2 aylıq körpəni oğurlayan qadın tutuldu - Rəsmi

2 aylıq körpəni oğurlayan qadın tutuldu - Rəsmi
  03 Sentyabr 2014    Oxunub:1924
Baş Prokurorluq Və Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidməti Sumqayıtdakı adam oğurluğu hadisə ilə bağlı birgə məlumat yayıb.
AzVision.az-a Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova DİN-in “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanib.

Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.

Orada vətəndaş Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar.

Yaranmış fürsətdən istifadə edən X.Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


AzVision.az



Teqlər:  





Xəbər lenti