Heç nə demədi. Bir elə “hmmm” elədi. Axşam yata bilmədim fikirdən. Səhər məktəbə həmişəkindən tez gəldim. Baxdım ki, Heydər məktəbin həyətindədir. Onu da deyim ki, o, həmişə məktəbə belə tez gəlməzdi. Bu dəfə niyəsə çox tez gəlmişdi. Məni görən kimi qəribə təbəssümlə yaxınlaşdı, dedi ki, “Həsən, qardaşlarına da de, özün də gedin yeməkxanaya, yemək yeyin”. Dedim axı, bizə icazə vermirlər. Dedi, işin yoxdur, üçünüz də gedin, rahatca yemək yeyin.

Açığını deyim, bilmədim, kiminlə danışmışdı, necə danışmışdı, direktor bizi hamı kimi il boyu yemək və geyimlə təmin etməyə razı olmuşdu. Bu, ömrüm boyu mənim yadımdan çıxmayıb, çıxmayacaq da.

O, mütailəni çox sevirdi. Elə baxırdın ki, kitabxanada oturub nəsə kitab oxuyur. Hərdən elə kitablar oxuyurdu ki,onlar bizim kitabxanada yox idi. Baxırdın 16 yaşında yeniyetmədir, amma yaxşi əlaqələri vardı. Hüqonun “Səfillər”, “Paris Notterdam kilsəsi” əsərlərini birinci dəfə Azərbaycan dilində biz onda görmüşdük. Taqorun “Fəlakət”, Kazıminin “Qorxulu Tehran” əsərlərini oxuması indi də yadımdadır. Hamımıza qəribə gəlirdi o əsərlər. Biz onları tapa bilmirdik. Həm də uşaq idik. Ancaq Heydər başqa kitabxanalardan onları əldə edir, oxumağa bizə də verirdi. Mənim də oxmağa marağım çox idi. Ona görə də məndən heç bir kitabı əsirgəmirdi. Düzdür, başqa-başqa siniflərdə idik, ancaq hamı onun oxumağından danışırdı. Yaşına görə çox savadlı idi. Ona görə də nəinki tələbələr, müəllim kollektivi də ona hörmət edirdi.

Sonradan mən narahat olurdum ki, zaman pisdir, 37-ci ildir. Mən niyə onu bizim problemə qarışdırdım, birdən, nəsə ona qarşı başqa fikirdə olarlar. Bir az da fəaldır, gözə gələr, onu istəməyənlər olar, gedib şeytançılıq edərlər ki, “xalq düşməninin” uşaqlarını bu cavan oğlan müdafiə edir. Ancaq sonra gördüm ki, şəxsiyyətinə, savadına, qabiliyyətinə görə hamı ona hörmət edir və o özü də dostluğa çox möhkəm adamdır. Heç nədən də çəkinmir.

İdman yarışlarında bizim məktəb birinci yeri tuturdu. Hamısı da onun hesabına. Elə bil bu iş üçün - idman üçün yaranmışdı. Fiziki cəhətdən güclü idi. Ona görə də bizim məktəbin yarışlardan qazandığı çoxlu diplomları vardı. Hamı da biliridi ki, Heydərin hesabınadır. 1938-39-cu dərs ilində məktəbi qurtardıq. Attestat vermədilər bizə. Bir aylıq rus dili kursu təşkil elədilər Ordubad şəhərində. Mən də rus dilini çox istəyirdim ki, öyrənim. Təhsil müddətində bir az öyrənişdim, o da Heydərin hesabına. O, şəhərdə olurdu, bunun üçün də rusca bizə görə çox yaxşı bilirdi. Məni də təhrik eləyirdi ki, öyrən bu dili. Ordubadda Həsən bəy Qazıyev vardı, ikimiz də onun kursunda rus dilini bərabər öyrəndik. Sonradan hər kəs öz yolunu seçdi, mən kəndimizə orta məktəbə müəllim işləməyə getdim, sonra müharibədə axıra qədər vuruşdum. Heydər Əliyev isə bizdən fərqli olaraq daha böyük amallar üçün təhsini Bakıda davam etdirməyə getdi. Bu insanın sonrakı taleyi isə hamıya yaxşı məlumdur...

Səməd Canbaxşiyev,
Naxçıvan

Qalereya




Teqlər:  





Xəbər lenti