İsa Qəmbərin başqanlıq oyunu...

İsa Qəmbərin başqanlıq oyunu...
  03 Sentyabr 2014    Oxunub:1597
Müsavat Partiyasında başqanlıq mübarizəsi davam edir. Partiya bir neçə gün öncə toplanaraq qurultay məsələsini müzakirə edib, yer ayrılması üçün yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmək barədə qərar qəbul edib.
Müsavat yetkililəri bu dəfə də meriyadan qurultayın keçirilməsi üçün 800-1000 nəfərlik zalın ayrılmasını istəyirlər. Halbuki BŞİH tərəfindən bundan öncə dəfələrlə yer ayrılsa da Müsavat bundan imtina edib, qurulay məsələsini əlində siyasi karta çevirmişdi.

Bu dəfə bütün variantların tükəndiyi bir məqamda proseslər tam fərqli məcrada inkişaf edir. Hazırki siyasi situasiya başqan İsa Qəmbərin əleyhinə işləməklə bitmir, partiyanın parçalanmasına birbaşa zəmin yaradır. Odur ki, illərdir davam edən qurultay çıxmazı Müsavatda ciddi fikir ayrılığına, narazılıqlara səbəb olub.
Vəziyyətin mürəkkəb olduğunu görən Müsavat rəhbərliyi qurultayın vaxtını bu dəfə sentybarın 27-də təyin edə bildi. Artıq başqan olmaq istəyənlərin seçimlərinə də start verilib.

İsa Qəmbərin postuna ən real namizəd kimi onun yaxın partiyadaşı Arif Hacılı göstərilsə də gənc siyasətçi Tural Abbaslı, Nüşabə Sadıxlı, Qubad İbadoğlu, Yadigar Sadıqov və Səxavət Əlisoy da başqanlığa iddialı görünürlər.

Seçimlərdə ən diqqət çəkən məqam isə partiyanın digər funksionlərinin Gülağa Aslanlı, Tofiq Yaqublu və ən əsası sabiq deputat Arzu Səmədbəylinin prosesə qatılmamasıdır.G.Aslanlı saytımıza açıqlamasında Arif Hacılıya görə, namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi. O, seçimlərdə digər partiya fəallarını deyil, məhz Arif Hacılını dəstəkləyəcəyini bildirib. Çox güman ki, hazırda həbsdə olan T.Yaqublu da İsa Qəmbərin Arif Hacılı seçimini dəstəkləməli olacaq.

Diqqətçəkən məqam partiyanın tanınmış funksioneri, Müsavat Ali Məclisinin sədri Arzu Səmədbəylinin proseslərdən kənarda qalmasıdır. Seçimlər başlayandan A.Səmədbəyli gözə dəymir. O nə partiya iclaslarında iştirak edir, nə də mətbuata çıxaraq öz mövqeyini bildirir. Halbuki A.Səmədbəyli başqanlıq müzakirələrində Arif Hacılıya qarşı güclü rəqib göstərilirdi.

Xatırlayırsınızsa A.Səmədbəyli bundan öncəli açıqlamalarından seçimlərə qatılacağını dolayası yolla bəyan etmişdi. O, seçimini prosesə start veriləndən sonra bildirəcəyini deyirdi. Seçimlər başladı, amma Arzu bəydən bir səs yoxdur...

Vaxtilə Milli Məclisdə Müsavatı təmsil edən sabiq deputatın partiyada kifayət qədər nüfuzu və tərəfdarı var. Onun başqan olmasını istəyənlər heç də Arif Hacılını dəstəkləyənlərdən az deyil. Bu baxımdan onun seçimlərdə iştirakı gözlənilirdi.

Səmədbəyli niyə başqan olmaq istəmir?

“General olmaq istəməyən əsgər hərbçi ola bilməz”

Siyasi kluarlarda gəzib dolanan söhbətlərə görə, Arzu Səmədbəylinin başqanlığa namizəd olmamasının ilginc səbəbləri var. Ehtimal edilir ki, partiya başqanı İsa Qəmbər Arif Hacılını dəstəkləyir və öz kreslosunda onu görmək istəyir. Bunu İsa Qəmbərin partiyadakı çıxışlarından və susqun addımlarından sezmək o qədər də çətin deyil. Bu baxımdan İsa Qəmbərin açıq mübarizədə Arif Hacılını dəstəkləməsi Arzu Səmədbəylinin ürəyincə olmayıb. Odur ki, Səmədbəyli “onsuzda qalib gələ bilməyəcəm” deyə fikrindən yayınaraq başqanlıq iddiasından vaz keçib.

Müsavatın Divan üzvü, başqanlığa namizəd Tural Abbaslı Səmədbəylinin başqan olmaq istəmədiyini təsdiqləyib.

“Arzu Səmədbəyli hazırda ölkədə deyil. Məndə olan məlumata görə Türkiyədədir. Namizəd olub-olmayacağına gəlincə isə, bildiyimə görə onun namizəd olmaq fikri yox idi”.
T.Abbaslı vurğulayıb ki, başqanlığa namizəd olmaq istəyənlər sentyabrın 17-ə qədər özü ərizəsini təqdim etməlidir:

“Arzu bəy Azərbaycanda olmadığına görə ərizəni özünün təqdim etməyi fiziki olaraq mümkün deyil. Amma xüsusi hal kimi ona şərait yaratmaq olar ki, ərizəsini versin. Amma o, hələ ki, müraciət etməyib və bildiyimə görə, namizəd olmaq fikri yoxdur”.

Göründüyü kimi Arzu bəyin seçimlərdən çıxdaş edilməsi təsadüf görünmür. Bu ehtimal edilir ki, İsa Qəmbər-Arif Hacılı planının tərkib hissəsidir. Çox güman ki, İsa Qəmbər kreslosunu Arif Hacılıya verməklə öz diktəsini partiyadan əskik etməyəcək. Yəni, o partiyanı idarə edən gizli qəhrəman obrazından çıxış etmək eşqinə düşüb. Bu isə təbii ki haqlı narazılıqlara, partiyadaxili intriqalara yol aça bilər. İsa Qəmbərin cızdığı bu planın digər partiya üzvləri tərəfindən qəbul edilməyəcəyi gün kimi aydındır. O səbəbdən qurultaydan sonra Müsavatı nələrin gözləyəcəyini yəqin ki, İsa Qəmbər də gözəl dərk edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti